"Vəkilin "təşəkkür"ü ədalət mühakiməsinə və vəkilliyin nüfuzuna xələl gətirməməlidir"


  • 13 Sentyabr 2023 10:48

Türkiyə Respublikasının 27 iyun 1938-ci il tarixli “Vəkillik Qanunu”nun qəbulundan öncə müzakirəsi zamanı dövrün ədliyyə naziri Şükrü Saracoğlu nitqində vəkillik peşəsi barədə söyləmişdi: “...dürüstlük və nəzakət, bacarıq və xarakter hər bir peşədə zəruri sayılan keyfiyyətlərdir, amma bunların heç birində bu zərurət özünü vəkillikdə olduğu kimi şiddətlə göstərmir. Bu səbəbdən də vəkil: “söz söyləməsini bilən vicdanlı adam” kimi qələmə verilmişdir...

“Söz söyləməsini bilən vicdanlı adam” baxış bucağından nəzər yetirsək vəkilin digər qurumlar, xüsusilə ədalət mühakiməsi barəsində münasibət bildirərkən söz sərhədlərinə nəzarət etməsi vəkildən gözləniləndir. Çünki vəkil tərəfindən ədalət mühakiməsi barədə işlədilən söz ədalət mühakiməsinə və vəkilliyə təsir edəcək gücə malik olması nəzərdən qaçmamalıdır.

Avropa İnsan Hüquqları Məhkəməsinin “Kyprianou Kiprə qarşı (Kyprianou v. Cyprus)” iş üzrə 15.12.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “...vəkillərin cəmiyyətdə ədalət mühakiməsi ilə bağlı rəy bildirmək hüququna sahib olmasına baxmayaraq, onların tənqidi müəyyən sərhədləri aşmamalıdır.”

Tənqidlə yanaşı, vəkilin “təşəkkür etmək” kimi münasibət bildirmək hüququnun mövcudluğunu nəzərə alaraq, vəkilin ədalət mühakiməsi barədə müsbət fikirlər söyləməsi hüququ qeyri-məhdud deyil və müəyyən hallarda, xüsusilə ədalət mühakiməsinin və vəkilliyin nüfuzunun gözlənilməsi bu hüququn məhdudlaşdırılması üçün kifayət edə bilər.

Vəkilin ədalət mühakiməsi, o cümlədən hakimlər barəsində “təşəkkür”ü (xüsusilə bu təşəkkür kütləvi informasiya vasitələrində yayımlanırsa) müəyyən sərhədləri keçməməli, ədalət mühakiməsinin, xüsusilə vəkilliyin nüfuzuna xələl gətirməməli və zərurət olduğu hallarda edilməlidir.

Məhkəmənin icraatında olan işlər üzrə qəbul olunmuş qərar, yaxud işə baxan hakimin davranışı ilə bağlı vəkil münasibət bildirərkən, istər ədalət mühakiməsinə, istərsə də iş üzrə tərəflərə hörmət və nəzakətlə davranmalı olduğunu unutmamalı, qanunauyğun davranış nümayiş etdirməsinə hər hansı bir şübhə yaratmamalıdır.

Həmçinin, vəkilin “təşəkkür” bildirməsinə əsas olan hərəkətin mövcudluğunda vəkilin özünün zəhmətinin mövcud olub-olmaması müəyyən edilməli, mövcudluğu halında unudulmamalı və “təşəkkür”də vəkilin özünün də payının olması nəzərdən qaçmamalıdır.

“Təşəkkür” inandırıcı, həqiqəti əks etdirən və hər hansı bir məqsəd (təşəkkür altında vəkil reklamının gizlənməsi və s.) güdülmədən həyata keçirilməklə yanaşı, cəmiyyətdə, xüsusilə məhkəmənin baxdığı işlər üzrə tərəflərdə vəkil barəsində müəyyən şübhələr yaratmamalı, vəkilin etimadına ziyan gətirməməlidir.

Odur ki, vəkil tərəfindən “təşəkkür” məqsədi ilə işlədilən fikirlərə xüsusi önəm verilməli, onlar təsdiqedici sübutlarla, həmçinin olduqca sadə və anlaşılan məna kəsb edən sözlərlə ifadə olmalıdır.

Paşa Səfərov

Vəkillərin İntizam Komissiyasının üzvü

Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri

Oxşar xəbərlər