Avstriyaya uçan təyyarə bomba xəbərdarlığına görə təcili eniş etdi


  • 16:32

İsraildən Avstriyaya uçan “Austrian Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba xəbərdarlığı səbəbindən Bolqarıstana yönləndirilib və təcili eniş edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, “Airbus A320” tipli təyyarə bazar günü gecə Təl-Əvivdən Vyanaya uçarkən Bolqarıstanın paytaxtı Sofiyadakı hava limanına enib. Bolqarıstan Nəqliyyat Nazirliyindən verilən açıqlamada sərnişinlərin təyyarədən təxliyə edildiyi bildirilib.

Açıqlamada Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsinin sərnişin təyyarəsini müşayiət etmək üçün havaya qaldırıldığı qeyd olunub. Hadisə nəticəsində xəsarət alan olmadığı, araşdırmalara başlanıldığı bildirilib.

Bolqarıstan və İsrail mediasının məlumatına görə, təyyarəyə bomba qoyulması barədə xəbərdarlıq daxil olub.

“Austrian Airlines” da təhdid barədə məlumat aldığını təsdiqləyib, lakin hadisənin təfərrüatlarını açıqlamayıb. Şirkət nümayəndəsi BBC-yə açıqlamasında təyyarədə 51 sərnişin və 6 ekipaj üzvünün olduğunu bildirib.

İlk xəbərdarlıqdan təxminən 30 dəqiqə sonra Sofiyaya enən təyyarədə təhlükəsizlik yoxlaması aparılıb. Təyyarə Bolqarıstana istiqamətini dəyişərkən Rumıniyanın hava məkanında olub.

“Austrian Airlines” təyyarədə aparılan yoxlama zamanı hər hansı təhlükə əlamətinin aşkarlanmadığını təsdiqləyib. Şirkətin məlumatına görə, bütün sərnişinlər təyyarədə olub və hava gəmisi Vyanaya uçuşunu davam etdirib.

Qeyd edək ki, ötən həftə Yunanıstanın Korfu adasından Almaniyanın Nürnberq şəhərinə uçan sərnişin təyyarəsində də yanlışlıqla hava gəmisinin qaçırılması barədə həyəcan siqnalı verilib. Hadisədən sonra Xorvatiya və Almaniya hərbi təyyarələrini havaya qaldırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər