Sürətlə "inkişaf edən" kibercinayətkarlar - Bank kartlarımızı onlardan necə qoruyaq?


  • 17:18

Son illərdə rəqəmsal ödəniş sistemlərinin inkişafı ilə bank kartlarından pul oğurluğu halları ciddi şəkildə artıb. Bu problem yalnız Azərbaycanda deyil, dünya üzrə də geniş yayılıb. Süni intellekt texnologiyaları, üz tanıma sistemləri və avtomatlaşdırılmış xidmətlər həyatımızı sadələşdirsə də, həm də ciddi təhlükələrə səbəb olur. Əgər əvvəllər banklarda növbə gözləməli idiksə, bu gün bizə lazım olan məbləğ bir neçə saniyə ərzində hesabımıza köçürülür. Lakin bu asanlıq həm də kibercinayətkarlar üçün yeni imkanlar yaradır. Hər gün mətbuatda, sosial mediada insanların bank kartlarından külli miqdarda pul oğurlanması ilə bağlı xəbərlər oxuyuruq. Əvvəllər yaşlı insanları aldadıb pullarını oğurlayan kibercinayətkarlar artıq daha inkişaf etmiş üsullarla hər kəsin başına bu hadisəni gətirə bilirlər. Bəs belə halların qurbanı olmamaq üçün nə etməliyik?

Milli Məclisin deputatı Kamran Bayramov e-huquq.az-a açıqlamasında vətəndaşları daha diqqətli və ayıq-sayıq olmağa çağırıb. Bildirib ki, vətəndaşlara gələn saxta mesajlarda tez-tez yalan və təhrif olunmuş məlumatlar yer alır. Çoxlu sayda reklamlar da var ki, vətəndaşları asan pul qazanmağa vəd edərək zərərli linklərə yönləndirir. İnsanlar bu reklamlara inanaraq şəxsi məlumatlarını daxil edir və bu da onlara ciddi zərər vurur.

K.Bayramov kibercinayətkarlığa qarşı qanunvericiliyə dəyişikliklər edilməsinin vacib olduğunu qeyd edib: "Xüsusilə, kibercinayətkarlara qarşı cəza tədbirləri daha sərt olmalıdır. Sosial şəbəkələr və digər rəqəmsal platformalar üzərində nəzarət gücləndirilməlidir. Dövlət qurumları həm də beynəlxalq əməkdaşlıq vasitəsilə bu məsələdə daha effektiv tədbirlər görməlidir. Kibercinayətkarlıq mütəşəkkil cinayət qruplarının işi olduğundan, onlara qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi çox önəmlidir. Nəzərə almaq lazımdır ki, bu cür SMS-lər, elanlar təkcə ölkəmizdə deyil, o cümlədən xaricdən göndərilir".

Deputat deyib ki, kibercinayətkarlıqla mübarizədə yalnız hüquq mühafizə orqanlarının fəaliyyəti ilə kifayətlənmək olmaz, burada vətəndaşların da üzərinə məsuliyyət düşür: "İnsanlar bu mövzuda maarifləndirilməlidir. Düzdür, Daxili İşlər Nazirliyi mütəmadi olaraq kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə vətəndaşları xəbərdar edir. Lakin bu istiqamətdə tədbirlər daha da genişləndirilməlidir".

K.Bayramov vurğulayıb ki, belə məsələrdə bankların da üzərinə müəyyən öhdəlik düşür: "Banklar kredit və debit kartları üçün müxtəlif təhlükəsizlik tədbirləri həyata keçirir. Məsələn, əməliyyatın həyata keçirilməsi üçün kart sahibinin telefonuna təsdiqləmə kodu göndərilir. Yalnız kod yazıldığı təqdirdə hesabdan vəsait çıxılır. Lakin bu tədbir hələ də kifayət etmir. Banklar daha çox tədbir görməli, istifadəçilərin şəxsi məlumatlarını qorumağa daha çox diqqət etməlidir".

İT mütəxəssisi Rəşad Əliyev kibercinayətkarların istifadə etdiyi müxtəlif üsullar barədə danışıb. O qeyd edib ki, kibercinayətkarlar insanların məlumatsızlığından istifadə edərək müxtəlif yollardan oğurluq edirlər: "Ola bilər ki, vətəndaşın telefonunda heç özünün də xəbəri olmayan bir proqram quraşdırılıb. Telefonuna zəng gəldikdə, bu proqram aktivləşir və şəxsi məlumatlar qarşı tərəfə sızdırılır. Buna görə də vətəndaşlar diqqətli olmalı və bilmədikləri reklam linklərini açmamalıdırlar. Həmçinin mobil tətbiqlər yalnız rəsmi mənbələrdən, yəni "AppStore" və "PlayStore"dan yüklənməlidir".

Mütəxəssis, həmçinin müasir telefonların öz tətbiq mağazalarının olduğunu və bunun da bəzən probemlərə səbəb olduğunu söyləyib: "Ona görə də istifadəçilərin yalnız etibarlı və tanınmış mənbələrdən tətbiq yükləməsi vacibdir".

R.Əliyev deyib ki, texnologiya sürətlə inkişaf edir, lakin bununla yanaşı, texnologiyanın yeniliklərindən istifadə edən kibercinayətkarların sayı da artır: "Kibercinayətkarlar tez-tez vətəndaşlarla əlaqə saxlayır və onlara SİMA sorğusu gələcəyini bildirərək istifadəçini aldatmağa çalışırlar. Vətəndaşlar bu sorğunu təsdiqlədikdə, QR kodu oxunur və beləliklə, kibercinayətkarlar tərəfindən oğurluq həyata keçirilir. Bu üsulların əsas səbəbi insanların məlumatsız olmasıdır. Təhlükəsizlik barədə maarifləndirmə işlərinin gücləndirilməsi lazımdır".

