- 14:13
Vəkil-müştəri münasibətlərinin əsas təminatlarından biri müştərinin vəkilə etibar etdiyi məlumatların sirr kimi qorunmasıdır. Bəs müştərinin vəfatından sonra vəkil sirrinin qorunması davam edirmi? Mərhumun övladları və digər vərəsələri onun vəkillə münasibətlərinin təfərrüatlarını, görülmüş işləri və vəkilin əlində olan sənədləri tələb edə bilərlərmi? Bu suallar İsveçrə Federal Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 5A_112/2022 saylı qərarında ətraflı müzakirə olunub.
İşin halları kifayət qədər maraqlıdır. Şəxs ölümündən təxminən iki il əvvəl xəstəxanaya yerləşdirilir. Həkimlər onun vəziyyətini nəzərə alaraq hüquqi müdafiə tədbirlərinin görülməsini tövsiyə edirlər. Bundan az sonra o, bir vəkilə ardıcıl iki geniş məzmunlu etibarnamə verir. Etibarnamələr vəkilə onun bütün əmlakını, maraqlarını və işlərini idarə etmək, üçüncü şəxslər, o cümlədən tibb müəssisələri qarşısında onu təmsil etmək səlahiyyəti verirdi. Bir neçə həkim və psixiatr həmin vaxt şəxsin qərarvermə qabiliyyətinin tam olduğunu təsdiqləmişdi. Müştərinin ölümündən bir neçə il sonra onun övladları vəkildən mərhumla bağlanmış tapşırıq münasibətləri çərçivəsində həyata keçirdiyi fəaliyyətə dair sənədləri və məlumatları tələb edirlər. Vəkil isə peşə sirrinə istinad edərək məlumatların bir hissəsini təqdim etməkdən imtina edir. Beləliklə, iki hüquqi dəyər qarşı-qarşıya gəlir: bir tərəfdə vərəsələrin mərhumun hüquqlarının davamçıları kimi hesabat və məlumat tələb etmək imkanı, digər tərəfdə isə vəkilin peşə sirrini qorumaq öhdəliyi.
Federal Məhkəmə ilk növbədə mühüm bir prinsipə diqqət çəkir. İsveçrə xüsusi hüququnda ümumi və sərhədsiz “məlumat almaq hüququ” yoxdur. Şəxs hər hansı məlumatı yalnız konkret hüquqi əsasa söykənərək tələb edə bilər. Vərəsələr üçün belə hüquqi əsas miras hüququ və mərhumla vəkil arasındakı tapşırıq müqaviləsindən irəli gələn hesabat öhdəliyi ola bilər. Çünki vərəsəlik zamanı miras qoyanın əmlak hüquqları ilə yanaşı, müəyyən müqavilə hüquqları da vərəsələrə keçir. Lakin bu hüquqların vərəsələrə keçməsi mütləq xarakter daşımır və müəyyən məhdudiyyətlərə tabedir.
Vəkillə müştəri arasında münasibət, tapşırıq müqaviləsi hesab olunur və tapşırığı icra edən şəxs görülmüş işlər barədə hesabat verməli, zəruri məlumatları təqdim etməlidir. Lakin söhbət vəkilin tipik peşə fəaliyyəti zamanı əldə etdiyi məlumatlardan gedirsə, vəkil sirri vərəsələrin məlumat almaq hüququnun sərhədini müəyyən edə bilər. Qərarın ən maraqlı hissəsi məhz burada başlayır. Federal Məhkəmə vəkilin fəaliyyətini “vəkilin tipik peşə fəaliyyəti” və “vəkilin atipik fəaliyyəti” olmaqla fərqləndirir. Hüquqi məsləhət, məhkəmə və ya digər hüquqi prosedurlarda müştərinin maraqlarının müdafiəsi və təmsilçilik tipik vəkillik fəaliyyətidir. Bu çərçivədə əldə olunan məlumatlar vəkil sirri ilə qorunur. Lakin vəkilin hər gördüyü iş sırf vəkillik fəaliyyəti hesab edilmir. Vəkil eyni zamanda əmlak idarəçisi, bank komplayens fəaliyyəti üzrə məsləhətçi və ya digər inzibati-kommersiya funksiyalarını həyata keçirə bilər. Belə hallarda onun bütün fəaliyyətinin avtomatik olaraq vəkil sirri ilə qorunduğunu qəbul etmək olmaz. Federal Məhkəmənin mövqeyinə görə, qarışıq və ya geniş mandatlarda hər bir konkret fəaliyyət və hər bir sənəd ayrıca qiymətləndirilməlidir. Əsas sual budur ki, konkret işdə vəkil peşəsinə xas hüquqi elementlər üstünlük təşkil edirdimi? Əgər cavab müsbətdirsə, məlumat peşə sirri ilə qoruna bilər. Əgər fəaliyyət əslində sırf inzibati, kommersiya və ya əmlak idarəetməsi xarakteri daşıyırsa, onun sırf vəkil tərəfindən həyata keçirilməsi həmin məlumatı avtomatik peşə sirrinə çevirmir.
