- 17 İyul 16:12
Vəkil müstəqildir. Onun aid olduğu əksər məsələlərdə tam şəkildə müstəqil olması əsas şərtdir (“Avropa vəkillərinin davranış qaydaları”, bənd 2.1.1). Həmçinin vəkil yalnız qanunun tələbinə tabedir. Bu prinsip “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda da təsbit olunmuşdur (maddə 15, hissə 1). Qanunun tələbi ilk növbədə vəkilin istər maddi, istərsə də prosessual hüquq normaları çərçivəsində fəaliyyət göstərməsi üçün zəruri olan göstərişlərdən ibarətdir. Vəkilin bu göstərişlər çərçivəsində fəaliyyət göstərməsi, özlüyündə peşəyə məxsus etik davranış qaydalarına da riayət edilməsini təmin edir. Yəni qanunun tələbinin arxasında elə bir etik davranış qaydası dayanır ki, bu, vəkilə daha diqqətli, məsuliyyətli və peşəkar olmağı xatırladır.
Təcrübə göstərir ki, bəzən məhkəmədə baxılan mübahisələr zamanı tərəflər (əksər hallarda tərəfi təmsil edən şəxslər) güclü emosional təsir altında olurlar. Bu təsir istər məhkəmədən öncə, istərsə də məhkəmə prosesi zamanı nümayiş etdirilməklə bir məqsəd daşıyır: tərəf məhkəmə prosesini şəxsi intiqam, inciklik və ya qəzəb müstəvisində görür. Bəzən bu cür münasibətlə qarşı tərəflə yanaşı, məhkəmə prosesində iştirak edən vəkil və məhkəmə iclasına sədrlik edən hakim də qarşılaşmalı olur.
Emosional təsir altında olan tərəf ona hüquqi yardım göstərən vəkildən müəyyən mənada istifadə etmək niyyətinə düşür və bəzi hallarda buna nail olur. Belə ki, tərəf vəkildən məhkəmə iclasındakı çıxışında, yaxud tərtib etdiyi prosessual sənədlərdə qeyri-etik ifadələrin işlədilməsini tələb edir və bu tələbin vəkilin öhdəliyindən irəli gəldiyini bildirərək israr edir. Təəssüf ki, bəzən vəkillər bu tələbin doğru olduğu qənaətinə gələrək yanlış qərar qəbul edirlər. Nəticədə onlar istər çıxışlarında, istərsə də tərtib etdikləri prosessual sənədlərdə etik olmayan ifadələrə, eləcə də heç bir sübuta əsaslanmayan faktlara istinad edirlər. Bununla da vəkillik peşəsinin fundamental sütunlarından biri olan müstəqillik prinsipinə yad davranış nümayiş etdirir, istər tərəf-vəkil, istərsə də hakim-vəkil münasibətlərində peşə etikası prinsiplərinin tələblərindən kənara çıxaraq bu münasibətlərə zərbə vururlar.
Vəkilin öz müstəqilliyini itirərək tamamilə müvəkkilin emosional və ya qeyri-hüquqi təsiri altına düşməsi yolverilməzdir. Unutmaq olmaz ki, vəkil müvəkkilinə hüquqi yardım göstərən şəxsdir, eyni zamanda ali təhsilli və müvafiq iş təcrübəsi olan hüquqşünasdır. O, müvəkkilinin hər dediyini icra edən şəxs deyil və onun qanuni olmayan, yaxud qeyri-etik tapşırıqlarını yerinə yetirməyə borclu deyildir. Müvəkkilin subyektiv ambisiyalarından, incikliklərindən və ya digər tərəfin (hakimin) şəxsiyyətinə, işgüzar nüfuzuna yönəlmiş əsassız şübhələrindən doğan fikirləri rəsmi prosessual sənədlərə köçürmək vəkilin peşə etikası ilə bir araya sığmır.
