Vətəndaş yaşadığı evdən hansı hallarda çıxarıla bilər? - HÜQUQİ ŞƏRH


  • 1 İyul 2020 14:42

Yaşayış sahəsi mülkiyyətçisinin və ona məxsus olan sahədə yaşayan digər vətəndaşların hüquq və vəzifələri Mənzil Məcəlləsinə əsasən tənzimlənir.

E-huquq.az bildirir ki, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

- Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir.

- Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır.

- Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

Bəs, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən istifadə qaydalarını pozan şəxsin yaşayış sahəsindən çıxarılması hansı qaydada həyata keçirilir?

- Şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır.

- Yaşayış sahəsindən məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı və ya vəsiyyət tapşırığı əsasında istifadə edən vətəndaş həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədikdə, müntəzəm olaraq qonşuların hüquqlarını və qanuni mənafelərini pozduqda və ya yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) yol verməklə onunla təsərrüfatsızcasına rəftar etdikdə, yaşayış sahəsinin mülkiyyətçisi həmin vətəndaşı pozuntuların aradan qaldırılması barədə xəbərdarlıq etmək hüququna malikdir. Əgər göstərilən pozuntular yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) gətirib çıxarırsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin təmir edilməsi üçün ağlabatan müddət təyin etmək hüququna da malikdir. Əgər həmin vətəndaş yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən edilən xəbərdarlıqdan sonra qonşuların hüquqlarını və qanuni mənafelərini pozmaqda və ya yaşayış sahəsindən təyinatı üzrə istifadə etməməkdə davam edərsə və ya üzrlü səbəblər olmadan zəruri təmir işlərini aparmazsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır.

Xəyalə Bünyatova

Oxşar xəbərlər