28 May - Qürur Günümüz


  • 27 May 11:01

XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan xalqı sürətli ictimai-siyasi dəyişikliklərə şahidlik edirdi. 1905-1907-ci illər inqilabları, maarifçilik hərəkatı, mətbuatın və siyasi təşkilatların yaranması xalqın milli oyanışını sürətləndirdi. 1917-ci ildə Çar Rusiyasının süqutu nəticəsində Qafqazda siyasi boşluq meydana gəldi. Bu vəziyyət Azərbaycan ziyalıları və milli liderləri üçün öz müqəddaratını təyinetmə imkanları yaratdı...

Azərbaycan tarixində 28 May tarixi, millətin azadlıq, müstəqillik və dövlətçilik ideallarının gerçəkləşməsi baxımından mühüm əhəmiyyətə malikdir. 1918-ci il may ayının 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) təkcə Azərbaycanın deyil, bütünn Şərq və İslam dünyasının ilk parlamentli respublikası olmuşdur. Qısa ömür sürməsinə baxmayaraq , AXC-nin qurulması və fəaliyyəti Azərbaycan xalqının milli şüurunun formalaşması, demokratik və hüquqi dövlətçilik ənənələrinin əsasının qoyulması baxımından misilsiz rol oynamışdır.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən “İstiqlal Bəyannaməsi” ilə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Həmin bəyannamədə yeni yaradılan dövlətin əsas fəaliyyət prinsipləri bəyan edilirdi:

- Dövlət hakimiyyəti xalqın iradəsinə əsaslanır;

- Bütün vətəndaşlara bərabər hüquqlar və azadlıqlar təmin edilir;

- Azərbaycanda yaşayan xalqların milli, dini və mədəni hüquqları qorunur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu, parlament, hökumət və məhkəmə orqanları yaradıldı. Parlament çoxpartiyalı sistem əsasında təşkil olunmuşdu və tərkibində müsəlmanlardan başqa erməni, rus, yəhudi və alman nümayəndələri də təmsil olunurdu. Bu fakt dövlətin çoxmillətli və demokratik xarakter daşıdığını göstərirdi.

AXC iqtisadi sahədə də bir sıra vacib addımlar atdı. Neft sənayesində dövlət nəzarətinin bərpa olunması, milli pul vahidinin buraxılması, gömrük sisteminin təşkili və maliyyə sahəsində sabitliyin təmin olunması istiqamətində addımlar atıldı. Hökumət torpaq islahatları ilə bağlı layihələr hazırlayaraq kəndli təbəqəsinin vəziyyətinin yaxşılaşdırılmasına çalışdı. Bütün bu tədbirlər iqtisadi müstəqilliyin təmin olunması məqsədi daşıyırdı.

Elm və təhsilin milli əsaslarla qurulması da AXC-nin prioritet məsələlərindən idi. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması bu sahədə atılmış mühüm addımlardan biri idi. Həmçinin milli orta məktəblər, müəllim hazırlığı kursları açılmağa və dərsliklər hazırlanmağa başlandı. Ana dilində təhsilin inkişaf etdirilməsi, milli kimliyin qorunması və gələcək nəsillərin maariflənməsi baxımından əvəzsiz əhəmiyyət kəsb edirdi.

AXC höküməti müstəqilliyini beynəlxalq aləmdə tanıtmaq məqsədilə aktiv diplomatik fəaliyyət göstərmişdir. 1919-cu ilin dekabrında Paris Sülh Konfransına nümayəndə heyəti göndərildi. Nəticədə, 1920-ci il yanvarın 11-də Antanta dövlətləri (Böyük Britaniya, Rusiya, Fransa, İtaliya və Yaponiya) Azərbaycanı de-fakto tanıdılar. Bu, beynəlxalq səviyyədə müstəqil Azərbaycan dövlətinin legitimliyini təsdiqləyən mühüm hadisə olmaqla yanaşı, eyni zamanda AXC-nin beynəlxalq legitimliyini gücləndirdi və onun gələcək dövlətlərarası münasibətlər sistemində yerini müəyyən etdi. Bir sıra ölkələrlə diplomatik münasibətlər quruldu və xarici dövlətlər Bakıda nümayəndəliklərini açdılar.

Dövlətin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə AXC milli ordu quruculuğuna başladı. Səməd bəy Mehmandarov və Əliağa Şıxlınski kimi tanınmış hərbçilər bu sahədə fəal rol oynadılar. Gəncədə, Bakıda və digər bölgələrdə ordu hissələri yaradıldı. Milli ordu erməni-daşnak silahlı birləşmələrinin hücumlarının qarşısını almaqda və ölkə daxilində sabitliyi təmin etməkdə mühüm rol oynadı. Ordunun təşkili, həm də xalqda milli həmrəyliyin formalaşmasına təkan verdi.

