- 13:11
Əlçatan qiymətlərlə aviabiletlərin sayının artırılması və vətəndaşlara daha çox seçim imkanının yaradılması vacibdir.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü iclasında deyib.
O bildirib ki, aviasiyanın inkişafını yalnız sərnişinlərin və uçuşların sayının artması ilə ölçmək olmaz. Bu inkişafın nəticəsi həm də insanların gündəlik həyatında da yaratdığı imkanlarla ölçülür.
"Adi vətəndaş üçün təyyarə ilə səyahət əlçatmaz bir seçimə çevrilməməlidir. İnsanlarımız ailələrinə baş çəkmək, təhsil almaq, müalicə olunmaq, işgüzar səfərlərə çıxmaq və dünyanı tanımaq üçün münasib qiymətlərlə uçmaq imkanına sahib olmalıdırlar. Bu baxımdan marşrutların genişləndirilməsi, rəqabət imkanlarının artırılması və qiymət siyasətində sərnişinlərin maraqlarının nəzərə alınmasının daha da genişləndirilməsi vacibdir", - deyə deputat qeyd edib.
R.Nurullayev daha çox istiqamət üzrə uçuş imkanlarının yaranacağına və aviabiletlərin vətəndaşlar üçün daha əlçatan olacağına ümid etdiyini söyləyib: "Bu gün əlçatanlıq məhdud sayda ucuz biletin mövcudluğudur. Inanıram ki, daha çox insanın münasib qiymətlərlə səyahət edə bilməsi üçün imkanlar genişləndiriləcək. İnanıram ki, aviasiyanın inkişafı ilə bağlı görülən işlər gələcəkdə həm Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə, həm də vətəndaşlarımızın imkanlarının genişlənməsinə xidmət edəcək".