"Konstitusiya və Suverenlik İli": Dövlətçilik tariximizin yeni mərhələsi


  • 12:10

"Əminəm ki, Azərbaycanın ilk demokratik Konstitusiyası xalqımızın demokratiya, milli dövlətçilik yolu ilə getməsini təmin edəcək və gələcək nəsillərə sivilizasiyalı, yüksək səviyyəli, dünya demokratiyasında özünəməxsus yer tutan müstəqil Azərbaycan dövlətini miras qoyacaq".

Ümummilli lider Heydər Əliyev

"Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doǧru inamla irəliləyir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir; dövlətin suverenliyi isə, xalqın özünüidarəetmə, daxili və xarici siyasətində müstəqil qərar vermək hüququnu ifadə edən mühüm anlayışdır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmiş, milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayan Azərbaycan xalqı XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpasına nail olmuşdur. Əsrin əvvəllərində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycan Respublikasında milli dövlətçiliyi inkişaf etdirmək və yeni dünya düzənində ölkənin özünəməxsus strateji inkişaf xəttini müəyyənləşdirmək üçün köklü islahatlar aparılmalı idi. Məsələnin mürəkkəbliyi həm də onda idi ki, söhbət tamamilə yeni ictimai-iqtisadi formasiyadan gedirdi və Azərbaycanda ictimai həyatın müxtəlif sahələrindəki münasibətləri tənzimləməyə imkan yaradan təkmil hüquqi baza formalaşdırılmamışdı. Bu tarixi missiyanı məhz Ulu Öndər Heydər Əliyev üzərinə götürdü.

Qısa vaxt ərzində ölkədə ictimai-siyasi sabitliyi bərqərar etməyə müvəffəq olan Ulu Öndər konstitusiya islahatlarının hayata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hüquqi və digər ciddi tədbirlərin aparılması məqsədilə xüsusi Hüquqi İslahat Komissiyasının yaradılması barədə Fərman imzaladı. Ümummilli liderin birbaşa rəhbərliyi ilə Konstitusiya layihəsi hazırlandı və onun müddəaları ictimai müzakirələrdən keçdi, 1995-ci ilin 12 noyabrında Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi (referendumu) yolu ilə qəbul edildi. Azərbaycan xalqı müstəqilliyin bərpasından sonrakı dövrdə ən mühüm hüquqi nailiyyətini məhz 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə əldə etdi. Bu sənəd: Dövlətin idarəetmə əsaslarını müəyyən etdi; İnsan hüquq və azadlıqlarını ali dəyər kimi təsbit etdi; Milli dövlətçiliyin möhkəm hüquqi sütunlarını yaratdı və dövlətin hüquqi əsaslarını müəyyənləşdirən, onun ümumi inkişafının konturlarını özündə ehtiva edən sənəd kimi tarixə düşdü. Konstitusiyanın qəbulu ilə Azərbaycanda dövlət quruculuǧu prosesinin yeni mərhələsi başlandı və bu mərhələdə dövlət quruculuǧunun əsas prinsipləri Ümummilli Lider tərəfindən belə müəyyənləşdirildi: "Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlıǧının, söz, vicdan azadlıǧının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim qəbul etdiyimiz prinsiplərdir".

