İndoneziyada əhali su qıtlığına görə etiraz aksiyası keçirib


  • 16:01

İndoneziyanın Batam adasında təxminən 300 nəfər evlərində su təchizatının olmamasına etiraz olaraq “Nongsa Digital Park” ərazisindəki məlumat mərkəzlərinə qarşı aksiya keçirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, əllərində boş butulkalar və su qabları olan sakinlər evlərində su olmadığı halda məlumat mərkəzlərinin su ilə təmin edilməsindən narazılıqlarını bildiriblər. "Bakau Serip" kəndinin sakini Dewi Susanti üç aydır evlərində su olmadığını, sakinlərin çirkli və pis qoxulu sudan istifadə etməyə məcbur qaldıqlarını deyib.

Rəsmilər su kəsintilərini uzun müddət davam edən quraqlıqla əlaqələndirərək problemin həlli istiqamətində iş aparıldığını bildiriblər. Su ehtiyatlarının məlumat mərkəzlərinə yönəldilməsi barədə iddialar isə təkzib edilib.

Təxminən 1,3 milyon əhalisi olan Batam adası əsasən altı süni su anbarında toplanan yağış suyundan asılıdır. Ekoloji təşkilatın simulyasiyalarına görə, yağış yağmadığı təqdirdə, "Bakau Serip" kəndini su ilə təmin edən "Nongsa" su anbarı bir ay ərzində qurumaq təhlükəsi ilə üzləşə bilər.

Sinqapura yaxınlığı və aşağı əməliyyat xərcləri Batamı texnologiya şirkətləri üçün cəlbedici edir. Məlumatlara görə, 2026-cı ilin ortalarına qədər adada məlumat mərkəzlərinə yatırılan investisiyaların həcminin 6,7 milyard dolları keçəcəyi proqnozlaşdırılır.

Məlumat mərkəzlərində serverlərin soyudulması üçün böyük həcmdə su tələb olunur. Su ehtiyatlarına düşən yükü azaltmaq məqsədilə səlahiyyətli qurumlar yeni məlumat mərkəzlərindən şirin su ehtiyaclarını ödəmək üçün öz duzsuzlaşdırma qurğularını tikməyi tələb ediblər.

Bununla belə, sakinlər təmiz və etibarlı su təchizatının texnologiya investisiyalarından üstün tutulmasını tələb edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər