Nikah pozularkən boşanmaya səbəb olan şəxs təzminat ödəməlidirmi?


  • 5 Sentyabr 2022 14:36

"Nikahın pozulması zamanı məhkəmələr boşanmanın ər yaxud arvadın təqsiri ucbatından baş verməsi halını kifayət qədər geniş araşdırmır".

Bunu e-huquq.az-a açıqlamasında "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili Fərid Məmmədli deyib.

O bildirib ki, geniş araşdırmanın aparılmamasına səbəb Azərbaycan qanunvericiliyində bu halın nəzərdə tutulmamasıdır: "Ailə Məcəlləsinə əsasən, ər yaxud arvad boşanmaq istəyirsə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Hər iki tərəf boşanmaya razıdırsa, məhkəmə nikahın pozulması haqqında qətnamə qəbul edir. Yox əgər tərəflərdən biri boşanmaq istəmirsə, bu zaman məhkəmə barışıq üçün 3 aylıq vaxt verir. Bu zaman məhkəmə araşdırması zamanı nikahın pozulmasının səbəbi dərindən araşdırılmır. Sadəcə tərəflərin fikri, boşanmaq istəyib-istəməmələri dərindən araşdırılır".

Vəkilin sözlərinə görə, bu araşdırmanın aparılmaması bir çox hallarda tərəflərdən birinin hüquqlarının pozulmasına gətirib çıxarır.

"Məsələn, Türkiyə qanunvericiliyində nikahın pozulmasının səbəbi dərindən araşdırılır. Onlarda boşanma iki cür olur: "anlaşmalı boşanma" və "çəkişməli boşanma" kimi adlandırırlar. Hər iki tərəf razı olduqda "anlaşmalı boşanma" ilə nikah pozulur. Lakin tərəflərdən biri nikahın pozulmasında hər hansı bir səbəb gətirirsə, bu zaman "çəkişməli boşanma" prosesi ilə işə baxılır. İşə baxılan zaman tərəfin gətirdiyi səbəb məhkəmə tərəfindən tam araşdırılır. Türkiyə qanunvericiliyi hesab edir ki, əgər bir şəxs nikaha girisə və qarşı tərəfin təqsiri ucbatından nikahı pozulursa, bu zaman ona mənəvi zərər dəyir. Ona görə də nikahın pozulmasında səbəb olan şəxs ona təzminat ödəməlidir. Məsələn, ərin evə gec gəlməsi, həyat yoldaşını döyməsi, təhqir etməsi, xəyanət etməsi, ailəsinə baxmaması nikahın pozulmasının səbəbi kimi göstərilir və nikahın pozulmasına səbəb olan şəxsin qarşı tərəfə təzminat ödəməsi qərara alınır. Azərbaycan qanunvericiliyində isə bu hal nəzərdə tutulmayıb. Məhkəmə bu kimi səbəbləri araşdırmadan nikahı pozur. Bu halda digər tərəfin hüquqları pozulur və ona dəymiş mənəvi zərər kompensasiya olunmur", - deyə F.Məmmədli qeyd edib.

Oxşar xəbərlər