Məhkəmə konkret sənədlər üzrə də bu yanaşmanı tətbiq edib. Məsələn, vəkil mərhumun yazdığı kitabın nəşri ilə bağlı nəşriyyatla razılaşdırılmış müddətin uzadılması üçün yazışmalar aparmışdı. Bu fəaliyyət müqavilə münasibətlərində hüquqi təmsilçilik və məsləhət xarakteri daşıdığından, məhkəmə onu tipik vəkillik fəaliyyəti kimi qiymətləndirərək peşə sirri ilə qorunan sahəyə aid etdi. Digər tərəfdən, vəkilin mərhumun vəsiyyət icraçılarından biri ilə yazışmaları daha mürəkkəb idi. Həmin şəxs eyni zamanda mərhumun qohumu və onun yaratdığı fondun idarə heyətinin üzvü idi. Buna görə də məhkəmə hesab etdi ki, əvvəlcə müəyyənləşdirilməlidir ki,vəkil həmin şəxslə məhz vəsiyyət icraçısı kimi, fondun idarə heyətinin üzvü kimi, yoxsa başqa statusda ünsiyyət qurub? Yalnız bundan sonra həmin yazışmaların vəkil sirri ilə qorunub-qorunmadığı müəyyən edilə bilər.
Tibb müəssisələri ilə aparılan yazışmalar da eyni meyar əsasında qiymətləndirilib. Mərhumun sosial-tibbi müəssisəyə yerləşdirilməsi ilə bağlı müqavilə məsələlərində vəkilin göstərdiyi hüquqi məsləhət və təmsilçilik xidmətləri tipik vəkillik fəaliyyəti hesab olunub. Bunun əksinə olaraq, görüş vaxtının dəyişdirilməsi kimi sırf texniki və inzibati xarakterli yazışmalar hüquqi fəaliyyətə aid edilməyib. Bununla yanaşı, məhkəmə belə yazışmaların vərəsələrin tapşırığın düzgün icra olunub-olunmadığını yoxlaması baxımından zəruri olmadığını da qeyd edib.
Qərarın mühüm nəticələrindən biri də budur ki, vərəsələr vəkilin əlində olan “bütün sənədlərin və yazışmaların” təqdim edilməsini ümumi şəkildə tələb edə bilməzlər. Məhkəmənin yanaşmasına görə, tələb olunan sənədlər kifayət qədər konkret və müəyyən edilə bilən olmalıdır. Əks halda nə vəkil hansı sənədləri təqdim etməli olduğunu dəqiq müəyyən edə bilər, nə də sonradan qərarın icrasına nəzarət etmək mümkün olar. İşdə vərəsələr başqa bir arqument də irəli sürmüşdülər. Onların fikrincə, mərhum etibarnamələri verdiyi vaxt qərarvermə qabiliyyətinə malik deyildi və buna görə tapşırıq münasibəti əvvəldən etibarsız sayılmalı idi. Federal Məhkəmə bu arqumenti qəbul etmədi və burada çox mühüm prinsip ifadə etdi. Vəkil sirrinin yaranması üçün etibarlı müqavilənin mövcudluğu mütləq şərt deyil. Əsas məsələ şəxsin məlumatı qarşı tərəfə onun vəkil statusuna etibar edərək verməsidir. Başqa sözlə, tapşırıq müqaviləsinin sonradan etibarsız sayılması vəkilə peşə etimadı əsasında verilmiş məlumatların məxfiliyini aradan qaldırmır. Bu yanaşmanın vəkillik peşəsi üçün praktik əhəmiyyəti böyükdür. Vəkil sirri sadəcə müqavilədən doğan öhdəlik deyil, hüquqi yardım münasibətinə olan etimadı qoruyan daha geniş peşə institutudur. Müştəri vəkilə ən həssas şəxsi, ailəvi, maliyyə və kommersiya məlumatlarını məhz onların məxfi qalacağına inanaraq açıqlayır. Bu etimadın müştərinin ölümü ilə avtomatik aradan qalxması vəkillik institutunun mahiyyəti ilə uzlaşmazdı.
Eyni zamanda qərar vəkil sirrinin həddindən artıq geniş şərhinə də imkan vermir. Vəkil bir şəxsin əmlakını və digər işlərini idarə edirsə, onun həyata keçirdiyi hər bank əməliyyatı, inzibati yazışma və ya təşkilati hərəkət yalnız vəkil tərəfindən görüldüyünə görə peşə sirri ilə qorunan fəaliyyət hesab edilə bilməz. Federal Məhkəmə də məhz buna görə şəxsin peşə statusundan deyil, konkret fəaliyyətin mahiyyətindən çıxış edir.
Sadə desək, vəkil sirrinin sərhədini şəxsin vəkil statusu deyil, konkret halda yerinə yetirdiyi funksiyanın xarakteri müəyyən edir. Hüquqi məsləhət və təmsilçilik çərçivəsində əldə olunan məlumatlar peşə sirri ilə qorunduğu halda, əmlakın idarə edilməsi və ya sırf inzibati xarakterli fəaliyyət zamanı əldə olunan məlumatların peşə sirri ilə qorunub-qorunmaması ayrıca qiymətləndirilməlidir. Qərarın əsas nəticəsi budur ki, müştərinin vəfatı vəkil sirrinə son qoymur, vərəsə statusu isə mərhumun vəkili ilə bütün yazışmalara və sənədlərə sərbəst çıxış hüququ yaratmır. Eyni zamanda, vəkil də geniş mandat çərçivəsində həyata keçirdiyi hər bir fəaliyyəti peşə sirri ilə əhatə edə bilməz. Buna görə hər bir fəaliyyətin və sənədin xarakteri ayrıca qiymətləndirilməlidir. Bu yanaşma bir tərəfdən vəkil-müştəri münasibətlərinin əsasını təşkil edən etimadı qoruyur, digər tərəfdən isə peşə sirrindən hesabat vermək öhdəliyindən yayınmaq vasitəsi kimi istifadə edilməsinin qarşısını alır.
Mənbə: İsveçrə Federal Məhkəməsinin 22.01.2025-ci il tarixli 5A_112/2022 saylı qərarının LawInside.ch portalında dərc olunmuş hüquqi təhlili.
Vüsal Cəfərov,
Vəkillər Kollegiyasının üzvü