- 17:22
Sinqapurda 2027-ci ildə tətbiqi planlaşdırılan yeni elektron yol ödənişi sistemi öncəsi sürücüləri ödənişli ərazilər barədə məlumatlandırmaq üçün mavi yol nişanlanmaları sınaqdan keçirilir.
E-huquq.az xəbər verir ki, Sinqapurun Quru Nəqliyyatı İdarəsi (LTA) tərəfindən başladılan sınaqlar çərçivəsində “Bayshore Drive” ərazisində yol kənarlarına xəbərdarlıq nişanları yerləşdirilib, asfalt üzərində isə dairə daxilində böyük “E” hərfi çəkilib. Bundan əlavə, “ERP Charge Zone” - ödənişli yol zonası nişanından sonrakı yol hissəsi mavi rəngə boyanıb.
Yeni nişanlanmaların məqsədi sürücülərin ödənişli əraziyə yaxınlaşdıqlarını və həmin hissədə yol haqqı tutulduğunu asanlıqla anlamalarını təmin etməkdir.
Sinqapur 2027-ci ildə peyk texnologiyası əsasında işləyən ERP 2.0 sisteminə keçməyi planlaşdırır. Yeni sistemdə fiziki ödəniş məntəqələrinə ehtiyac qalmayacaq, nəqliyyat vasitələrinin yeri peyk vasitəsilə müəyyənləşdirilərək ödənişlər avtomatik idarə olunacaq.
LTA-nın məlumatına görə, sınaq müddətində həmin ərazidən keçən sürücülərdən ödəniş tutulmayacaq. Yol nişanlanmalarının təxminən bir ay ərzində saxlanılması və seçilmiş iştirakçıların rəylərinin toplanması nəzərdə tutulur. Sınaqların daha sonra digər ərazilərdə də keçirilməsi planlaşdırılır.
Şəbnəm Mehdizadə