Vəkillər Kollegiyasının sədri Ombudsmanın təkliflərinə münasibət bildirdi


  • 10 Mart 2021 22:10

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində vəkillik peşəsinə qəbul zamanı namizədlər üçün müəyyən edilmiş tələblər siyahısından hüquqşünas ixtisası üzrə iş stajına, habelə elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyətə dair tələbin çıxarılmasını, eyni zamanda hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan, habelə dövlət qulluğunda hüquqşünas ixtisası üzrə azı 7 il fasiləsiz iş stajı olan şəxslərin yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, yalnız şifahi müsahibədən keçməklə, hakim olmuş şəxslərin isə yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil olmasına imkan yaradılmasını məqsədəmüvafiq hesab edib.

E-huquq.az Ombudsmanın təklifləri ilə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırovun fikirlərini öyrənib.

Kollegiya sədri vəkilliyə qəbulla bağlı imtahanların mütəmadi olaraq keçirilməsi nəticəsində son üç ildə vəkillərin sayının 2 dəfədən çox artdığını bildirib. A.Bağırov Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın bu irəliləyişdə mühüm rol oynadığını deyib.

“Əgər 2004-cü ildən 2018-ci ilədək təqribən 600 nəfərədək hüquqşünas vəkilliyə qəbul olunmuşdusa, təkcə son 3 il ərzində bundan qat-qat çox hüquqşünas vəkil statusu əldə edib. Bu da təbii ki, birinci növbədə cənab Prezidentin imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gəlir. Sərəncamda Vəkillər Kollegiyasına tövsiyə olunub ki, gənc hüquqşünasların vəkilliyə qəbulu ilə bağlı müntəzəm olaraq, imtahanlar keçirilsin. Kollegiya da bu tövsiyəyə uyğun olaraq, Dövlət İmtahan Mərkəzi ilə birgə imtahanlar təşkil edir. Vəkillərin İxtisas Komissiyası bununla bağlı fəal işləyir. Hər il ən azı 200-300 hüquqşünas vəkil statusu əldə edirsə, demək, işlər düzgün qurulur. Hər şey öz qaydasındadır və pozitiv dinamika ilə davam edir. Biz bütün bu psosesi çox müsbət dəyərləndiririk”, - deyə o qeyd edib.

Vəkilliyə qəbul üçün tələb olunan iş stajının azaldılmasına gəlincə, Kollegiya sədri bunun polemika predmeti olduğunu və əksər vəkillərin bu təklifi doğru hesab etmədiyini deyib: “Hesab olunur ki, vəkillər hərtərəfli, hüququn müxəlif sahələri üzrə hazırlıqlı olmalıdırlar. Çünki vəkil həm cinayət, həm mülki, həm də digər işlər üzrə hüquqi yardım göstərən şəxsdir. Konstitusiyaya görə bu hüquqi yardım yüksək keyfiyyətli olmalıdır. Təbii ki, yalnız yüksək hazırlıqlı, savadlı və hərtərəfli biliyə sahib hüquqşünaslar bu hüquqi yardımı vətəndaşlara göstərmək imkanına malikdirlər. Bu baxımdan əlbəttə ki, yalnız stajın bir qədər azaldılmasından söhbət gedə bilər. Məsələn, tələb olunan staj 3 il yox, 2 il ola bilər”.

A.Bağırov 3 illik staj tələbinin müəyyən problemlər yaratdığını da diqqətə çatdırıb və bunun aradan qaldırılması üçün stajor institutunun bərpasını təklif edib.

“Əslində 3 illik staj tələbi bizi ən savadlı kadrlardan məhrum edir. Çünki onlar staj toplamaq üçün başqa yerlərdə fəaliyyət göstərirlər və bir qismi vəkil olmaq arzusuna baxmayaraq, vəkilliyə qayıda bilmirlər. Fəaliyyətlərini olduqları yerdə davam etdirirlər. Hazırda bəzi ölkələrdə stajor institutu var ki, hüquqşünas universiteti bitirdikdən sonra bir müddət stajçı kimi fəaliyyət göstərir. Müəyyən tələblərə cavab verdikdən sonra isə vəkilliyə qəbul olunur. Bu çox müsbət bir haldır. Belə olduqda insanlar ilk gündən vəkillik fəaliyyəti ilə məşğul olmaq imkanı əldə edirlər. Bu gün bizdə o imkan yoxdur. Ona görə də stajor institutunun bərpası çox gözəl olardı”, - deyə o bildirib.

Kollegiya sədri hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi olanların vəkilliyə imtahansız qəbul olunması məsələsinə də toxunub: “Bu məsələ də əslində özü-özlüyündə mübahisəli məsələdir. Çünki hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alan şəxslər müxtəlif mövzular ətrafında araşdırma aparıblar. Bu o demək deyil ki, onlar bütün digər sahələr üzrə kifayət qədər hazırlıqlıdırlar. Bu gün həyat onu göstərir ki, heç də hər hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik olan hüquqşünas yüksək, hərtərəfli biliyə malik olmur. Söhbət yüksək keyfiyyətli hüquqi yardımdan gedirsə, hərtəfərli götür-qoy edilməli, araşdırılmalıdır. Çünki bu çox həssas məsələdir”.

Dövlət qulluğunda hüquqşünas ixtisası üzrə azı 7 il fasiləsiz iş stajı olan şəxslərin yazılı test imtahanı vermədən və icbari təlimə cəlb olunmadan, yalnız şifahi müsahibədən keçməklə vəkilliyə qəbul olunmasına gəlincə isə, A.Bağırov bunu ayrı-seçkilik kimi qiymətləndirib. Onun fikrincə, əgər belə bir addım atılacaqsa, bu təkcə dövlət qulluğunda çalışanlara deyil, digər özəl şirkətlərdə çalışanlara da şamil edilməlidir.

“7 il dövlət qulluğunda işləyən şəxs hansısa özəl bir şirkətdə 7 il fəaliyyət göstərən şəxsdən nə ilə seçilir? Dövlət qulluğunda 7 il hüquqşünas işləyən şəxs o demək deyil ki, hansısa özəl şirkətdə işləyən hüquqşünasdan daha savadlı, daha təcrübəlidir. Dövlət qulluğunda işləyənlərə xüsusi imtiyazlar verilməsi ayrı-seçkilik kimi görünə bilər. Əgər gələcəkdə belə bir qayda nəzərdə tutularsa, onda gərək yalnız dövlət qulluğunda işləyənlərə deyil, hər kəsə şamil olunsun. Bu, ümumi qaydadadır və hesab edirəm ki, ayrı-seçkiliyə yol vermək olmaz. Əks halda bu, diskriminasiya kimi görünə bilər”, - deyə Kollegiya sədri qeyd edib.

A.Bağırov hesab edir ki, dövlət orqanı və ya özəl şirkətdə çalışmasından asılı olmayaraq, hər bir şəxsin vəkillik peşəsinə yararlılığı yoxlanılmalıdır: “Hüquqşünasın vəkilliyə yararlı olub-olmaması yalnız ixtisas imtahanı verməklə yoxlanıla bilər. Əks halda onun gələcəkdə hüquqi yardım göstərməsində xoşagəlməz fəsadlar üzə çıxa bilər. Bizim keçirdiyimiz həm yazılı test, həm şifahi imtahan, həm də icbari təlimdə insanların bilik səviyyəsi artırılır. Eyni zamanda onların natiqlik qabiliyyəti də yoxlanılır. Vəkil üçün natiqlik qabiliyyəti çox böyük əhəmiyyətə malikdir. Çünki bir vəkil nə qədər bilikli olsa da, natiqlik qabiliyyəti yoxdursa, hüquqi yardım göstərdiyi şəxsi lazımi qaydada müdafiə edə bilməyəcək”.

Xəyalə Bünyatova

Oxşar xəbərlər