Fikrət Məmmədov penitensiar sistemindəki vəziyyətdən danışdı


  • 24 Noyabr 2021 09:56

"Penitensiar islahatların həyata keçirilməsi zamanı şəffaflığa böyük diqqət ayrılır. Biz artıq 20 ildən çoxdur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq edirik, onun nümayəndələri penitensiar müəssisələrə maneəsiz baş çəkmək və məhbuslarla təklikdə görüşmək hüququna malikdirlər. Avropa işgəncələrin qarşısının alınması Komitəsi ilə də uğurlu əməkdaşlığımız var. Bununla yanaşı, biz penitensiar müəssisələrin ictimai monitorinqi ilə bağlı öz modelimizin təşəbbüskarı olmuşuq. Bu məqsədlə artıq 15 ildir ki, xüsusi İctimai Komitə uğurla fəaliyyət göstərir, onun tərkibinə ölkənin tanınmış hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri daxildir. Bizim yanaşmamız bir çox əcnəbi həmkarlarımız tərəfindən artıq “yaxşı” praktika modeli kimi qəbul edilir".

E-huquq.az-ın məlumatına görə, bunu haqqın.az-a müsahibəsində ədliyyə naziri Fikrət Məmmədov deyib.

O bildirib ki, müntəzəm monitorinqlər çatışmazlıqları aşkarlamaq, onlara dərhal reaksiya vermək və aradan qaldırılması üçün tədbirlər görmək, habelə fəaliyyəti təkmilləşdirmək imkanı verir: "İslahatların vacib istiqamətlərindən biri də müasir penitensiar müəssislərin yaradılmasıdır və bu iş 2000-ci illərdən başlayıb. Onların fərqliliyi azadlıqdan məhrum etmə cəzasının çəkilməsində yeni yanaşmaların tətbiqindədir. Sovet dövründən qalmış və məhkumların böyük qruplarla əlverişsiz ümumi yerdə saxlandığı cəzaçəkmə sistemindən fərqli olaraq, yeni müəssisələrdə respublikada ilk dəfə olaraq kamera tipli saxlanma metodu tətbiq olunub.Bütün kameralarda normal yaşayış üçün zəruri şərait (sanitar qovşağı, qaynar su, televizor və s.) var. Gün rejimi nəzərə alınmaqla məhkumlar günün böyük hissəsini açıq havada keçirir, onlara iş, istirahət, təhsil, idmanla məşğul olmaq, televiziya verilişlərinə baxmaq üçün şərait yaradılıb, kitabxana, kompüter tədris mərkəzləri, müasir tibbi-sanitar hissələr fəaliyyət göstərir və sair".

Nazir göstərilən tibbi xidmətin xüsusilə də vərəmlə mübarizədə yüksək səviyyəsini qeyd edib: "ÜST-ün dəyərləndirməsinə görə, vərəmin penitensiar sistemdə yayılma riski vətəndaş sektoru ilə müqayisədə 100 dəfə çoxdur. Biz bu nəticələrə BQXK və Qlobal Fondla əməkdaşlığın sayəsində nail ola bilmişik. Belə ki, türmələrdə vərəmdən ölüm səviyyəsi son 25 ildə 200 dəfə azalıb, sağalma faizi isə ÜST-ün standartlarını yetərincə ötüb. Bizim müsbət təcrübəmizə tələbat yaranıb və onun yayılması üçün Bakıda Tədris mərkəzi yaradılıb. Həmin mərkəzə ÜST beynəlxalq status verib. Avropanın və digər qitələrin onlarla ölkəsindən yüzlərlə ekspert bizim təcrübəmizi öyrənərək bu modelləri tətbiq etməyə başlayıb".

F.Məmmədov bildirib ki, yeni penitensiar müəssisələr artıq Naxçıvanda və Şəkidə fəaliyyət göstərir: "Bu komplekslərin bölgələrdə tikintisinə üstünlük verilib ki, bu da məhkumların cəmiyyətə təkrar inteqrasiyasına yardım edir, belə ki, onlar cəzalarını ailələrinə yaxın yerlərdə çəkirlər və bu, onların görüşlərini, ünsiyyətini asanlaşdırır. Bundan əlavə, Zabrat qəsəbəsində 2009-cu ildə Bakı istintaq təcridxanası tikilərək istifadəyə verilib və o, Respublikamızda ən iri penitensiar müəssisədir. Onun əsas xüsusiyyəti hər kamerada ayrıca gəzinti zonasının olmasıdır".

O qeyd edib ki, yeni penitensiar müəssisələrin layihələşdirilməsi və inşası qabaqcıl beynəlxalq praktika, habelə Avropa işgəncələrin qarşısının alınması Komitəsinin və digər beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla aparılır. "Hətta kameraların rəngi də psixoloqların rəyləri ilə seçilir və adətən işıqlı çalarlara üstünlük verilir. Bundan əlavə, hazırda Lənkəranda və Gəncədə penitensiar komplekslərin, Umbakı qəsəbəsində isə türmənin inşası davam edir. Bütün sadalanan obyektlərin inşası planlı şəkildə, dövlətin ayırdığı vəsaitlər nəzərə alınmaqla həyata keçirilir. Düzdür, maliyyə böhranı tikintinin qrafikinə də təsirsiz ötüşməyib, ancaq qətiyyətlə deyə bilərik ki, başlanmış tikinti işlərinin heç biri dayandırılmayıb və hamısında işlər davam etdirilir".

