- 14 İyun 09:58
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov ötən gün vəkillərə müraciət edib. O, vəkilləri sosial şəbəkələrdə peşə etikasına ziddi paylaşımlar etməkdən çəkinməyə çağırıb. O, vəkillərdən məhkəmə hakimiyyətinin və digər qurumların işgüzar nüfuzunu, onların vəzifəli şəxslərinin və digər fiziki şəxslərin şərəf və ləyaqətini ləkələyə biləcək məlumatların və həmçinin reklam xarakterli məlumatların paylaşılmasından çəkinməyə və vəkil etikasının tələblərinə tam riayət etməyə çağırıb. Sədr əks təqdirdə bu cür məlumatların paylaşılmasının həmin vəkillərin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas yarada biləcəyini vurğulayıb.
E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü vəkil İlhamə Həsənova "Vəkillərin sosial şəbəkələrdə davranışları" adlı məqaləsində Anar Bağırovun müraciətinə münasibət bildirib və həmkarlarının “Vəkillərin davranış qaydaları” haqqında Əsasnamənin tələblərinə riayət etməsinin vacibliyini qeyd edib.
Həmin məqaləni təqdim edirik:
"Sosial şəbəkələrdən istifadə insan həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir, bu mənada vəkillər də həmin məkandan peşə fəaliyyətlərini həyata keçirərkən müsbət mənada yararlanırlar. Lakin göstərilən fəaliyyətdə eyni peşəkar və etik davranış standartlarına riayət etmək məcburiyyətindədir. Vəkillər Kollegiyasının öz üzvlərinin sosial şəbəkələrdə davranışları ilə ciddi maraqlanması faktı heç də vəkilin hər addıımını “güdmək” kimi yox, bu peşəni müşayət edən yüksək etik tələblərin pozulmasının qarşısını almaq məqsədi kimi qiymətləndirilməlidir.
Mən həmkarlarımın diqqətini 2014-cü ildə işlənib hazırlanmış “Sosial Şəbəkələrdə Hüquq Peşəkarları üçün Beynəlxalq Davranış Prinsipləri”nə cəlb etmək istərdim. Bu sənəddə ümumilikdə altı əsas prinsip müəyyən edilmişdir: müstəqillik, dürüstlük, məsuliyyət, məxfilik, ictimai etimadın qorunması və müəyyən davranış xətti. Həmçinin bu sənəddə vəkillərə “onlayn” və “oflayn” davranışlarına eyni şəkildə nəzarət etmək tövsiyə olunur.
Vəkillik peşəsinin müstəqillik və dürüstlük kimi etibar yaradan xüsusiyyətlərini qorumaq üçün biz vəkillər “oflayn” davranışlarımızda olduğu kimi “onlayn” davranışlarımızda da təmkinli, səbrli, nəzakətli olmalı, başqalarının şərəf və ləyaqətinə hörmət etməliyik. Vəkillik peşəsi ictimaiyyətin diqqət mərkəzində olan bir peşədir. Bu peşənin yüksək etik standartları da onun göstərilən xüsusiyyətindən irəli gəlir.
Vəkil sosial şəbəkələrdəki ünsiyyətində təqsirsizlik prezumpsiyasına, peşə fəaliyyəti ilə bağlı konfidensiallığa, ictimaiyyətə həqiqiliyi şübhə doğuran məlumatları ötürməməyə, insanları yanıltmamağa, vəkil kimi özünü reklam etməməyə, vəd verərək “müştəri” toplamamağa, icraatındakı işlərin nəticəsini cəmiyyətə “qəhrəmanlıq”, özünü isə “bütün işləri udan vəkil kimi” təqdim etməməyə diqqət yetirməli, başqalarının şərəf və ləyaqətini, işgüzar nüfuzuna ziyan gətirən, təhqir, böhtan xarakterli məlumatlar yaymaqdan çəkinməlidir.
