- 16:42
Nigeriyanın Plato ştatında 2026-cı il ərzində 11 min vərəmə yoluxma hadisəsinin qeydə alındığı bildirilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ştatın vərəm proqramının monitorinq və qiymətləndirmə üzrə məsul şəxsi Yohanna Bot paytaxt Coz şəhərində keçirilən brifinqində bu il bölgədə 11 min vərəm xəstəsinin aşkarlandığını bildirib.
Onun sözlərinə görə, iyul-sentyabr ayları ərzində 2 047 xəstə müəyyən edilərək müalicəyə cəlb olunub. Hazırda xəstələr ştatın müxtəlif ərazilərində yerləşən tibb müəssisələrində müalicə alırlar.
Bot həddindən artıq sıx yaşayış şəraitinin, qeyri-kafi qidalanmanın və immun sisteminin zəifləməsinin xəstəliyin yayılma riskini artırdığını qeyd edib. Onun sözlərinə görə, 5 yaşadək uşaqlar, yaşlılar və HİV-lə yaşayan şəxslər xəstəliyə qarşı daha həssasdırlar.
Rəsmi şəxs xəstəliklə bağlı yanlış təsəvvürlərin və ictimai damğalanmanın insanların vaxtında tibbi yardıma müraciət etməsinə mane olduğunu vurğulayıb.
Bot təhlükəsizlik problemlərinin və əhalinin məcburi köçkünlüyünün xüsusilə Mangu, Coz-Cənub və Barkin-Ladi bölgələrində xəstələrin aşkarlanmasını, eləcə də onların müalicəyə çıxışını çətinləşdirdiyini bildirib.
O, məcburi köçkünlərin məskunlaşdığı düşərgələrdə və həbsxanalarda xəstəliyin erkən aşkarlanması məqsədilə skrininq tədbirlərinə üstünlük verildiyini qeyd edib.
Bot vərəm əleyhinə dərmanların təminatında yaranan çətinliklərin təchizat zəncirindəki problemlər və beynəlxalq maliyyə mənbələrindən asılılıqla əlaqəli olduğunu bildirib.
Qeyd edək ki, Nigeriya dünyada vərəm hallarının yüksək olduğu ölkələr sırasındadır. Qarşısı alına bilən və müalicəsi mümkün olan bu xəstəliklə mübarizədə gecikmiş diaqnoz, tibbi xidmətlərə çıxış imkanlarının məhdudluğu və xəstələrə qarşı ictimai damğalanma əsas problemlər olaraq qalır.
Şəbnəm Mehdizadə