- 16:52
İndoneziyada aylardır davam edən meşə yanğınları nəsli kəsilmək təhlükəsi ilə üzləşən Borneo oranqutanlarının həyatını təhdid edir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Cənub-Şərqi Asiyada yayılan meşə yanğınları, xüsusilə İndoneziya olmaqla, regionun bir sıra ölkələrini sıx tüstü altında qoyub. Kənd təsərrüfatı sahələri yaratmaq məqsədilə bitki örtüyünün yandırılması yanğınların əsas səbəbləri arasında göstərilir. El Nino iqlim hadisəsinin yaratdığı quraqlıq isə alovlarla mübarizəni daha da çətinləşdirir.
Aylarla davam edən yanğınların səbəb olduğu hava çirklənməsi nəticəsində İndoneziya, Malayziya, Sinqapur və Şərqi Timorda məktəblər bağlanıb. İnsanlar və heyvanlar arasında tənəffüs yolları xəstəliklərinin artdığı bildirilir.
İyulun sonunda başlayan yanğınlar Borneo oranqutanlarının təbii yaşayış mühitinə ciddi təhlükə yaradıb. Səlahiyyətli qurumlar və könüllü təşkilatlar yanğınlardan zərər çəkən vəhşi heyvanların xilas edilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.
AFP-nin məlumatına görə, Qərbi Kalimantan Təbiəti Mühafizə İdarəsi və qeyri-kommersiya təşkilatı YIARI avqustun 6-dan etibarən 51 oranqutanı xilas edərək təhlükəsiz ərazilərə yerləşdirib.
İndoneziya Meşə Nazirliyinin məlumatlarına əsasən, son aylarda Kalimantan bölgəsində xilas edilən oranqutanların ümumi sayının 96-ya çatmış ola biləcəyi bildirilir.
Yanğınlardan zərər çəkən bəzi oranqutanlarda yanıq xəsarətləri, qidalanma çatışmazlığı və ağır qanazlığı kimi sağlamlıq problemləri aşkarlanıb. Həmin heyvanların intensiv müalicə altına alındığı qeyd olunur.
Bir vaxtlar Sumatra və Borneo adalarında ümumilikdə 230 mindən çox olan oranqutanların sayının hazırda təxminən 104 minə qədər azaldığı bildirilir. Davam edən meşə yanğınları nəsli kəsilmək təhlükəsi ilə üzləşən bu primatların gələcəyi ilə bağlı narahatlıqları daha da artırır.
Şəbnəm Mehdizadə