Ermənistanın dövlətçilik problemi və xarici asılılıq fenomeni


  • 21:20

Cənubi Qafqazda son illərdə baş verən proseslər göstərir ki, Ermənistan hələ də tam müstəqil və dayanıqlı dövlət modeli formalaşdırmaqda çətinlik çəkir. Dövlət idarəçiliyində institusional zəiflik, təhlükəsizlik məsələlərində xarici güclərdən asılılıq və regional reallıqlara uyğun siyasət qura bilməməsi bu ölkənin əsas problemlərindən biri olaraq qalır.

Tarixi baxımdan Ermənistan müxtəlif dövrlərdə böyük dövlətlərin siyasi və hərbi himayəsinə söykənib. Çar Rusiyası, SSRİ və müstəqillikdən sonra yenidən Moskva İrəvan üçün əsas təhlükəsizlik təminatçısı olub. Vətən müharibəsindən sonra isə Ermənistanın xarici siyasətində Fransa amili daha qabarıq şəkildə ön plana çıxmağa başladı. Ermənistanın davamlı şəkildə xarici siyasi himayə axtarması isə onun hələ də tam suveren dövlət modeli formalaşdıra bilmədiyini göstərir.

Bu proses təsadüfi deyil. Müasir dövlətçilik yalnız formal müstəqilliklə ölçülmür. Dövlətin siyasi qərarları milli maraqlar əsasında qəbul etməsi, təhlükəsizlik siyasətini özü müəyyənləşdirməsi və xarici təsirdən kənar fəaliyyət göstərə bilməsi əsas şərtlərdir. Ermənistanın uzun illərdir təhlükəsizlik və xarici siyasət kursunu xarici patronaj üzərində qurulmuşdur.

Rusiyanın regiondakı təsir imkanlarının zəifləməsi fonunda Fransa Ermənistanın əsas siyasi dəstəkçilərindən birinə çevrilməyə başlayıb. Parisin Ermənistana hərbi və siyasi dəstəyi, Avropa platformalarında nümayiş etdirdiyi birtərəfli mövqe və Azərbaycana qarşı qərəzli bəyanatları bunun açıq göstəricisidir.

Fransa bu siyasətlə Cənubi Qafqazda öz təsir imkanlarını genişləndirməyə çalışır. Ermənistan isə bu prosesdə daha çox geosiyasi vasitə rolunda çıxış edir. Bu yanaşma regionda sülh və əməkdaşlığa deyil, qarşıdurma meyllərinin saxlanmasına xidmət edir.

Digər tərəfdən, Fransa uzun illər Afrika və Sakit okean regionlarında neokolonial siyasətdə ittiham olunur. Azərbaycanın təşəbbüsü ilə yaradılmış Bakı Təşəbbüs Qrupu da məhz bu məsələni beynəlxalq müstəviyə çıxarıb. Qrupun BMT platformalarında təqdim etdiyi hesabatlarda Yeni Kaledoniya və Fransız Polineziyasında yerli xalqların hüquqlarının pozulması ilə bağlı faktlar yer alıb.

Bu, Fransanın beynəlxalq münasibətlərdə tətbiq etdiyi ikili standartları göstərən mühüm məqamlardan biridir. Bir tərəfdən insan hüquqları və demokratiya çağırışları edən Paris, digər tərəfdən öz neokolonial siyasəti ilə ciddi tənqid olunur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan isə regionda yeni siyasi reallıq formalaşdırıb. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu və separatizmə son qoyuldu.

Bu proses beynəlxalq hüququn prinsiplərinin təmin edilməsi ilə yanaşı, regionda yeni əməkdaşlıq imkanları da yaratdı. Azərbaycan hazırda Cənubi Qafqazda problemlərin region ölkələri tərəfindən, xarici müdaxilə olmadan həll edilməsini təşviq edir.

Prezident İlham Əliyev eyni zamanda beynəlxalq platformalarda Fransanın neokolonial siyasətini və ikili standartlarını açıq şəkildə gündəmə gətirir. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də Azərbaycanın bu istiqamətdə hüquqi və siyasi mövqeyini gücləndirən mühüm təşəbbüslərdən biri kimi çıxış edir.

Bu gün Cənubi Qafqazda davamlı sülhün əsas şərti region dövlətlərinin xarici güclərin rəqabət platformasına çevrilməməsidir. Ermənistanın qarşısında duran əsas seçim də məhz budur: müstəqil siyasi iradəyə malik dövlət olmaq, yoxsa böyük güclərin geosiyasi maraqları çərçivəsində hərəkət edən tərəf kimi qalmaq.

Polad Mehdi

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər