- 12:22
Azərbaycanda Azərbaycançılıq İnstitutunun yaradılmasına böyük ehtiyac var.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında deyib.
O bildirib ki, son zamanlar ölkəmizə ideoloji zəmində olan hybrid hücumlar mühüm bir məsələni gündəmə gətirib: "Bu, milli ideologiyadır, ideoloji təhlükəsizlikdir. Biz azərbaycanlı olaraq kimik, nəyə inanırıq və necə bir ölkədə yaşamaq istəyirik? Xalqımızın milli-mənəvi dəyərlərinin ən əsası müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıb: "Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri xalqımızn milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir, ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir. Amma eyni zamanda, biz imkan verməməliyik ki, dini bəzi şəxsi məqsədlər üçün istismar etsinlər. Dinin ondan öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən ayrı-ayrı adamların əlinə keçməsinə imkan verilməməlidir".
Deputat qeyd edib ki, bizim milli ideologiyamızın bir qolu da ümumbəşəri dəyərlərdir: "Ümumbəşəri dəyərlər birinci növbədə bizim yaratdığımız Konstitusiyada əsas məqsəddir. Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax, bu bir cümlədə ümumbəşəri dəyərlərin ifadəsi öz əksini tapıbdır. Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir. Bizim borcumuz bu ideologiyanı təbliğ etmək, genişləndirmək, inkişaf etdirmək, insanlara başa salmaqdır. Güman edirəm ki, bizim alimlərimiz, tədqiqatçılarımız bu sahədə çox geniş iş görməlidirlər.
T.Mirkişili hesab edir ki, ölkəmizdə Azərbaycançılıq İnstitutunun yaradılmasına artıq böyük ethiyac var: "Əminəm ki, belə bir institut Milli İdeologiyanın məzmunun zənginləşməsinə mühüm töhfə verə bilər".