- 23 Oktyabr 16:34
Cəmiyyətimizdə uzun illər boyu ailə münasibətlərində kişilər əsas maddi təminatçı, qadınlar isə daha çox uşaqların qayğısına qalan tərəf kimi qəbul olunub. Bu ənənəvi baxış tərzi səbəbindən aliment ödəyən tərəf dedikdə, insanların ağlına adətən kişilər gəlirdi. Lakin Ədliyyə Nazirliyinin açıqladığı son rəqəmlər göstərir ki, artıq bu stereotip tədricən dəyişir – hazırda 2800 qadın aliment ödəyir. Bu fakt yalnız statistik göstərici deyil, həm də ailə institutunda, cəmiyyətin sosial strukturunda və gender rollarına münasibətdə gedən dəyişikliklərin bariz nümunəsidir. Müasir dövrdə qadınlar da kişilər kimi iqtisadi cəhətdən müstəqil olur, karyera qurur, ailə başçısı və ya əsas qazanc gətirən şəxs rolunda çıxış edirlər. Bu isə o deməkdir ki, boşanma halında uşağın kimlə qalmasından asılı olaraq, qadın da aliment ödəyən tərəf kimi hüquqi öhdəlik daşıya bilər. Bu tendensiya ailə münasibətlərində məsuliyyətin və valideynlik öhdəliklərinin cinsdən asılı olmayaraq bölüşdürülməsi istiqamətində mühüm bir sosial dönüşü əks etdirir.
Mövzu ilə bağlı e-huquq.az-a danışan vəkil Gülnar Əliyeva deyib ki, aliment ödəyən qadınların sayı son illərdə artıb və bu, cəmiyyətdə gender bərabərliyinin inkişafını göstərir. O, hesab edir ki, qadınların aliment ödəməsi, uşaqlarının rifahını təmin etmək və hüquqi öhdəlikləri yerinə yetirmək məqsədini güdür: "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Əgər məhkəmə qərarı ilə uşaq atanın himayəsində saxlanarsa, ana aliment ödəməyə borcludur. Alimentin ödənilməsi qadın və ya kişi olmasından asılı olmayaraq, uşağın ehtiyaclarının, yəni uşaqların təhsil, səhiyyə və digər ehtiyaclarının qarşılanmasında mühüm rol oynayır. Alimentin ödənilməməsi uşağın sosial və psixoloji rifahına ciddi təsir edə bilər".
Vəkil təəssüflə bildirib ki, aliment öhdəliyi daşıyan qadınlar arasında da ödənişdən yayınma halları müşahidə olunur: "Lakin qanuni olaraq, alimentin ödənilməsi təkcə kişilərin deyil, həm də qadınların öhdəliyi ola bilər. Bu, alimentin yalnız kişilərə aid bir məsuliyyət olmadığına, həmçinin qadınların da bu öhdəliyi daşıdığına işarədir. Əgər uşaqların himayəsi ataya verilibsə, o zaman ana da aliment ödəməyə borcludur. Əgər qadın aliment ödəməməkdə davam edərsə, qanunlar və tətbiq edilən sərt tədbirlər nəticəsində, alimenti ödəməyən borclunun xaricə səfər etməsi məhdudlaşdırılır, bank hesabları və əmlakı üzərinə həbs qoyularaq borcun məcburi şəkildə ödənilməsi təmin edilir. Əgər valideyn aliment borcunu davamlı olaraq ödəmirsə və qəsdən bu öhdəlikdən yayınırsa, ona qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr, qısa müddətli inzibati həbs və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, 3 ilə qədər azadlıqdan məhrum edilə bilər. Ölkəmizdə alimentin ödənilməsində çətinliklər ümumi işlərin təqribən 3-5 faizini təşkil edir".

G.Əliyevanın sözlərinə görə, bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödənilə bilər. Lakin bu, heç də belə deyil: "Valideynlər rəsmi nikahda olduqları müddətdə də uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən (ata və ya anadan) məhkəmə qaydasında tutula bilər. Ailə Məcəlləsinin 75.5-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə valideynlər arasında saziş bağlanıla bilər və belə saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir".
Vəkil deyib ki, cəmiyyətdə alimentin boşanmaların sayının artmasına səbəb olduğu barədə yanlış fikir mövcuddur: ""Boşanma artıb", "qadınlar aliment üçün boşanırlar", "TikTok"a baxıb boşanırlar" demək professional yanaşma deyil. Boşanmaya təsir edən amillərdən daha çox iqtisadi vəziyyət, təhsil səviyyəsi, məişət zorakılığını göstərmək olar. Boşanma üçün müraciət edən qadınların əksəriyyəti məişət zorakılığı qurbanlarıdır. Dəfələrlə boşanma üçün cəhdlər edirlər. Lakin qadınların iqtisadi asılılığı, iqtisadi cəhətdən müstəqil olmaması zorakı ərin yanına qayıtmağa onları məcbur edir. Əgər alimentə görə boşanılırsa, hər kəs yaxşı bilir ki, aliment ödənilməyə də bilər, fasilələrlə də ödənilə bilər. Hətta araşdırsanız, görərsiniz ki, qadınlar minimum alimenti belə ala bilmirlər. O baxımdan, alimentlə bağlı deyilənlər həqiqətə uyğun deyil. Səsləndirilən fikrə bir əsas olmalı, ciddi təhlilin nəticəsi olaraq ortaya qoyulmalıdır. Ona görə də aliment məsələsi boşanmaya səbəb kimi göstərilə bilməz".
G.Əliyeva qeyd edib ki, bəzən alimentin məbləği uşaqların ehtiyaclarını tam qarşılamır, bu da qadınların əlavə maddi yükünü artırır: "Aliment valideynlərdən birinin (uşağın yanında yaşamayan) uşağın saxlanılması və ehtiyaclarını qarşılamaq üçün ödəməli olduğu maddi yardımdır. Alimentin ödənilməməsi isə valideynin bu öhdəliyi yerinə yetirməməsi və uşağın maddi təminatsız qalması deməkdir. Aliment məbləğini könüllü ödəməyənlərə qarşı hüquqi tədbirlər görülür. Bir çox ölkələrdə məhkəmə alimentin ödənilməməsi hallarında dövlət icbari icra mexanizmləri (gəlirdən məcburi tutulma, həbs, səyahət qadağası) tətbiq edir. Alimentin ödənilməməsi uşaqların emosional tarazlığını pozur, onların davranışlarında ciddi dəyişikliklərə səbəb olur. Bəzi uşaqlar aqressiv davranışlar sərgiləyərək qəzəblərini ifadə edirlər, digərləri isə passivləşərək özlərini dünyadan təcrid edirlər. Bu cür problemlərin qarşısını almaq üçün uşaqlara emosional, sosial dəstək göstərilməlidir. Uşağın rifahı üçün yalnız maddi yox, eyni zamanda mənəvi və psixoloji dəstək vacibdir. Alimentin ödənilməməsi uşağın maddi rifahını pozur, emosional durumuna mənfi təsir edir və gələcək imkanlarını məhdudlaşdırır".
Humay Eminqızı