İşçi işdən çıxmaq barədə ərizəsini hansı hallarda geri götürə bilər?


  • 26 Oktyabr 2021 17:56

«Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası» Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsində öz əksini tapıb. Şərh olunan maddə istənilən hər hansı işçiyə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdarlıq etməklə əmək müqaviləsini ləğv etmək hüququ verir. Bu maddə əmək azadlığı prinsipini əks etdirir. Yəni işçi istənilən vaxt əmək əmək münasibətini dayandırmaq hüququna malikdir. Bu prinsip bütün işçilərə şamil olunur.

Beləliklə, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasına diqqət yetirək:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə;

2. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Əmək müqaviləsini ləğv etmək hüququndan istifadə etmək istəyən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. İşçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı bir aylıq xəbərdarlıq müddəti qanunvericilik tərəfindən həm işəgötürənin, həm də işçinin mənafeləri nəzərə alınaraq müəyyən edilib.

İşçi müəyyən səbəblərdən iş yerində olmadığı vaxtda (əmək qabiliyyətini müvəqqəti itirdiyi, məzuniyyətdə, ezamiyyətdə olduğu dövrlərdə) əmək müqaviləsini ləğv etmək qərarına gələ bilər və bu barədə yazılı ərizə ilə işəgötürənə müraciət edə bilər.

Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

Aşağıdakı hallarda işçinin ərizəsində göstərdiyi gündə əmək müqaviləsi ləğv edilə bilər:

- İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda;

-Təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda;

- Yeni yaşayış yerinə köçdükdə;

- Başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda;

- Seksual qısnamaya məruz qaldıqda;

- Qanunvericilikdə nəzərdə tutulmuş digər hallar.

Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi göstərilən maddə ilə ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

Aytac Qurbanova

Əmək münasibətləri üzrə ekspert

Oxşar xəbərlər