- 17:19
Astronomlar kiçik və soyuq bir ulduzun ətrafında, ulduzun öz oxu ətrafında fırlanma istiqamətinin əksinə hərəkət edən Neptun ölçülü planet aşkar ediblər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Londonun Kraliça Meri Universitetinin tədqiqatçılarının da iştirak etdiyi beynəlxalq qrupun kəşfi planet sistemlərinin formalaşması və təkamülü ilə bağlı yeni suallar yaradıb. Söhbət M-tipli cırtdan ulduzun ətrafında dövr edən GJ 3090 b planetindən gedir. Astronomların fikrincə, bu, belə bir ulduz ətrafında retroqrad, yəni ulduzun fırlanma istiqamətinin əksinə hərəkət edən orbitə malik ilk məlum planetdir. Normal halda ulduz və onun planetləri eyni qaz və toz diskindən formalaşdıqda, planetlərin ulduzun fırlanma istiqaməti ilə eyni istiqamətdə hərəkət etməsi gözlənilir. GJ 3090 b-nin orbitinin bu istiqamətə uyğun gəlməməsi isə onun necə formalaşdığı ilə bağlı yeni ehtimallar doğurub.
Beynəlxalq tədqiqat qrupu planetin orbitinin üçölçülü istiqamətini müəyyənləşdirmək üçün yaxın infraqırmızı spektroqrafdan (NIRPS) istifadə edib. Müşahidələr nəticəsində planetin orbital meylinin təxminən 136 dərəcə olduğu müəyyən edilib. Bu göstərici planetin ulduzun fırlanma istiqamətinin əksinə hərəkət etdiyini təsdiqləyib. Tədqiqatın aparıcı müəllifi, London Kraliça Meri Universitetinin əməkdaşı Dr. Endryu Vinter bildirib ki, planetin qeyri-adi orbiti onun necə formalaşması ilə bağlı mühüm suallar yaradır. "Astronomy & Astrophysics Letters" jurnalında dərc olunan araşdırmada alimlər GJ 3090 b-nin bu orbitə sistemin formalaşmasının ilkin mərhələsində düşüb-düşmədiyini araşdırıblar.
Tədqiqatçılardan biri olan Cenevrə Universitetinin əməkdaşı Dr. Vinsent Burye planet sisteminin fərqli istiqamətlənmiş ikinci qaz və toz diski ilə qarşılıqlı təsir nəticəsində formalaşmış ola biləcəyini bildirib. Bu ssenariyə görə, ulduz ilkin diskə nəzərən maili vəziyyətdə olan əlavə material əldə edib və həmin materialdan yaranan planetlər bu istiqaməti qoruyub. Alimlər planetin orbitinin sonradan güclü qravitasiya qarşılıqlı təsirləri nəticəsində dəyişə biləcəyini də nəzərdən keçiriblər. Kifayət qədər böyük kütləyə malik başqa bir ekzoplanet və ya qoşa ulduz planetin orbitini əyərək onu fərqli istiqamətə yönəldə bilər. Lakin tədqiqatçılar GJ 3090 sistemində planetin qeyri-adi orbitini izah edə biləcək kifayət qədər böyük kütləli uzaq bir yoldaş cismə dair sübut tapa bilməyiblər. Alimlərin fikrincə, bu nəticə GJ 3090 b-nin qeyri-adi orbital quruluşunun başqa mexanizmlə formalaşmış ola biləcəyini göstərir.
GJ 3090 b, həmçinin M-tipli cırtdan ulduz ətrafında dövr edən və üçölçülü orbital meyli ölçülən ən kiçik planet kimi diqqət çəkir. Tədqiqatçılar sistemin quruluşunu daha yaxşı anlamaq və digər planet sistemlərində də oxşar qeyri-adi orbitlərin olub-olmadığını müəyyənləşdirmək üçün əlavə müşahidələrin aparılmasının vacibliyini bildirirlər.
Şəbnəm Mehdizadə