Vəkil, müvəkkilinin hüquqi baxımdan əsassız olan, qarşı tərəfi və ya məhkəməni ləkələməyə yönəlmiş taktikalarını (gedişlərini) rədd etməyi bacarmalıdır. Bu, peşəkar hüquqi yardım göstərməyə ziyan vurmur, əksinə, birbaşa ona xidmət edir. Çünki müvafiq beynəlxalq təcrübə də bu istiqamətdə formalaşmaqdadır. “Avropa vəkillərinin davranış qaydaları”na nəzər yetirsək, bu cür yanaşmanın etik davranış kimi müəyyən edilməsinin şahidi olarıq. Məhz həmin qaydaların 2.8-ci bəndinə görə, vəkil üzv ölkənin və ərazisində fəaliyyət göstərdiyi digər üzv ölkənin qanunlarının imkan verdiyi həddə, habelə tabe olduğu peşə davranışı qaydaları çərçivəsində öz müştərisi qarşısındakı məsuliyyətini məhdudlaşdıra bilər. Lakin təcrübə göstərir ki, bəzi hallarda vəkillər buna şərait yaradır və çıxışlarında, eləcə də hazırladıqları prosessual sənədlərdə bu cür hallara yer verməkdən çəkinmirlər.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.06.2026-cı il tarixli 2(3-6)-../2026 nömrəli qətnaməsində belə hallardan birinə prinsipial münasibət bildirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin vəkili işə baxan hakimin əvvəllər başqa şəhər məhkəməsində işləməsini, eləcə də iş üzrə iddiaçının həmin şəhərdən olmasını əsas gətirərək, hakimin işə ədalətli və qanuni baxacağına şübhə doğuran halların mövcudluğu barədə etiraz təqdim etmişdir. İşə baxan hakim etirazı baxılmamış saxlamışdır. Bundan sonra cavabdehin vəkili məhkəmənin iddianın təmin edilməsi barədə qətnaməsindən apellyasiya şikayəti vermiş və qətnamənin əsassızlığına dəlalət edən hallardan biri kimi etirazda qeyd olunan xüsusatları göstərmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə (bənd 26): “...cavabdehin vəkilinin işə baxan hakimin bu işdən təqribən bir neçə ay əvvəl N. şəhərində hakim işləməsi, iddiaçının da oradan olması və orada yaşaması, həmçinin verdiyi vəsatətlərin təmin olunmaması səbəbindən hakimin işə ədalətli və qanuni baxacağına dair şübhə yaratdığına görə onun işə baxmasına etiraz etməsi və bu barədə elektron məhkəmə sistemi vasitəsilə etiraz ərizəsi əlavə olunması, lakin məhkəmə tərəfindən cavabdehin etirazına hüquqi qiymət verilmədiyi barədə dəlillər iddianı əsassız, apellyasiya şikayətini isə əsaslı edə bilməz. Çünki cavabdeh yaxud vəkili bəyan etdiklərinə dair məhkəməyə heç bir sübut təqdim etməyib. Cavabdehin, xüsusən işdə xüsusi prosessual statusu olan vəkilin yoxlanılmayan və həqiqiliyi təsdiq olunmayan bu cür dəlillərdən istifadə edərək məhkəmə hakimiyyətinin subyekti olan hakim barədə mənfi fikir formalaşdırması yolverilməz sayılır. Başqa sözlə, vəkil müvəkkilinin ona hansısa formada təsiri nəticəsində apellyasiya şikayətində vəkil etikası ilə bir araya sığmayan dəlilləri göstərə bilməz. Cavabdehin yaxud vəkilin mövqeyindən belə çıxır ki, hansısa hakim işlədiyi regionda doğulan və orada yaşayan şəxslərlə bağlı işlərə baxa bilməz yaxud baxması ona etiraz etmək üçün əsas yaradır. Əlbəttə ki, bu cür yanaşma hüquqa uyğun sayılmadığı üçün qeyd olunan dəlillərdən istifadənin özü qəbuledilməzdir”.
Vəkil tərəfindən digər tərəfin (yaxud hakimin) şəxsiyyətinə və işgüzar nüfuzuna yönəlmiş bu cür münasibətin etik davranış qaydaları ilə ziddiyyət təşkil etməsinə dair Vəkillərin İntizam Komissiyasının müvafiq rəyləri də mövcuddur. Təcrübə göstərir ki, nəinki apellyasiya şikayətində, hətta məhkəməyə təqdim edilən iddia ərizəsinə etirazda (Vəkillərin İntizam Komissiyasının 29.11.2024-cü il tarixli rəyi), həmçinin digər prosessual sənədlərdə (Vəkillərin İntizam Komissiyasının 08.06.2026-cı il tarixli rəyi) vəkillər tərəfindən etik olmayan ifadələr işlədilmiş və bu hərəkətlər pozuntu kimi qiymətləndirilmişdir.
Məsələn, Vəkillərin İntizam Komissiyasının 29.11.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, vəkil N. məhkəmədə baxılan mülki iş üzrə cavabdehin vəkili olmuş və iddia ərizəsinə qarşı etiraz qeydləri tərtib edərək imzalamışdır. Sözügedən etiraz qeydlərində iddiaçının şəxsiyyəti barəsində müəyyən qeyri-etik ifadələr işlədilmişdir.
Komissiya hesab etmişdir ki: “...etiraz qeydlərində qeyd olunan ifadələr, xüsusən də hazırkı intizam işi üzrə iddiaçının şəxsiyyəti barəsində işlədilən ifadələr qeyri-etik, kobud və nalayiq olmaqla olduqca sərtdir, eyni zamanda vəkil tərəfindən işlədilməsi arzu olunmayan və vəkil adına yaraşmayan sözlərdir. Bu sözlər ağırlığı ilə vəkilin xüsusi əhəmiyyət daşıyan ifadə azadlığının sərhədlərini aşaraq onun peşə nüfuzuna mənfi təsir göstərmişdir. Sözügedən ifadələr qeyri-etik xarakterli olmaqla yanaşı, əsassız və sübuta söykənməyəndir. Bu isə mülki iş üzrə proses iştirakçılarında iddiaçı barəsində düzgün olmayan və arzuolunmayan fikirlərin formalaşmasına səbəb olmuş, şəxsin nüfuzuna xələl gətirməklə yanaşı, eyni zamanda vəkilliyin nüfuzuna da mənfi təsir etmişdir. Belə ki, vəkillik institutu daha çox vəkillərin peşə fəaliyyəti ilə bağlı davranışında cəmiyyət, eyni zamanda ayrı-ayrı fərdlər tərəfindən müsbət əməlləri ilə xatırlanmasında maraqlıdır ki, bu hal həm vəkilin, həm də vəkilliyin nüfuzunun artmasına xidmət edir. Bu halın əksi olaraq, vəkilin peşə fəaliyyətini həyata keçirərkən arzuolunmayan davranışı cəmiyyətdə, eləcə də ayrı-ayrı şəxslər tərəfindən mənfi rəyin formalaşmasına və vəkilliyin nüfuzunun aşağı düşməsinə gətirib çıxarır”.
Digər bir intizam işində Vəkillərin İntizam Komissiyasının 12.06.2026-cı il tarixli rəyində müəyyən edilmişdir ki: “...qaydalar vəkilə hüquqi yardımını yalnız hüquq çərçivəsində həyata keçirməyi tövsiyə edir. Məhz bu prinsiplərin təsdiqi kimi qanunvericilik müəyyən prosessual sənədlərin hazırlanmasını (məsələn, mülki işlər üzrə kassasiya şikayətini və s.) müstəsna olaraq vəkilə həvalə etmişdir. Nəzərə alınmalıdır ki, iddia ərizəsi də prosessual sənəd sayılmaqla, onun hazırlanması üçün vəkilin məcburi iştirakı tələb olunmasa da, əgər həmin ərizə vəkil tərəfindən hazırlanırsa, o zaman vəkil işin halları ilə yanaşı, yalnız maddi və prosessual hüquq normalarına toxunmaqla kifayətlənməlidir. Mübahisəli ərizədə isə vəkil S. ərizəni vəkil qismində hazırlayıb imzalamasına baxmayaraq, işin halları, maddi və prosessual hüquq normaları ilə yanaşı, cavabdeh və onun ailə üzvləri barəsində qeyri-etik və arzuolunmayan ifadələr işlətmişdir”.