AXC dövründə xalq arasında milli kimlik və mənəvi dəyərlərə hörmət hissi artdı. Türkçülük, islamçılıq və çağdaş dünyəvi dəyərlərin vəhdəti üzərində qurulan ideoloji xətt, xalqın həm dini-mənəvi, həm də milli-siyasi baxımdan maariflənməsinə xidmət edirdi. Yazılı və şifahi ədəbiyyat, musiqi, incəsənət sahələri inkişaf etdirildi. Qadınların ictimai həyatda fəallaşması, maariflənməsi və cəmiyyətin bərabər üzvləri kimi qəbul olunması bu dövrün mühüm xüsusiyyətlərindəndir...

Azərbaycan Xalq Cümhuriyyəti çətin beynəlxalq şəraitdə fəaliyyət göstərirdi. Qafqaz regionu Birinci Dünya müharibəsindən sonra qarışıq vəziyyətdə idi. Bölgədə Osmanlı, İngiltərə, bolşevik Rusiyası, eləcə də qonşu Gürcüstan və Ermənistan kimi aktorların maraqları toqquşurdu. Sovet Rusiyası Cənubi Qafqazda təsir dairəsini genişləndirmək istəyirdi və Azərbaycanın neft ehtiyatları bu maraqları daha da artırırdı.

Hökumət qısa müddətdə böyük miqyaslı problemləri həll etməyə çalışsa da, daxildə iqtisadi çətinliklər, sosial narazılıqlar və sabit olmayan siyasi vəziyyət dövlətin zəifləməsinə səbəb olmuşdu. Parlament daxilində çoxpartiyalı sistem, zamanla qərarların qəbulu ləngiyir və siyasi parçalanmalara yol açırdı.

AXC ordusunun tam formalaşmaması və mütəşəkkil şəkildə gücləndirilə bilməməsi, bolşeviklərin hərbi təzyiqləri qarşısında müqaviməti zəiflətmişdi. 1920-ci ilin əvvəllərində Qızıl ordu Cənubi Qafqaza irəliləmiş və Azərbaycana qarşı hərbi planlar hazırlamışdı.

1920-ci ilin aprelində Qızıl ordu Azərbaycanın sərhədlərinə yaxınlaşdı. 27 aprel gecəsi Bakı Sovetinin və bolşeviklərin tələbi ilə Azərbaycan hökumətinə ultimatum verildi. Müqavimətin təşkilinə cəhd göstərilsə də, 28 aprel 1920-i ildə AXC hökuməti hakimiyyəti Azərbaycan İnqilab Komitəsinə təhvil verdi. Beləliklə, Azərbaycan Sovet Sosialist Respublikası elan olundu...

71 il Sovetlər ittifaqının tərkibində yaşamaq məcburiyyətində qalan Azərbaycan xalqının dövlətçilik ideyası məhdudlaşdırılsa da, xalqın milli dövlərçilik arzusu heç zaman sönmədi. Zamanla bu ideya müxtəlif formada, o cümlədən 1940-50-ci illərdə mühacirətdə fəaliyyət göstərən AXC liderləri vasitəsilə yaşadıldı.

1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan Respublikası müstəqilliyini bərpa edərkən, özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. 1995-ci il Konstitusiyası da daxil olmaqla müasir dövlət strukturu AXC-nin təməl prinsiplərinə-hüquqi dövlət, insan hüquqları, demokratik idarəçilik - əsaslanır.

Ümummilli lider Heydər Əliyev AXC-nin tarixinin öyrənilməsinə, onu ideyalarının gənc nəsillərə çatdırılmasına xüsusi önəm vermişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu miras müasir Azərbaycanın milli kimliyinin ayrılmaz hissəsinə çevrilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Onun yaradılması və fəaliyyəti xalqın milli azadlıq uğrunda apardığı mübarizənin zirvəsidir. 28 May- Respublika günü təkcə tarixi bir gün deyil, həm də Azərbaycan xalqının müstəqillik iradəsinin, dövlətçilik ənənələrinin və azadlıq eşqinin simvoludur.

Müstəqillik asan əldə olunmur, lakin onu qorumaq və inkişaf etdirmək daha böyük məsuliyyət tələb edir. Bu gün bizim borcumuz Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını yaşatmaq, onu layiqincə davam etdirməkdir.

Vüqar sərdarov

İçəri Şəhər Qoruq İdarəsinin Elmi Mədəni Mərkəzin direktoru,

YAP Səbail rayon ərazi təşkilatının sədri

Oxşar xəbərlər