Süni intellekt dövründə dezinformasiya: Həqiqəti saxtadan necə seçək?


  • 17:02

Süni intellektin sürətlə inkişafı foto və videoların, məqalələrin və digər kontentlərin hazırlanmasını heç vaxt olmadığı qədər asanlaşdırıb. Artıq elə görüntülər yaradılır ki, onları real fotolardan ayırd etmək bəzən mümkün olmur. Bu isə xəbər portallarında, sosial mediada və müxtəlif onlayn mənbələrdə dəqiqliyin və etibarlılığın getdikcə zəifləməsinə səbəb olur. AI ilə hazırlanmış vizuallar yanlış məlumatların yayılmasını sürətləndirir. Reallıqla saxta məhsulları ayırd etməyin çətinləşdiyi bir dövrdə belə görüntülərin təhlükələri əvvəlkindən daha ciddi və daha genişmiqyaslıdır.

Bəs görəsən, belə bir məqamda hansı addımlar atılmalıdır? Kontentlərin süni intellekt vasitəsilə hazırlanıb-hazırlanmadığını necə ayrıd edə bilərik?

Mövzu ilə bağlı e-huquq.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, süni intellekt vasitələri inkişaf etdikcə onun texnoloji tərəqqisi və faydaları qədər zərərli tərəfləri də etik və hüquq müstəvisində müzakirə predmetinə çevrilir.

“Son dövrlərdə süni intellekt vasitəsilə emal olunan yazılı və vizual kontentlər, foto və videolar geniş yayılıb. Mütərəqqi addımlar atılmasa, növbəti mərhələlərdə kifayət qədər böyük problemlər üzə çıxa bilər. Ona görə də ilkin olaraq bu məsələdə beynəlxalq hüquqa müraciət olunmalıdır. Məsələyə nəzarət və standartlar tətbiq edən beynəlxalq qurumlar bu haqda düşünməli, onların yaratmağa çalışdığı standartlar geniş müzakirə edilməlidir. Qeyd edim ki, artıq müəyyən cəhdlər var. Belə ki, yazılı kontentlərin, yəni məqalələrin süni intelektlə emal edilib-edilmədiyini yoxlayan rəqəmsal məhsullar var. Hər hansı bir məqaləni həmin saytlara yerləşdirəndə məqalənin neçə faizinin süni intelektlə emal olunduğu bəlli olur. Lakin vizual kontentlərlə, yəni foto və videolarla bağlı ciddi irəliləyiş yoxdur”, - deyə o qeyd edib.

Ekspert bildirib ki, cari vəziyyətdə kiçik və orta səviyyəli təxmin alətləri olsa da, foto və şəkillərin tam olaraq süni intellektlə yaradıldığını sübut edən rəqəmsal alət yoxdur: “Süni intellektlə hazırlanan fotolara süni intellekt şirkətinin loqolarının etiketlənməsinə beynəlxalq qurumlar nəzarət edir. Böyük şirkətlər bu haqda addım atır. Çünki bu bir qədər etik məsələdir və süni intellekt vasitələri etik müstəvidə geniş müzakirə olunur. Əksər şirkətlərə loqoların etiketlənməsi şərt olaraq qoyulub. Məsələn “Google Gemini” süni intellektindən istifadə etməklə hər hansı bir şəkil emal etdikdə orada “Google Gemini”nin loqosu sağ alt hissədə görünür. Amma sadəcə bu, kifayət deyil. Eyni vaxtda həmin şəkli hansısa rəqəmsal məhsulla yoxlayanda kod kimi bildirməlidir ki, bu süni intellektdə yaradılmış məhsuldur. Düşünürəm ki, beynəxlalq texnologiya şirkətləri bu istiqamətdə həllər hazırlayıb təqdim etməlidir. Əks halda cəmiyyətdə təşviş yaradacaq milyonlarla video kontentlər yaradıla bilər. Həmçinin cinayətkarlıq və digər situasiyalarda belə foto və videolardan istifadə oluna bilər. Ona görə də yaxın illər ərzində bu məsələ öz həllini köklü şəkildə tapmalıdır. Qeyd etdiyim kimi böyük modellər artıq müəyyən çərçivəyə uyğunlaşıblar. Amma kiçik investorların yaratdığı süni intellekt modelinə hansı cür yanaşmanın tətbiq ediləcəyi məlum deyil. Hər kiçik dövlətin yaratdığı süni intellekt alətinə tənzimləmə vermək olmur. Şirkət böyüməlidir ki, ona dünyəvi nəzarət qurumları, assosiasiyalar müdaxilə edə bilsin”.

E.Abbasov vurğulayıb ki, süni intellekt sahəsində yeni mərhələ başlayır: “Süni intellekt erasının ilkin mərhələsi bitdi. Bu 10 illik dövrü əhatə etdi. Buna əsasən, deyə bilərik ki, bütün ölkələr üzrə elektron məlumat bazası tamamlanıb. Dünyada nə qədər elektron məlumat varsa, şirkətlər onu əldə edib öz süni intellekt vasitələrini inkişaf etdirdilər. Yəni süni intellektin data axtarma və qəbul etmə mərhələsi artıq bitib. Artıq insanlar yenindən laboratoriyalara qayıdıb yeni modellər, yəni öyrənən, kəlmə təxmin edən yox, düşünən süni intellekt vasitəsi yaratmalıdır. Süni intellekt modelləri alqoritmlər vasitəsilə lazım olanı bizə təqdim edir. Bu dövr başa çatıb. Növbəti mərhələdə laboratoriyalarda düşünə bilən, yəni neyron şəbəkəsinə malik, emosional baxımdan insana oxşar modellər hazırlanmalıdır”.