Konstitusiya Azərbaycanın ümummilli mənafeləri ilə baǧlı bütün məsələlərin yalnız xalqın iradəsi əsasında həll olunmasının mümkünlüyünü təsbit etmiş, həmçinin Azərbaycan dövləti qarşısında duran başlıca vəzifələri və başqa dövlətlərlə münasibətlərin əsaslandıǧı prinsipləri müəyyənləşdirmişdir. Əsas Qanunumuzun 7-ci maddəsinin II hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isa yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdıǧı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Bu maddə Azərbaycan dövlətinin suverenliyini əks etdirir. Konstitusiyada birmənalı şəkildə bəyan edilir ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla tanınan beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşa şəxsi toxunulmazlıq, fikir, söz və vicdan azadlıǧı, bərabərlik, azadlıq, əmək, istirahət, tətil, sosial təminat, təhlükəsiz yaşamaq, mənzil toxunulmazlıǧı, təhsil, milli mənsubiyyət, mülkiyyət hüquqlarını, sərbəst toplaşmaq azadlıǧı verir, cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə olunmasında iştirak etmək hüququndan istifadə etmək imkanı yaradır. Bu prinsiplər Azərbaycanda insan hüquq və azadlıqlarının aliliyini təsdiqləyən, demokratiyanın fundamental prinsiplərinə əsaslanan siyasi bir sistemin mövcudluǧunu sübuta yetirir və Əsas Qanunumuzun qəbulundan ötən 30 il ərzində bu ali prinsiplərin real həyatda tətbiqi istiqamətində olduqca ciddi nailiyyətlər əldə olunmuşdur. Müxtəlif dövrlərdə Azərbaycan Respublikası Konstitusiyasında edilən dəyişikliklər, o cümlədən mülkiyyət hüquqlarının gücləndirilməsi və sosial hüquqlarla baǧlı əlavələr iqtisadi inkişafın dəstəklənməsinə də əhəmiyyətli töhfələr vermişdir. Konstitusiyaya eyni zamanda yeni nəsillə baǧlı çaǧırışları nəzərə alaraq ümumxalq səsverməsi (referendumu) ilə dövlətin gənclər siyasətinin genişləndirilməsi və gələcək nəsillərin hüquqlarının qorunması ilə baǧlı maddələr daxil edilmişdir. Bütün bunlar sayəsində 30 yaşlı Azərbaycan Konstitusiyası dünyanın ən təkmil, inkişaf reallıqlarına, dövlətin strateji inkişaf xəttinə uyǧun əsas qanunlardandır.

Məhz bu baxımdan, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, artıq suverenliyini bərpa etmiş dövlətimizin yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır.

Belə ki, Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, 30 ildən artıq müddətdə torpaqlarımızın böyük hissəsini işğal altında saxlayan Ermənistan üzərində qazanılmış parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir, Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Bu Sərəncam dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsi, Azərbaycan Respublikasının müasir dövlətçiliyinin əsasını təşkil edən konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi, təbliği, suverenliyin qorunması və möhkəmləndirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.

Bu Sərəncam həm də dövlətimizin tarixi yoluna, müstəqilliyin bərpası və möhkəmləndirilməsi prosesinə verilən yüksək dəyərin ifadəsidir. Konstitusiya – dövlətimizin ali hüquqi sənədi, suverenlik isə onun təməl dayağıdır - bu iki anlayış bir-birini tamamlayaraq, Azərbaycan dövlətçiliyinin həm daxili, həm də beynəlxalq səviyyədə mövqeyini müəyyən edir. 1991-ci ildə yenidən qazandığımız suverenlik yalnız siyasi akt deyil, həm də milli yaddaşımızın və əzmimizin nəticəsi idi, indi isə onlar bir araya gətirilərək, milli ideyanın simvoluna çevrilir.

XXI əsrdə suverenlik sadəcə sərhədləri qorumaq anlamı daşımır, onun tərkib hissələri aşağıdakıları da əhatə edir:

• Hüquqi suverenlik - milli hüquq sisteminin xarici təsirlər qarşısında müstəqil qərarvermə qabiliyyəti və Konstitusiyanın ali hüquqi statusunun real tətbiqi;
• İqtisadi suverenlik - milli iqtisadi siyasətin xarici asılılıqları məhdudlaşdıracaq strukturlara yönəldilməsi;
• Rəqəmsal və informasiya suverenliyi - data-hüquqları, kiber-müdafiə, informasiya məkanının qanunvericiliklə qorunması;
• Mədəni və identik suverenlik - milli dil, təhsil və mədəniyyət siyasətinin Konstitusiya prinsipləri ilə uyğunlaşdırılması.

