- 16:23
İngiltərədə yaşayan 16 yaşlı Harrison Nott cəmi 13 yaşında hazırladığı sərinləşdirici dəsmal sayəsində 750 min funt sterlinqdən çox satış dövriyyəsinə nail olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Esseks bölgəsində yaşayan Nott isti havalarda istifadə etmək üçün uyğun sərinləşdirici dəsmal tapa bilmədiyindən öz məhsulunu hazırlayıb. 2023-cü ildə yataq otağında başladığı biznes üç il ərzində sürətlə böyüyüb.
Bu il 80 mindən çox satış həyata keçirən şirkətin aylıq orta dövriyyəsi 62 min 500 funt sterlinqə çatıb. Güclü tələbat səbəbindən məhsulların ehtiyatı bir müddət ərzində cəmi iki günə tükənib.
Bununla belə, əvvəlcədən sifariş sistemində yaranan problemlər səbəbindən Nott bir neçə ay satış edə bilməyib. Bazara oxşar məhsullar təklif edən rəqiblərin daxil olması da gənc sahibkar üçün əlavə çətinlik yaradıb.
Nott 15 min sahibkarın iştirak etdiyi müsabiqədə qalib gələrək 150 min funt sterlinq mükafat qazanıb.
Şirkətin dövriyyəsi 750 min funt sterlinqi keçsə də, biznes hələ xalis mənfəət əldə etməyib. Reklam xərcləri, tərəfdaşlıq komissiyaları və digər məsrəflər gəlirlərin əhəmiyyətli hissəsini azaldıb.
Məktəb imtahanlarını başa vuran Nott təhsilinin növbəti mərhələsi əvəzinə biznesini inkişaf etdirməyə üstünlük verib.
Gənc sahibkarın əsas hədəfi şirkətini gəlirli biznesə çevirməkdir.
Şəbnəm Mehdizadə