- 16:51
Azərbaycanda sağlam qidalanma mövzusu son illərdə cəmiyyətin diqqətini daha çox çəkməyə başlayıb. İnsanların əksəriyyəti özlərini “sağlam qidalanıram” kimi təqdim etsələr də, gündəlik həyatdakı kiçik, amma davamlı vərdişlər bu fikirlə ziddiyyət təşkil edir. Məsələn, tez-tez sürətli qidalanma, şəkərli içkilərin çoxluğu, yağlı və işlənmiş qidaların üstünlük təşkil etməsi kimi hallar sağlam qidalanma anlayışından uzaqdır. Ən geniş yayılmış qidalanma problemləri isə çox vaxt gözə görünməyən, amma uzun müddətdə ciddi təsir yaradan nüanslardan qaynaqlanır.
Düzgün qida seçimi yalnız çəkini tənzimləmək üçün deyil, həm də həyat keyfiyyətini artırmaq, xəstəlik risklərini azaltmaq, immun sistemini gücləndirmək və məhsuldarlığı yüksəltmək üçün əhəmiyyətlidir. Bəs sağlam qidalanma nədir və onu gündəlik həyatımıza necə daxil edə bilərik?
Mövzu ilə bağlı e-huquq.az-ın suallarını cavablandıran həkim-dietoloq Şəfa Yadigarova bildirib ki, Azərbaycanda sağlam qidalanmaya üstünlük verən insanların sayı kifayət qədər çox olsa da, onu düzgün və balanslı şəkildə tətbiq edənlərin sayı nisbətən azdır. Onun sözlərinə görə, insanların əksəriyyəti bəzi əsas prinsipləri nəzərə almadan, yalnız müəyyən qidaları seçməklə sağlam qidalandıqlarını düşünürlər. Halbuki sağlam qidalanma, əsasən, müxtəlifliyi təmin etmək, zəruri vitamin və mineralları balanslı qəbul etmək, şəkər və duz istifadəsini nəzarətdə saxlamaq və gün ərzində kifayət qədər maye qəbul etməkdən ibarətdir.
“Hər gün yediyimiz bir yemək, içdiyimiz bir stəkan su belə həyat keyfiyyətimizi dəyişə bilər. Sağlam qidalanma sadəcə pəhriz deyil, insanın öz bədəninə olan hörmətinin ifadəsidir. Sağlam qidalanma ilə insan artıq çəkidən azad ola, xəstəliklərini sağalda bilər, həmçinin sağlam vərdişlər qazana və ağız dadı dəyişə bilər. Bunun üçün ilk növbədə düzgün həkim, mütəxəssis seçmək lazımdır. Sosial şəbəkələrdə bəzən görürük ki, qısa müddət ərzində 10-20 kilo verən insan özünü dieotoloq, sağlam qidalanma üzrə mütəxəssis adlandırır və digər insanlara pəhriz proqramları hazırlayır, marafonlar təşkil edir. Halbuki bu insanların özünün bədəni, həyat tərzi, yuxu rejimi metobolizması hamı ilə eyni ola bilməz. İnsanların qidalanma vərdişləri fərqlidir. Hətta elə insan var ki, artıq çəkisi olsa da problemi azdır və ya əksinə. Ona görə hər insan individiualdır və fərdi yanaşma tələbə edir”, - Ş.Yadigarova deyib.
Həkim təəssüflə qeyd edib ki, cəmiyyətdə sağlam qidalanma ac qalmaq kimi qəbul olunub: “Sağlam qidalanma ac qalmaq deyil. İlk növbədə insan doyana qədər yeməlidir. Amma bizdə belə təbliğ aparılır ki, sağlam qidalanmaq ac qalmaq, hər şeydən məhrum olmaq deməkdir. Ona görə də yol verilən böyük səhvlərdən biri və ən əsası ac qalmaqdır. Gün ərzində heç nə yeməyən insanlar var. Onlar düşünür ki, bu sağlam metoddur və bununla artıq çəkidən azad olacaq. Mənim fikrimcə, bu özü tamamilə səhv düşüncədir. Bir mütəxəssis kimi hər zaman demişəm ki, insan yeyərək çəki azaltmalıdır”.
