Cənubi Afrikada aşkarlanan qadın meyitlərinin sayı 11-ə çatıb


  • 17:15

Cənubi Afrika Respublikasının Qautenq əyalətində, Yohannesburqun şərqində yerləşən Ekurhuleni bölgəsində iyul ayından etibarən aşkarlanan qadın meyitlərinin sayı 11-ə çatıb.

E-huquq.az xəbər verir ki, Cənubi Afrika Polis Xidmətinin (SAPS) məlumatına görə, Ekurhuleninin Springs bölgəsində, Rhokana yolu yaxınlığındakı ərazidə qadın meyiti aşkarlanıb.

Qautenq əyalətinin polis komissarı, general-leytenant Tommi Mthombeni bildirib ki, ilkin araşdırmalara əsasən, təxminən 20 yaşı olduğu ehtimal edilən qadın yaxın zamanda qətlə yetirilib.

Mthombeni həmçinin sentyabrın 26-da Tembisa bölgəsindəki Mooifontein qəbiristanlığında meyiti aşkarlanan Ntombifuthi Nxumalunun qətli ilə əlaqədar bir şübhəlinin Limpopo əyalətində saxlanıldığını açıqlayıb.

Sonuncu hadisə ilə birlikdə iyul ayından etibarən Ekurhuleni bölgəsində aşkarlanan qadın meyitlərinin sayı 11-ə yüksəlib.

Bundan əvvəl, sentyabrın 17-də "Dawn Park" bölgəsində meyiti tapılan Jabulile Ntimbanın qətli ilə bağlı iki qadın saxlanılmışdı.

Qadınların öldürülməsi ölkə üzrə qadınlara qarşı zorakılığa etiraz aksiyalarının keçirilməsinə səbəb olub. Yerli mediada cinayətlərin seriyalı qatil tərəfindən törədilə biləcəyi ehtimalı gündəmə gətirilib. Polis isə hadisələr arasında hər hansı əlaqənin olub-olmadığını araşdırır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər