- 16 May 23:54
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1499 nəfər cəlb edilib, onlardan 33 nəfəri xarici ölkə vətəndaşıdır.
E-huquq.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2025-cü ilin yanvar-aprel aylarının yekununa dair məlumatında qeyd olunub.
Bildirilib ki, 2025-ci ilin yanvar-aprel ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2992 cinayət faktı aşkarlanıb. Onlardan 894-ü narkotik vasitələrin qanunsuz satışı, 2074-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 22-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 2 ton 593 kq 000, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 271 kq 278,043 qramını marixuana, 140 kq 727,95 qramını heroin, 60 kq 688,812 qramını tiryək, 30 kq 822,838 qramını həşiş, 21 kq 378,121 qramını digər narkotik vasitələr və 68 kq 104,632 qramını psixotrop maddələr təşkil edib. Həmçinin, göstərilən dövr ərzində 4263 ədəd metadon, 2578 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.
Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 593 kq 000, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 68 milyon 673 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1499 nəfər cəlb edilmiş, onlardan 33 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş vətəndaşından ümumilikdə 329 kq 616,125 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 78 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 878 kq 036,802 qr və 4263 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 155 ədəd həb güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 79 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 851kq 627,833 maddə müsadirə edilib.
621 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 555 kq 050,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 804, qanunsuz satış ilə bağlı faktların sayı 175, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 627, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 3, qrup halında olan cinayətlərin sayı 5 fakt,məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 516 nəfər azalıb.
Qaçaqmalçılıqla bağlı faktların sayı 4, bu kateqoriyadan olan digər cinayətlərin sayı 2 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 330 kq 260,076 qr artıb.
2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 195 kq 544,168qr (58,2%), psixotrop maddələrin çəkisi 37 kq 416,919 qr (35,5%) azalıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 2 ton 271 kq 278,043 qr-n (87,5 %) marixuana təşkil edib. Onun da 2 ton 062 kq 307,143 qramı (90,7%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 208 kq 970,9 qramı (9,2 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 168 kq 332,011 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma üsulu ilə məhv edilib.
Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 24 rayon və şəhərdə 955 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 27kq 726,105 qr və 21 həb müxtəlif narkotik vasitələr, psixotrop maddələr və 192 ədəd çətənə bitkisinin məhv olunması təmin edilib.
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 30280 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1526 nəfərdən 940 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 307, QİÇS-lə Mübarizə Mərkəzində 552, Sumqayıt Narkoloji Mərkəzində 139 nəfər) 798 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin aprel ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 20 (4,6%) nəfəri inyekson narkotik istifadəçiləri olub.
2025 ilin yanvar-aprel ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 292 vətəndaş müraciəti daxil olub ki, onların 33-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 26-sı narkotik asılılıqdan müalicə, 233-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 59 məktub ünvanlanıb.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.