Vəkillər cinayət təqibininin həyata keçirilməsinə mane olan hallara yol verməməkdən üçün sosial şəbəkələrdə icraatlarındakı cinayət işləri üzrə də xüsusilə diqqətli olmalıdırlar. Vəkillərin sosial şəbəkələrdə fəaliyyəti bu məkanın unikal təbiətini və onunla bağlı riskləri dərk etmələri vacibdir. Unutmaq olmaz ki, sosial şəbəkədə səhifədə yerləşdirilən istənilən məlumat istənilən vaxt, hətta silindikdən sonra da alına, yayıla və ictimailəşdirilə bilər; ifadələr və mühakimələr təhrif edilə, kontekstdən çıxarıla bilər.
Vəkillər bir qayda olaraq sosial şəbəkələrdə öz peşələri ilə tanınırlar, yəni sosial şəbəkə istifadəçisi vəkilin vəkil olduğunu bilir. Vəkil adını daşıyan hüquqşünas unutmamalıdır ki, bu peşə etibar, inamla xarakterizə olunur. Yəni konkret olaraq insanlar vəkilə daha çox inanırlar. Əgər vəkil sosial şəbəkədə desə ki, “ hakimlər rüşvətxordurlar”, onda insanlar vəkilə inanacaqlar. Yəni bu ifadəni vəkil olmayan şəxs işlətsə, ona daha az inanacaqlarlakin bu ifadə vəkilin dilindən çıxarsa, ona daha çox adam inanır. Deməli, vəkil insanların məhkəmə hakimiyyətinə inamını sarsıda bilər. Eyni zamanda onun göstərilən ifadəsi məhkəmə hakimiyyətinin nüfuzuna zərər vuran, hüquq pozuntusu, etik davranış qaydasının pozuntusu kimi qiymətləndiriləcək.
Vəkil icraatındakı işlər üzrə məhkəmə qərarlarını ictimai müzakirəyə çıxararkən də diqqətli olmalıdır. Bu müzakirələrdə konfidensiallıq qorunmalı, konkret işin halları, hüquq normalarının tətbiqi, məhkəmənin nəticəsi təhrif olunmamalı, subyektivliyə yol verilməməlidir. Əlbəttə ki, vəkil sosial şəbəkə üzərindən öz həmkarları ilə konkret kazusu müzakirə edə bilər. Lakin bu yalnız müzakirə, təhlil xarakterli daşımalı, heç bir halda sosial şəbəkə üzərindən məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına təsir kimi görünməməlidir. Təəssüf ki, bəzən sosial şəbəkələrdən hakimlərə, hüquq mühafizə orqanı əməkdaşlarına, məmurlara təzyiq kimi istifadə etmək cəhdləri ilə qarşılaşırıq. Bu cür davranış vəkil etikasına tamamilə ziddir və mütləq mənada davranış pozuntusu kimi qiymətləndirilməlidir. Vəkillər sosial şəbəkələrdə öz vəkil həmkarlarına münasibətdə də etik qaydalara əməl etməlidirlər. Vəkilin öz vəkil həmkarının peşəkarlığını şübhə altına salan paylaşımlar etməsi yolverilməzdir. Hər bir vəkil öz peşə nüfuzunu qorumağa borcludur. Buna isə yalnız başqalarının nüfuzuna,şərəf və ləyaqətinə,hüquq və azadlığına hörmət etməklə nail olmaq olar.
Vəkillər Kollegiyası vəkillərin peşə birliyi olmaqla öz üzvlərinin fəaliyyətinin etik qaydalara uyğun olmasının,vəkil peşəsinin nüfuzunun artırılmasının, insanlara yüksək keyfiyyətli hüquq yardımın reallaşdırılmasının qayğısına qalır. Bu mənada Kollegiya sədrinin vəkillərin sosial şəbəkələrdə davranışları ilə bağlı müraciəti, əlbəttə ki, vəkillərin yüksək etik standartlar çərçivəsində fəaliyyət göstərmələrinin sübutu kimi qiymətləndirilməlidir. Biz peşə birliyi olaraq müstəqilik və özümüz öz fəaliyyətimizi qururuq,tənzimləyirik. Bizim müstəqil fəaliyyətimiz etik normalar çərçivəsində həyata keçirilən etibarlılıq təminatı olan yüksək peşəkar hüquqi yardımın göstərilməsidir".