Məhkəmə müstəvisində işi araşdırılan istənilən şəxs məhkəmənin çıxardığı hökm və ya qərardan apelyasiya şikayəti vermək hüququna malikdir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü ləğv edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində birinci instansiya məhkəməsinin hökm və ya qərarıın dəyişdirilməsi mümkün olan hallar nəzərdə tutulub.
E-huquq.az xəbər verir ki, Məcəllənin 405-ci maddəsinə əsasən, Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü aşağıdakı hallarda dəyişdirir:
– cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə;
– cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət haqqında cinayət qanunvericiliyini tətbiq etdiyi halda;
– tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin mәblәğlәri artırdıqda, belə artırma ittihamın həcminə və cinayətin tövsifinə təsir göstərmədiyi halda;
– hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda.
– Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını aşağıdakı hallarda dəyişdirir:
– ictimai təhlükəli əməlin tövsifinin dəyişdirilməsi və daha yüngül cinayət haqqında cinayət qanununun normasının tətbiq edilməsi;
– tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlərin yüngülləşdirilməsi və ya ağırlaşdırılması;
– hüquqi şəxs barəsində tətbiq edilən cinayət-hüquqi tədbirlərin yüngülləşdirilməsi və ya ağırlaşdırılması.
