BDU-nun Hüquq fakültəsi Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı bəyanat yaydı


  • 27 Yanvar 2023 17:19

Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı bəyanat yayıb.

E-huquq.az xəbər verir ki, bəyanatda deyilir:

"Son dövrlərdə xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə qarşı həyata keçirilən hücumlar ciddi narahatçılıq doğurur. Dövlətin bu mühüm xarici əlaqə orqanının və onun personalının yerləşmə dövləti tərəfindən mühafizəsi həm beynəlxaq hüquq, həm də dövlətdaxili hüquqdan irəli gələn bir öhdəlikdir. Bu sahədə yerləşmə dövlətinin hər hansı bir hərəkətsizliyi, zəruri tədbirləri görməməsi həmin dövlətin beynəlxalq hüquqi məsuliyyətini doğura bilər. Belə ki, beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı həyata keçirilən qəsdlər beynəlxalq xarakterli cinayətdir. Bu kateqoriya cinayətlər fiziki şəxslər tərəfindən həyata keçirilsə də, dövlətin məsuliyyəti fiziki şəxslərin məsuliyyətinin təmin edilməməsindən və fəaliyyətsizliyindən yaranır.

İlk növbədə qeyd edək ki, xarici diplomatik nümayəndəliklərin və onların personalının mühafizəsi 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 22 və 29-cu maddələri əsasında yerləşmə dövləti üzərinə qoyulan birbaşa öhdəlikdir. Beynəlxalq hüquqa əsasən bu öhdəlik Konvensiyada imperativ norma şəklində təsbit olunub. 22-ci maddədəki aktiv öhdəliyə əsasən yerləşmə dövləti nümayəndəliyin binasını hər cür müdaxilədən və zərər vurulmasından qorumaq üçün və nümayəndəliyə hər cür qəsdin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir. BMT Beynəlxalq Hüquq Komissiyasının Vyana Konvensiyasının bu maddəsinə olan şərhində deyilir ki, “diplomatın olduğu dövlət basqın, həmlə haqqında qabaqcadan məlumata malikdirsə və ya həmin hücumların mümkünlüyünü görə bilirsə, başqa şəraitdə qəbuledilməz hesab olunan tədbirləri görməsi vacibdir (məsələn, xüsusi gücləndirilmiş mühafizə ayrılması və s.). Yəni, yerləşmə dövlətindəki şəraitdən və şərtlərdən asılı olmayaraq bu dövlət ərazisindəki xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. Bu nəticə öhdəliyidir və hansı vasitələrdən istifadə olunmasından asılı olmayaraq təmin edilməlidir. Əks təqdirdə dövlətin bu mühüm xarici əlaqə orqanlarının normal fəaliyyəti mümkünsüzdür.

Diplomatik nümayəndəliklərin və onun personalının toxunulmazlığını və müdafiəsini təmin etmək ən mühüm və aktual məsələ kimi BMT Baş Assambleyasının bir çox sessiyalarında müzakirə olunmuş və müvafiq sənədlər qəbul edilmişdir. Diplomatik nümayəndəliklərin toxunulmazlığı məsələsi ilə bağlı BMT-nin Baş Katibi tərəfindən hazırlanmış “Beynəlxalq hüquq icmalı” adlanan sənəddə də deyilir ki, diplomatik agentin, dövlət nümayəndəsinin şəxsiyyətinə qarşı müəyyən qruplar tərəfindən edilən faktiki hücumlar zamanı yerli dövlətin hökuməti toxunulmazlığı bərpa etmək və hüquq pozuntusunu törədəni cəzalandırmaq üçün bütün tədbirləri həyata keçirməlidir. Göründüyü kimi yerləşmə dövləti bu situasiyada belə hücumların qarşısını almaqla yanaşı aidiyyəti şəxslərin müəyyən edilməsi və cəzalandırılması sahəsində də öhdəlik daşıyır. Yeri gəlmişkən dövlətin bu öhdəliyi 1973-cü il Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya müvafiq olaraq da müəyyən edilmişdir. Bu Konvensiya, beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı qəsdlərin qarşısını almaqla yanaşı onlara qarşı qəsdlərdə günahkar bilinənlərin cəzalandırııması öhdəliyini də xüsusi olaraq müəyyən edir.

Yerləşmə dövlətinin yuxarıda göstərilən məsələlərlə bağlı məsuliyyəti 2001-ci ildə Beynəlxalq Hüquq Komissiyasının BMT-nin Baş Assambleyasına təqdim etdiyi Beynəlxalq hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında maddələr layihəsinə əsasən də müəyyən olunur. Bu sahədə dövlətin məsuliyyəti onun orqanlarının hərəkət və ya hərəkətsizliyindən yaranır və müvafiq əməl beynəlxalq hüquq pozuntusunun obyektiv elementini təşkil edir.

Beynəlxalq hüquqi baxımdan bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilən terror aktı İran tərəfindən bir sıra beynəlxalq hüquq normalarının kobud pozuntusu və bu dövlətin beynəlxaq hüquqi öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir, bu isə birbaşa İran dövlətinin beynəlxalq hüquqi məsuliyyətini doğurur".

Oxşar xəbərlər