Azərbaycan qlobal dialoq və əməkdaşlıq üçün etimad məkanına çevrilir - DEPUTAT


  • 11:46

Azərbaycanın milli maraqların təmininə əsaslanan müstəqil və çoxvektorlu xarici siyasəti ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirir, strateji manevr imkanlarını genişləndirir.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bugünkü iclasında deyib.

"Prezident İlham Əliyevin oktyabrın 2-də YAP-Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər bu siyasətin əsas prinsiplərini və prioritetlərini bir daha ortaya qoydu. Hələ 2021-ci il fevralın 26-da, yəni Tarixi Zəfərimizdən cəmi 4 ay sonra, dövlət başçısı Azərbaycanın beynəlxalq münasibətlərdə barışdırıcı rolunun və sabitliyə töhfəsinin əhəmiyyətini vurğulamışdı. Bu strateji xəttin davamı olaraq Azərbaycan müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq qurur, regional və qlobal miqyasda gündəliyin formalaşmasına töhfə verir. Ölkəmiz hər hansı geosiyasi blokun təsir dairəsinə daxil olmadan, öz strateji prioritetlərini müstəqil şəkildə müəyyənləşdirir və həyata keçirir. Bu yanaşma Azərbaycanın xarici siyasətində keyfiyyətcə yeni mərhələnin əsas xüsusiyyətlərindən biridir. Müstəqil xarici siyasətin mühüm nəticəsi Azərbaycanın beynəlxalq proseslərdə mövqeyi nəzərə alınan, təşəbbüsləri və təsir imkanları qəbul edilən etibarlı tərəfdaş kimi qəbul edilməsidir. Qlobal güc mərkəzləri olan Çinlə hərtərəfli strateji tərəfdaşlığın yaradılması, ABŞ-la strateji tərəfdaşlıq xartiyasının imzalanması Azərbaycanın müstəqil diplomatiyasının, siyasi subyektliyinin təzahürü və beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycanın Rusiya, Ukrayna, Avropa İttifaqı ölkələri və digər dövlətlərlə əlaqələri də öz məzmununa və xarakterinə görə fərqlənir. Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq münasibətlərinin olması, Almaniya ilə ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyin razılaşdırılması göstərir ki, ölkəmiz müxtəlif istiqamətlər üzrə xarici siyasətini uğurla şaxələndirib. Burada əsas məsələ həm də ayrı-ayrı tərəfdaşlıqların bir-birinə alternativ kimi təqdim edilməməsidir", - deyə deputat qeyd edib.

R.Nəbiyev bildirib ki, müstəqil xarici siyasətin Azərbaycana qazandırdığı digər mühüm üstünlük ölkəmizin qarşıdurma içində olan tərəflər arasında təmasların qurulduğu platformaya çevrilməsidir. Bu cür funksiyanı yerinə yetirmək üçün yalnız coğrafi mövqe kifayət etmir. Bunun üçün dövlətin və onun liderinin beynəlxalq tərəfdaşlar arasında yüksək etimad və etibara malik olması vacibdir.

"Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığı və yeni əməkdaşlıq formatlarına qoşulması ölkəmizin xarici siyasət coğrafiyasını genişləndirir. 2024-cü ildə D-8-ə doqquzuncu üzv kimi qəbul edilməsi, 2025-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması, həmin il Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsi bu prosesin mühüm nəticələridir. Ölkəmizin hazırda Türk Dövlətləri Təşkilatı (TDT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində sədrliyi, eləcə də qarşıdakı illər üçün nəzərdə tutulan beynəlxalq tədbirlər bu prosesin mühüm göstəriciləridir. Belə ki, 2027-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə və İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcək, İƏT-in XVI Zirvə görüşünə ev sahibliyi edəcək. Həmin il Müstəqil Dövlətlər Birliyi çərçivəsində Özbəkistanla həmsədrlik, 2028-ci ildə isə ilk dəfə MDB-yə sədrlik nəzərdə tutulur. 2028-ci ilin mayında 47 üzv dövlətin, o cümlədən Avropa İttifaqının 27 üzv dövlətinin yer aldığı Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsi də ölkəmizin beynəlxalq dialoq platforması kimi rolunu gücləndirəcək. Beləliklə, Azərbaycan yaxın iki ildə Türk dünyası, Mərkəzi Asiya, İslam dünyası, MDB və Avropa siyasi məkanında çoxtərəfli diplomatiyanın fəal iştirakçısı kimi çıxış edəcək. Bu proseslərin strateji əhəmiyyəti yalnız beynəlxalq tədbirlərə ev sahibliyində deyil, həm də regional və qlobal gündəliyin formalaşdırılmasında, yeni təşəbbüslərin irəli sürülməsində və milli maraqlara uyğun davamlı tərəfdaşlıqların inkişaf etdirilməsindədir", - deputat qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın işğala son qoyması, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi regional əməkdaşlıq üçün yeni siyasi reallıqlar yaradıb. Prezident İlham Əliyevin sülh və əməkdaşlıq strategiyası əldə edilmiş nəticələrin dayanıqlı sabitliyə, iqtisadi inteqrasiyaya və qarşılıqlı etimada çevrilməsini hədəfləyir: "Azərbaycanın qarşıdakı dövrdə xarici siyasətdə daha fəal olması ölkənin artan iqtisadi, siyasi və hərbi imkanları ilə də uzlaşır. Bu kontekstdə Prezident İlham Əliyev 2026-cı ilin iyulunda IV Şuşa Qlobal Media Forumunda və oktyabrın 2-də YAP-ın VIII Qurultayında Azərbaycanın orta güc kimi mövqeyinə dair strateji baxışlarını ifadə edib. Dövlət başçısının yanaşmasına əsasən, orta güc statusunu müəyyən edən başlıca meyarlar iqtisadi müstəqillik, suveren qərarvermə qabiliyyəti, milli maraqların müdafiəsi və beynəlxalq proseslərə təsir imkanlarıdır. Azərbaycanın müstəqil xarici siyasəti, regional sülh təşəbbüsləri və genişlənən strateji tərəfdaşlıqları ölkəmizin fəal orta güc kimi mövqeyini möhkəmləndirən əsas amillərdir".

Oxşar xəbərlər