Nazir inşası davam edən 2 ixtisaslaşmış penitensiar müəssisə ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, həmin müəssisələr məhkum olunmuş qadınlar və azyaşlılar üçün nəzərdə tutulub.

"Həmin müəssisələrdə tikinti işləri artıq tamamlanma mərhələsindədir və gələn ilin əvvəlində söylədiyimiz kateqoriyalardan olan bütün məhbusların yeni müəssisələrə köçürüləcəyini planlaşdırmışıq. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu, prezidentin 26.02.2021 tarixli sərəncamı ilə mümkün olub - həmin sərəncamla bu müəssisələrin tikintisinin tamamlanması üçün zəruri maliyyə vəsaitləri ayrılıb. Və bütün bunlar pandemiya ilə fəal mübarizə aparan, müharibəni yaşayan, azad olunan əraziləri yüksək sürətlə bərpa edən ölkədə baş verib. Halbuki sadaladıqlarımızın hər biri nəhəng maliyyə xərcləri tələb edir. Bu isə ölkə rəhbərliyinin bəhs etdiyimiz məsələyə verdiyi əhəmiyyəti və diqqəti göstərir. Xüsusi olaraq vurğulamaq istərdim ki, adı çəkilən müəssisələrin inşası sona yaxınlaşsa da, biz tezliklə reallaşacaq “köçürmə”ni gözləmədən məhkum qadın və azyaşlıların saxlanma şəraitinin maksimum mümkün yaxşılaşdırılması üçün tədbirlərimizi davam etdiririk, onlara hüquqi, psixoloji və s. yardımların göstərilməsi imkanlarını genişləndiririk. Biz gözləyirdik ki, bu tədbirlər onların mənəvi ruhunu yüksəltməyə və cəmiyyətə yenidən inteqrasiyasına imkan verəcək, ancaq nəticə bütün gözləntiləri ötdü. Məhkum qadınlar Ədliyyə nazirliyinə iki yüz və hətta üç yüz imza ilə təşəkkür müraciətləri yolladılar və bizim üçün gözlənilməz oldu ki, onlar səmimi arzularla bizim peşə bayramımızı təbrik etdilər", - deyə F.Məmmədov qeyd edib.

O bildirib ki, yeni müasir penitensiar müəssisələrin yaradılması məhkumların hüquqlarının təmin olunması ilə bərabər həm də türmə sisteminin yüklənməsinin azalmasına xidmət edir: "Bu problemin həllinin daha bir üsulu alternativ cəza tədbirlərinin tətbiq olunmasıdır. Məhz bu məqsədlə yeni probasiya xidməti yaradılıb, “elektron bilərziklər”dən istifadəyə başlanılıb. Bu vaxt həm “azadlığın məhdudlaşdırılması” kimi cəzalandırmanın, həm də alternativ cəzaların effektiv tətbiqi təmin edilir. Hazırda 4 000-dən çox məhkum elektron bilərzik taxır və gecə-gündüz çalışan elektron monitorinq xidmətinin nəzarəti altındadır".

Nazir vaxtından əvvəl şərti azadlıq institutunun da effektiv tətbiq edildiyini diqqətə çatdırıb: "Xüsusi komissiya yaradılıb, onun işində vətəndaş cəmiyyətinin nümayəndələri də fəal iştirak edir. Son 3 ildə 5 600-dən çox şəxs vaxtından əvvəl azadlığa çıxıb, 1 660 şəxs isə açıq tipli penitensiar müəssisəyə köçürülüb. Bununla yanaşı, son bir neçə ildə cəzaların humanistləşdirilməsi ilə bağlı qlobal islahat çərçivəsində cinayət qanunvericiliyinə yüzlərlə dəyişiklik edilib, nəticədə bir sıra cinayətlər dekriminallaşdırılıb, sanksiyalar azaldılıb və yeni növ alternativ cəzalar təsis olunub. Bu islahat məhkumların əhəmiyyətli hissəsini əhatə edib, o cümlədən 2 200 şəxs cəzadan tam azad edilib, 3 500 nəfərin isə cəza müddəti azaldılıb".

F.Məmmədov onu da qeyd edib ki, ölkəmizdə humanizm ideyalarına uyğun olaraq əfv və amnistiya institutları da fəal şəkildə tətbiq olunur: "Yalnız son 4 ildə ölkə prezidenti tərəfindən 1 866 məhkum əfv olunub. Yeri gəlmişkən, pandemiyanın əvvəlində 65 yaşdan yuxarı olan və buna görə risk qrupuna düşən şəxslərin əksəriyyəti əfv edilmişdi. Həmçinin Qələbə bayramı münasibətilə dövlət başçısının təşəbbüsü ilə Milli Məclis Amnistiya aktını qəbul edib və o, təxminən 17 000 nəfərə şamil olunacaq. Artıq bu günədək amnistiya müxtəlif növ cəza çəkən 1 500 nəfərə tətbiq edilib".

Onun sözlərinə görə, bu tədbirlər də türmə əhalisinin sayının azaldılmasına yardım edir: "Bütün bunlar o demək deyil ki, bizim problem və çatışmazlıqlarımız yoxdur, onlar bizə məlumdur, bizi narahat edir və onların aradan qaldırılması üçün ardıcıl tədbirlər görülür".

Oxşar xəbərlər