Mətbuat Şurası İdarə heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli isə bildirib ki, süni intellekt vasitələri mütərəqqi elementlərlə yanaşı, həm də neqativ təsirlərə malikdir: ““Audio deepfake” adlandırılan saxta mətn sosial şəbəkə platformaları üzərindən yayılaraq, hədəfdə olanları çaşdırmaq üçün istifadə edilir. Burada insanın real səsindən istifadə edilir. O, həmçinin foto və videoları da saxtalaşdırmaq imkanına malikdir. Bu, cəmiyyət üçün həm geniş imkanlar, həm də ciddi təhdidlər yaradır. Onun hədəfləri genişdir. Siyasi arenadan başlamış, iqtisadiyata, biznes çevrələrinə qədər ən müxtəlif istiqamətləri əhatə edir. Akademik mərkəzlər qeyd edirlər ki, xəbər istehsalçısı olan şəxslər və media subyektləri faktların araşdırılması, məlumatın toplanılması üçün “Süni intellekt” proqramlarından yararlanarkən nəzərə almalıdır ki, bu proqramlar təkcə etimadlı mənbələri, doğru məlumatları deyil, həm də saxta xəbərləri, dezinformasiya mahiyyətli qondarma faktları tapır, toplayır, təqdim edir. Jurnalist süni intellekt proqramına qeyd-şərtsiz etimad göstərirsə, saxta xəbərin təsirinə düşür. Yoxlanılmamış, dəqiqləşdirilməmiş məlumatların paylanılmasında iştirak edir. Bu baxımdan, biz Aİ-nin mütərəqqi tətbiqlərindən yararlanmağı, neqativ təsirləri ilə mübarizə aparmağı bacarmalıyıq”.

M.Ələsgərli deyib ki, süni intellektin təsir göstərdiyi sahələr sırasında media ilk yerlərdə dayanır: “Məlumatlandırma işi, informasiya istehsalı tarixən texnoloji tərəqqi ilə bağlı olub və indi də belədir. Süni intellekt texnologiyaları da bu mənada əlamətdardır. Onun təsir göstərdiyi sahələr sırasında media ilk yerlərdə dayanır. Süni intellekt təkcə həvəskar xəbər istehsalçıları üçün deyil, peşəkar media təmsilçiləri, jurnalistlər üçün də şərtləri dəyişir. O, faktları axtarmaq, məlumat toplamaq, reportaj hazırlamaq, ideyaların yayılmasını təmin etmək işində istifadə olunur. Mətn qurmaq, dizayn etmək prosesində rol alır. Bir sözlə, süni intellekt qlobal informasiya landşaftında inqilabi dəyişikliklərə yol açır. Bütün bu üstünlüklərlə yanaşı, süni intellekt etimadlı informasiya əldə etmək hüququ baxımından problemlər yaradır. “Yanlış xəbər”, “saxta xəbər”, “dezinformasiya” istehsalında və dövriyyəsində böyük paya malikdir. Analitik mərkəzlər qeyd edirlər ki, “saxta xəbər”in qlobal informasiya dövriyyəsində gündəlik çəkisi 45-80 faiz aralığında dəyişir və dünya üçün ən aktual problemlərindən birinə çevrilir. Bu problemin genişlənməsində süni intellekt texnologiyası da rol oynayır”.

Ekspert Aİ-nin neqativ təsirlərinə qarşı mübarizədə Azərbaycan dünyaya örnəklər verdiyini vurğulayıb: “Prezident İlham Əliyev 2025-ci il martın 19-da “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nı təsdiq edən Sərəncam imzalayıb. Bu Sərəncam Azərbaycan Respublikası ərazisində süni intellekt texnologiyalarının mütərəqqi tətbiqlərinin sürətləndirilməsini ehtiva edir. Bu sahədə tədqiqatların aparılmasını, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, habelə ixtisaslı kadr potensialını gücləndirilməsini təşviq edir. Sərəncama əsasən, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti üzərində öhdəlik yaranır ki, o, dövlət qurumlarında süni intellektin tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlilini aparsın. Süni intellektlə bağlı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün. Azərbaycanda süni intellekt texnologiyası üzrə geniş məlumatlandırma prosesinə start verilib. III Şuşa Qlobal Media Forumunun işi bu kontekstdə əlamətdar oldu. Forum “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunu müzakirə yeni örnəklər verdi. Yekun olaraq deyə bilərik ki, Azərbaycanda süni intellektin faydalı cəhətlərindən yararlanmaq, neqativ yönlərinə qarşı mübarizə aparmaq üçün zəruri addımlar atılır. Həm qanunvericilik bazası təkmilləşdirilir, həm də geniş maarifləndirmə işləri həyata keçirilir”.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər