- 17:22
Sakit okeanın "Nino 3.4" monitorinq zonasında dəniz səthinin temperaturu sentyabr ayında 29,70 dərəcəyə yüksələrək tarixi rekord müəyyən edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.
Bu göstərici güclənən "El-Nino" iqlim hadisəsinin intensivliyi ilə bağlı narahatlıqları artırıb.
Qurumun məlumatına əsasən, qeydə alınan temperatur 1982-1983, 1997-1998 və 2015-2016-cı illərdəki güclü "El-Nino" hadisələrinin maksimum göstəricilərini üstələyib. Bununla belə, mütəxəssislər hazırkı hadisənin tarixdə ən güclü "El-Nino" olduğunu hələ təsdiqləməyiblər.
"El-Nino" tropik Sakit okeanda suyun səth temperaturunu artıraraq dünya üzrə hava şəraitinə təsir göstərir, quraqlıq və daşqın riskini yüksəldir. İqlim dəyişikliyi də okean sularının isinməsini gücləndirərək tarixi göstəricilərin müqayisəsini çətinləşdirir.
Qurumun məlumatına görə, sentyabrda dünya üzrə orta dəniz səthi temperaturu 21,05 dərəcəyə çatıb. Bu, 2023-cü ilin eyni ayında qeydə alınan 20,92 dərəcəlik əvvəlki rekorddan yüksəkdir.
Ekspertlər güclənən "El-Nino"nun 2027-ci ildə qlobal temperaturun yeni rekord səviyyəyə çatmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Şəbnəm Mehdizadə