Nəzərə alınmalıdır ki, məhkəmə icraatında hakim-vəkil münasibətlərinin etik çərçivədə qurulması sadəcə iki peşə sahibinin bir-birinə qarşı nəzakətli davranışı deyil, ədalət mühakiməsinin effektivliyini, qanunçuluğu və cəmiyyətin hüquq sisteminə olan inamını təmin edən fundamental şərtdir. Məhz buna görə etik sərhədlərin hər iki peşə daşıyıcısı tərəfindən gözlənilməsi olduqca önəmlidir. Çünki hakim və vəkil prosesin fərqli funksiyalarını yerinə yetirən, lakin eyni ali məqsədə — ədalətin bərqərar olmasına xidmət edən iki əsas sütundur. Odur ki, vəkilin ədalət mühakiməsini tənqid etmək hüququna diqqət yetirmək xüsusilə önəmlidir. Bununla bağlı Vəkillərin İntizam Komissiyasının 03.07.2026-cı il tarixli rəyində göstərilmişdir ki: “Ümumi hüquqi-etik yanaşmaya görə, vəkillər hüquq müdafiəçisi kimi öz ictimai çıxışlarında məhkəmə sistemi və dövlət orqanlarının fəaliyyətini tənqid etmək hüququna malikdirlər və bu hüquq birbaşa olaraq vəkilin müstəqilliyinə xidmət edir. Bu hüquq ifadə azadlığının (müdafiə hüququnun) tərkib hissəsidir və xüsusilə ictimai maraq doğuran məsələlərdə (məsələn, hüququn aliliyi, ədalətin bərqərar olması və s.) daha geniş istifadə olunur. Eyni zamanda nəzərə almaq lazımdır ki, vəkillər öz ictimai çıxışlarında həm də peşənin nüfuzunu qormalı, məhkəmələrə və dövlət institutlarına hörmətlə yanaşmalı, ifadələrində etik davranış qaydalarına riayət etməlidirlər. Çünki etik davranış qaydaları tənqidin nəzakətli, əsaslandırılmış və hüquq peşəsinin nüfuzuna zərər vurmayacaq formada ifadə olunmasını tələb edir”.
Mövzu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) də mühüm yanaşmaları mövcuddur. Məhkəmənin mövqeyinə görə, Vəkillər Kollegiyası üzvlərinin peşəsinin xüsusi təbiəti nəzərə alınmalıdır; məhkəmə köməkçiləri (ədalət mühakiməsinin iştirakçıları) qismində onlar məhkəmədə işlərin şifahi təqdimatı zamanı eksklüziv çıxış və toxunulmazlıq hüququndan faydalanırlar, lakin onların davranışı təmkinli, vicdanlı və şərəfli olmalıdır (“Casado Coca İspaniyaya qarşı” (1994) işi üzrə qərar, bənd 46). Həmçinin vəkillərin cəmiyyətdə ədalət mühakiməsi ilə bağlı rəy bildirmək hüququna sahib olmasına baxmayaraq, onların tənqidi müəyyən sərhədləri aşmamalıdır. Bundan başqa, hüquqşünasların məhkəmə zalında ifadə azadlığı hüququ qeyri-məhdud deyil və ədliyyənin nüfuzu kimi mühüm maraqlar bu hüququn məhdudlaşdırılması üçün kifayətdir (“Kyprianou Kiprə qarşı” (2005) işi üzrə qərar, bənd 175).
Bu istiqamətdə Avropa İnsan Hüquqları Məhkəməsinin son dövrlərdə qəbul etdiyi qərarlarda da eyni mövqeyi müşahidə etmək mümkündür. Məsələn, “Raspoviç Xorvatiyaya qarşı” (2026) işi üzrə məhkəmənin 04.06.2026-cı il tarixli qərarı buna əyani sübutdur. İş üzrə ərizəçi olan vəkil, tərəf olduğu iş üzrə hakimi “açıq-aydın öz işini görmək istəməməkdə” və “iddia ərizəsindəki qeydi düzgün oxumamaqda və görməməkdə (ki, bu, iddiaçının deyil, məhkəmənin problemidir)” günahlandırmışdır. Məhkəmə vəkili şikayətdə səsləndirdiyi ifadələrə görə 3000 HRK (HRK – Xorvatiyanın 2023-cü ilə qədər rəsmi pul vahidi olan Xorvatiya kunası (Hrvatska kuna) üçün istifadə edilən beynəlxalq valyuta kodudur) cərimə etmişdir. Cərimə qərarından verilən şikayətdə vəkil vurğulamışdır ki, sadəcə olaraq hakimin işini tənqid etmişdir. O, həmçinin israrla bildirmişdir ki, hakim “öz işini görmür”, “məhkəmədə tamamilə heç nə etmir” və “öz səlahiyyətlərindən sui-istifadə edib”.
Vəkil şikayətdə yazmışdır: “...Əgər bu hakim öz işini görürsə (hansı ki, görmür), o zaman mən 3000 HRK-nı dövlət büdcəsinə ianə etməkdən məmnun olaram. Bir şərtlə ki, həmin vəsaitlər dərhal [hakim M.P.-yə] uğurlu işinə görə mükafat formasında yenidən bölüşdürülsün... o zaman mən 3000 HRK ödədiyimə təəssüflənmərəm. Lakin o, mənə ən yüksək məbləğdə cərimə tətbiq etsə belə, bu, hakimin məhkəmədə tamamilə heç nə etməməsi faktını, reallığını və həqiqətini dəyişməyəcək... Bunun nəticəsidir ki, məhkəmə sədri [Hakim M.P.-ni] iş yükündən azad edir və bu işləri digər hakimlərə həvalə edir. Bu nəyi göstərir? Hakim öz işini görür, ya yox? [Hakim M.P.] hakim vəzifələrini icra edərkən öz səlahiyyətlərindən sui-istifadə etmişdir. O, ona həvalə edilmiş işlər üzərində işləmir...” Məhkəmə şikayətdə səsləndirdiyi ifadələrə görə vəkili məhkəməyə hörmətsizlikdə təqsirli bilmiş və onu yenidən (10000 HRK) cərimələmişdir.
Avropa İnsan Hüquqları Məhkəməsi hesab etmişdir ki: “...daxili məhkəmələr ərizəçinin ifadələrini onların səsləndirildiyi kontekst və platforma çərçivəsində düzgün qiymətləndirə bilməmişlər. Bu baxımdan Məhkəmə qeyd edir ki, ərizəçi mübahisəli ifadələri müştərisinin iddiasını rədd edən qərara qarşı apellyasiya şikayəti verdiyi məhkəmə icraatı kontekstində səsləndirmişdir. Onun digər qeydləri isə cərimə ilə bağlı icraat çərçivəsində edilib və yuxarıda qeyd olunan şikayətdə istifadə edilən dilin əsaslandırılmasına xidmət edib. Beləliklə, onun ifadələri vəkil kimi onunla apellyasiya məhkəməsi arasındakı daxili ünsiyyətin bir hissəsi idi ki, bundan geniş ictimaiyyətin xəbəri yox idi və müştərisinin hüquqlarının müdafiəsinə yönəlmişdi”.
Eyni zamanda Məhkəmə belə bir qənaətə gəlmişdir ki: “...məhkəmələr də digər dövlət qurumları kimi tənqid və araşdırmalardan kənarda qalmır. Lakin tənqid və təhqir arasında aydın fərq qoyulmalıdır. Hazırkı işdə ərizəçinin ifadələri göstərir ki, o, mülki icraatın iddia edilən həddindən artıq uzunluğundan şikayət etmişdir. O, mülki prosesdə icraatı sürətləndirmək üçün bir neçə hüquqi müdafiə vasitəsinə müraciət etdiyini göstərən sübutedici sənədlər təqdim etmişdir ki, bu da onun fikrincə, heç bir nəticə verməmişdir. Bu hallarda Məhkəmə, ərizəçinin hər iki şikayətində daxili icraatın aparılması qaydasından narazılığını ifadə etməyə davam etməsi barədə arqumentini qəbul edir. Mübahisəli ifadələrin "kəskin tonda" edildiyi doğru olsa da, ədalət mühakiməsinin həyata keçirilməsini şərh edərkən belə bir dildən istifadə 10-cu maddəyə uyğun olaraq qiymətləndirilmişdir. Yuxarıda deyilənləri nəzərə alaraq, Məhkəmə ərizəçinin sərt ifadələrinin yalnız məhkəməni təhqir etmək məqsədi daşıdığı kimi qəbul edilə bilməyəcəyini qeyd edərək daxili məhkəmələrin gəldiyi nəticə ilə razılaşa bilməz”.
“Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamənin tələblərinə görə, vəkil qanunun yol verdiyi həddə ona həvalə olunmuş tapşırıqları vicdanla yerinə yetirməli, həmçinin ədalət mühakiməsinin maraqlarına xidmət etməlidir (bənd 2.1).
Vəkil hər zaman (“Vəkillərin roluna dair əsas Prinsiplər”, bənd 15) hüquqi yardım göstərdiyi şəxsin maraqlarına hörmətlə yanaşmalı (“Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamə, bənd 2.15), məhkəməyə, cinayət prosesini həyata keçirən orqanlara və digər proses iştirakçılarına qarşı hörmət və nəzakətlə davranmalı, müvəkkilinin maraqlarını şərəflə, ləyaqətlə müdafiə etməli və bu zaman özünün və digər şəxslərin maraqlarını üstün tutmamalıdır (“Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamə, bənd 4.3). Hətta vəkilliyin maraqlarının vəkilə müraciət etmiş şəxsin maraqlarından üstün tutulmasına əsas verilməməlidir (“Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamə, bənd 5.1).
Təbii ki, bütün bu hallarda peşə etikası önəmlidir və peşə etikası normaları vəkil tərəfindən rəhbər tutulmalıdır (“Avropa vəkillərinin davranış qaydaları”, bənd 2.7). Həmçinin vəkil onun müstəqilliyinə xələl gətirə biləcək hərəkətlərdən çəkinməli və öz peşə standartlarını müştərisinin, hakimin və ya üçüncü şəxslərin maraqlarına qurban verməməlidir (“Avropa vəkillərinin davranış qaydaları”, bənd 2.1.1).
Göründüyü kimi, vəkilin hüquqi yardım göstərdiyi şəxsin maraqlarına hörmətlə yanaşması və onu digər maraqlardan üstün tutması nəzərdə tutulsa da, bu, həmin maraqlar xatirinə bütün tapşırıqların icra edilməsi demək deyil. Vəkil hüquqi yardım göstərdiyi şəxsin qanuna, mənəviyyata və peşə etikasına zidd olan tapşırığını rədd etmək hüququna malik olduğunu unutmamalıdır. Çünki vəkilin hüquqi yardım üçün müraciət etmiş şəxsin yalnız qanuni maraq və mənafeyini müdafiə etmək hüququ mövcuddur (“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun, maddə 15, hissə 2).
Qanuni maraq isə heç zaman peşə qaydalarına zidd ola bilməz. Əksinə, vəkillik fəaliyyəti insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir (“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun, maddə 5, hissə 1).
Həmçinin diqqətdən kənar saxlamaq olmaz ki, vəkilin müdafiə etdiyi şəxslər qarşısında vəzifələrinə müvəkkilinə onun qanuni hüquq və öhdəlikləri barədə, habelə bu hüquq və öhdəliklərə uyğun gələn hüquq sisteminin işinə dair məsləhətlərin verilməsi daxildir (“Vəkillərin roluna dair əsas Prinsiplər”, bənd 3(a)).
Paşa Səfərov
Vəkillərin İntizam Komissiyasının üzvü,
Vəkillərin Deontologiya Komitəsinin sədri