O bildirib ki, artıq çəkinin yaranma səbəbini bilmək lazımdır. Əks halda davamlı olaraq verilən kilolar geri qayıdır: “Əslində insanlar düzgün qidalanma vərdişlərini öyrənməldiir. Bu vərdişlərə öyrəşmək çətin olsa da, daha faydalıdır. Sağlam qidalanma insanın həyat təzinə çevrilməlidir. Əks halda yenidən əvvəlki həyat tərzinə və zərərli qida vərdişlərinə geri qayıdacaqsan. Bunun təməlində məlumatsızlıq dayanır, mübarizə aparmaq çətin olur. Sosial şəbəkələrdə arıqlama marafonları geniş yayılıb. Onlara üz tutanların sayı da az deyil. Bu marafonlar ola bilsin ki, kiməsə uyğun olsun. Amma digər insan üçün həmin metod uğurlu olmaya bilir. İnsan ac qalanda əzələ kütləsi itirir, stressə düşür. Stressə düşdükdə kortizol hormonunun sintezi artır. Kortizol yüksək olanda əzələ parçalanır və yağ toxumasından kilo verilmir. Bundan başqa, sağlam qidalanma zamanı hər kəsə idmanla məşğul olmaq tövsiyə edilir. Bəzən idman zalında onurğa, oynaq problemi olan ağırçəkili insanlara deyirlər ki, sürətli yürüyüş edin, qaçış cihazında qaçın. Bu isə həmin şəxslərin oynaq problemlərini daha da artırır. Bir mütəxəssis olaraq deyə bilərəm ki, yağ toxumasının əriməsi və kiçilməsi üçün orta və aşağı intensivlikdə yürüyüş lazımdır. Bizdə isə idman zallarında yüksək intensivliyi olan məşqlər tövsiyə edilir. Nəticədə insanın bədənin enerji istehsal etmə, saxlama və sərf etmə proseslərini idarə edən biokimyəvi hadisələrin məcmusu olan metobolizm sistemi tamamilə pozulur. Bu insanlar kilo vermək əvəzinə çəki alırlar. Nəticədə bitməyən döngü yaranır və təbii olaraq insanı bezdirir. Son çarəni iynələrdə, dərmanlarda, arıqladıcı çay və kofelərdə görürlər. Hətta ağır əməliyyata üz tutanlar da var”.
Ş.Yadigora söyləyib ki, sağlam qidalanmağa başlayan şəxslər bir müddət sonra zərərli qidalanma vərdişlərinə geri qayıda bilir: “İnsan pəhrizdə olarkən ilkin mərhələdə bədəndə olan toksik maddələr xaric edilir. Buna görə də ilk günlərdə yorğunluq, baş gicəllənmə olur. Bəzi insanlar buna görə deyir ki, sağlam qidalanarkən özümü piss hiss edirəm. Lakin bu tamamilə təbiidir. Bizdə insanları çərçivəyə salırlar və sağlam qidalanmaya başlayan hər kəsi qorxudurlar. “Səndə alınmayacaq, özünü yorma, boş yerə əziyyət çəkmə, immun sistemin zəifləyəcək, xəstələnəcəksən” deyirlər. Bu da son nəticədə qorxu yaranmasına səbəb olur. Ona görə də sağlam qidalanma rejimi üçün yalnız mütəxəssisə müraciət etmək lazımdır”.
Həkim son dövrlər süni intelekt vasitələri ilə arıqlamağa çalışanlara da müraciət edib: “İnternetdən əldə etdiyi, yaxud “ChatGPT” və digər süni intellekt vasitələri ilə özünə qidalanma proqramı hazırlayanlar da var. “ChatGPT” insanın xəstəliklərini, daxili və xarici problemlərini, həyat tərzini, yuxu rejimini, psixotipini, ailə vəziyyətini və digər vacib məlumatlarını bilmir. Onlar sizə yalnız standart qidalanma proqramı hazırlayır. Bu fərdi yanaşma deyil. Sağlam qidalanma proqramı fərdi olmalıdır. Bəzən insanda vitamin yaxud digər vacib minerallar çatışmaya bilər. Bunu yalnız həkim bilir. Sağlam qidalanmanın əsas məqsədi metobolizmanı bərpa etməkdir. Süni intellekt bunu edə bilmir. Həmin proqramlar vasitəsilə arıqladığını düşünən insanlar var. İlkin mərhələdə bu mümkündür. Amma qeyri-sağlam qidalanma olduğu üçün 80 faiz əzələ kütləsi itirirlər. Bununla isə nəticə əldə etmək olmur”.
Şəbnəm Mehdizadə