Deməli, “Konstitusiya və Suverenlik İli” həm hüquqi, həm də sosial-siyasi baxımdan Azərbaycan dövlətinin dayanıqlığını möhkəmləndirmək üçün geniş imkanlar açır. Bu mənada, Konstitusiya və suverenlik yalnız hüquqi anlayış kimi deyil, milli varlığımızın və gələcək nəsillərin təminatı kimi qəbul olunmalıdır.
Bu ilin dövlətçilik həyatımızda daha məhsuldar və səmərəli olması üçün Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli 477 nömrəli Sərəncamı ilə aşağıdakı tədbirlər planı təsdiq edilmişdir:

• Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün və Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyinin geniş qeyd olunması, bununla əlaqədar yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi;
• “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda silsilə tədbirlərin keçirilməsi;
• Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclasının keçirilməsi;
• “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş forumların, konfransların, simpoziumların, dəyirmi masaların, seminarların, müsabiqələrin, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, vətənpərvərlik mahnılarının (marşların) yazılması, beynəlxalq turizm sərgilərində Azərbaycan milli stendində “Konstitusiya və Suverenlik İli” haqqında məlumatların təqdim edilməsi;
• Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirlərin keçirilməsi;
• Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan Evləri və həftəsonu məktəbləri tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirlərin keçirilməsi;
• Azərbaycan Respublikasının şəhər və rayonlarında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi;
• “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalının təsis edilməsi;
• “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markalarının buraxılması;
• Yerli və xarici mütəxəssislərin iştirakı ilə Azərbaycan Respublikasının dövlət suverenliyinin təmin olunmasına həsr edilmiş elmi-praktik konfransların təşkili, elmi tədqiqat işlərinin aparılması, əsərlərin, hüquqi şərhlərin, monoqrafiyaların, məqalələrin nəşri, kitabların buraxılması;
• İdman yarışlarının və beynəlxalq turnirlərin, “Zəfər yürüşü” tədbirlərinin təşkili;
• “Konstitusiya və Suverenlik İli” ilə bağlı ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda və monitorlarda videoçarxların nümayiş etdirilməsi;
• Mediada sənədli filmlərin, verilişlərin, videoçarxların və digər materialların verilməsi, rəsmi qəzetlərin xüsusi buraxılışının hazırlanması, jurnalistlərin və blogerlərin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili;
• “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycan Respublikasında adsız zirvələrə, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adların verilməsi;
• Xeyriyyə aksiyalarının keçirilməsi, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və müharibə veteranlarının sosial məsələlərinin həlli istiqamətində tədbirlərin davam etdirilməsi;
• Yeniyetmələr və gənclər üçün olimpiadaların, müsabiqələrin, marafonların, debatların və təlimlərin keçirilməsi, “Zəfərin izi ilə” layihəsi çərçivəsində məktəblilərin, tələbələrin və könüllülərin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili, təhsil müəssisələrində ilk dərs gününün “Konstitusiya və Suverenlik İli”nə həsr edilməsi, xüsusi dərslərin və mühazirələrin təşkili;
• “Konstitusiya və Suverenlik İli” ilə bağlı qrant müsabiqələrinin keçirilməsi;
• “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlərin keçirilməsi.

Göründüyü kimi, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması yalnız bir təqvim ili ilə məhdudlaşmır – ölkə başçısının müvafiq Sərəncamı Azərbaycan dövlətçiliyinin gələcək onilliklər üçün yol xəritəsidir, bu il ərzində görüləcək işlər milli hüquq sistemimizin möhkəmlənməsinə, iqtisadi və siyasi müstəqilliyimizin daha da güclənməsinə xidmət edəcək. Ən əsası isə, bu təşəbbüs vətəndaşın dövlətə, dövlətin isə vətəndaşa etimadını artıracaq.

Beləliklə, 2025-ci ilin Azərbaycan üçün “Konstitusiya və Suverenlik İli” elan edilməsi yalnız rəmzi tədbir deyil - bu, dövlətçilik, hüquq sistemi və vətəndaş cəmiyyəti üçün yeni strateji çağırışdır. Bu elan Konstitusiyanın əsas prinsiplərinin praktik tətbiqinin və suverenliyin müasir ölçülərinin — hüquqi, iqtisadi, informasiya və mədəni sahələrdə -möhkəmləndirilməsi üçün konkret addımların atılması üçün əlverişli pəncərə açır.

Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyevin siyasi irsidir. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəslə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməliyik.

Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi təminatı, dövlət quruculuğunun əsas hüquqi bazası, suverenliyimiz isə dövlətimizin gücünün rəmzidir. Qəhrəman Azərbaycan Ordusunun qanı, canı bahasına əldə edilmiş müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz əbədi olsun!

Elnur Həsənov,
Bakı Apelyasiya Məhkəməsinin hakimi

Oxşar xəbərlər