Bank məsələləri üzrə ekspert Emin Mahmudov bildirib ki, kibercinayətlər ən çox fişing üsulu ilə həyata keçirilir.

"Fişing, saxta elanlar, reklamlar, kampaniyalar və s. adı altında yaradılan saxta linklər vasitəsilə vətəndaşların bank kartı məlumatları oğurlanır. Daha sonra isə "vishing" (telefon zəngi ilə aldatma) və "smishing" (saxta SMS mesajları) üsulları ilə kart məlumatları əldə olunur. Bəzən isə mobil tətbiqlərin və müxtəlif saytların bazaları qırılaraq, həmin bazalarda saxlanılan kart məlumatları oğurlanır. Bu məlumatlar sonra qara bazarda satılır", - o qeyd edib.

E.Mahmudov vətəndaşların aldanmasının səbəbini "asan qazanc" əldə etmək istəyi ilə əlaqələndirib: "Kart sahibləri çox vaxt bu təhlükələrə qarşı mübarizəni qazana bilmir. Bunun səbəbi "asan qazanc" və "rahat qələbə" əldə etmə istəyidir. Vətəndaşlar, saxta reklamlara rast gəldikdə, özlərini "seçilmiş" hiss edərək tələyə düşürlər. Onlar asan yolla pul qazanmaq istəyərkən təhlükəyə girirlər".

Ekspertin sözlərinə görə, bank sistemində olan təhlükəsizlik tədbirləri yüksək səviyyədədir: "Başqa heç bir sahədə bu qədər yüksək təhlükəsizlik tədbirləri görülmür. Adicə internet xidməti verən provayderlər nə dərəcədə təhülkəsizliyimizi təmin edir? Demək olar ki, hamıya modemin idarə etməsi üçün giriş və parol verilir. Heç kimə də bu barədə xəbərdarlıq edilmir. Kibercinayətkarlar rahatlıqla qoşulub sizin cihazlarınızda olan lazımi məlumatları əldə edə bilərlər. Bu tip boşluqlar əslində digər sistemlərdə daha çoxdur. Sadəcə bank sistemində olanda daha çox gözə çarpır. Çünki burada maliyyə vəsaitindən söhbət gedir. Bank sistemlərində bu tip elektron identifikasiya sahəsində boşluqlar yoxdur. Amma müəyyən rahatlıqlar var. Bu da müştərilərə xidmətləri istifadəyə əlçatanlığını təmin etmək üçündür. Məsələn, indi rəqəmsal kart sifariş etmək çox asandır. Onlayn kredit əldə etmək çox əlverişlidir. Beləliklə, müştərilər rahatlıqla kart götürüb kimlərəsə təqdim edir və özü də bilmədən tələyə düşür. Müştərilər onları hansı risklərin gözlədiyini bilmir. Yaxud onlayn kredit üçün bəzən müştərilər öz şəxsi məlumatlarını dələduzlara təqdim edir. Bir də o vaxt ayılır ki, adına kredit götürülüb. Kart boş olsa belə, o demək deyil ki, bütün risklərdən sığortalanıb. Bunu bəzən müştərilər bilmir. Düşünürəm ki, qanunvericiliyə müəyyən düzəlişlər edilməlidir. Polisə, məhkəmə sisteminə, müstəntiqlərə daha çox səlahiyyət verilməlidir. Müştərilər dələduzluqla qarşılaşdıqda məhkəməyə müraciət edir. Bu da müəyyən vaxt tələb edir. Həmin vaxt ərzində dələduzlar o vəsaiti ölkədən çxıarır. Əgər polisin, müstəntiqin səlahiyyəti arıtırılsa, dələduzluğun qarşısını almaqda faydalı olar. Hesab edirəm ki, yaxın gələcəkdə bu təmin olunacaq. çünki Mərkəzi Bank digər qurumlarla bunun üzərində işləyir".

E.Mahmudov vurğulayıb ki, kibercinayətkarlıqla mübarizədə maarifləndirmə ən effektiv üsuldur: "Mərkəzi Bank, banklar və hüquq mühafizə orqanları birgə çalışmalıdır. Maarifləndirmə daha aktiv şəkildə aparılmalı və daha geniş kütləni əhatə etməlidir. Eyni zamanda, məktəb və ali təhsil ocaqlarında bu mövzuda tez-tez masterklasslar keçirilməlidir".

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov e-huquq.az-a bildirib ki, kibercinayətkarların tətbiq etdikləri sxemlər fərqli olsa da, məqsəd eynidir - bank kartlarının talanması.

"Bu cinayətlərlə mübarizə aparmağın əsas yollarıdan biri əhalinin kibermaarifləndirməsidir. Kiberdələduzluqla mübarizə çərçivəsində polis əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirmə, təbliğat-təşviqat işləri həyata keçirilir. Hər gün bu barədə ictimaiyyətə məlumat verilir. Bu cür məlumatları paylaşırıq. Məqsədimiz odur ki, vətəndaşlar bu kimi hallarla qarşılaşdıqda nə etməli olduqlarını bilsinlər", - o qeyd edib.

DİN rəsmisi əlavə edib ki, kiberdələduzluq yaş və sərhəd tanımır: "Hər yaş kateqoriyasından olan şəxslər bu tələyə düşə bilərlər. Bir daha nəzərə çatdıraq ki, kibertalamalardan qorunmaq üçün tanımadığınız şəxslərə həm fərdi, həm də bank kartı məlumatları verməməlidir. Sizdən bank kartı məlumatlarınız istənildiyi təqdirdə ayıq-sayıq davranılmalı, şübhələndiyiniz hallarda polisə məlumat verilməlidir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər