"Mediasiya prosesində tərəflərlə yanaşı, vəkillər və nümayəndələr də iştirak edə bilərlər"


  • 14 İyul 2021 14:20

Bu günlərdə Milli Məclisdə “Mediasiya haqqında” qanun layihəsiqəbul olunub. Mediasiya nədir, cəmiyyətə hansı faydaları var, insanlar bundan necə yararlana bilər?

Bu barədə Mediasiya Şurasının üzvü, mediator İlham Fərzəliyevlə söhbətləşdik.

- Mediasiya nədir? Onun əhəmiyyəti, cəmiyyətə verdiyi faydalar nədən ibarətdir?

- Cəmiyyətlər daim mübahisələrin həlli üçün öz istək və ehtiyaclarına uyğun müxtəlif mexanizmlər tapmağa və onlardan istifadə etməyə çalışır. Demək olar ki, bütün mübahisə və konfliktlər diplomatiya, danışıqlar və razılığa əsaslanan digər metodlarla öz həllini tapır. Belə metodlardan biri də mediasiyadır. Dəqiq desək, mediasiya ictimai münasibətləri tənzimləyən, tərəflər arasında yaranmış mübahisələrin qarşılıqlı razılıq əsasında həlli üçün alternativ üsullardan biri, qanunla tənzimlənən prosesdir.

- Mediasiyanın tətbiq dairəsi nələrlə məhdudlaşır? Kimlər bu prosesdə iştirak edə bilər?

- Mediasiyanın tətbiq dairəsi mülki işlər, xarici elementli mübahisələr də daxil olmaqla bütün kommersiya mübahisələrini, ailə, əmək və inzibati-hüquq münasibətlərindən irəli gələn mübahisələri əhatə edir. Mediasiya prosesinin iştirakçıları mediator və mübahisə tərəfləridir. Tərəflər dedikdə, hüquqi və fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər, habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlar nəzərdə tutulur. Mediasiya prosesində tərəflərlə yanaşı, onların vəkilləri, nümayəndələri, tərcüməçiləri, ekspert və mütəxəssisləri də iştirak edə bilərlər.

- Alternativ məhkəmə deyə bilərikmi?

- İlk baxışdan bənzəsə də, əslində tamamilə fərqli proseslərdir. Məhkəmədə mübahisə tərəfləri tətbiq olunan qanunlara, faktiki, sübutedici əsaslara diqqət yetirir, problemin görünən aspektlərinə fokuslanırlar və bununla da hüquqi mövqelərini formalaşdırırlar. Bu halda mübahisənin əsl səbəbləri, həmçinin onun duyğular, qorxu və qavrayışlar, ehtiyaclar, dəyərlər və ya maraqlar ilə müəyyən edilən subyektiv tərəfləri nəzərdən qaçır. Mediasiya prosesində isə mübahisələrin əsl səbəbləri araşdırılacaq və tərəflərin maraqlarına, ehtiyaclarına uyğun, ən səmərəli şəkildə həllinə yol açılacaq.

- Mediator kimdir və onun vəzifələri (və ya fəaliyyəti) nədən ibarətdir?

- Mediator mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş peşəkar şəxsdir. Mediasiya hazırlığı üzrə təlim keçərək müvafiq sertifikat alan və Mediasiya Şurasına üzv olan şəxslər mediator fəaliyyəti ilə məşğul ola bilərlər.

- Mediasiyada tərəflərin hüquq və vəzifələri nədən ibarətdir?

- Qeyd edim ki, mediasiya könüllü xarakter daşıyır. 2021-ci ilin iyul ayından etibarən iqtisadi, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr icbarı xarakter daşıyır. Yəni, tərəflər bu mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasına qatılmalıdırlar.Tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar. Mediasiya tərəflərin qarşılıqlı razılığı ilə bağlanan “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında həyata keçirilir.

Mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər. Onların habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, istənilən mərhələdə mediasiyadan imtina etmək hüquqları var. Tərəflər qarşılıqlı razılaşma əsasında mediasiya prosesinin tətbiqinin, onun həyata keçirilməsinin və başa çatdırılmasının bütün şərtlərini sərbəst şəkildə müəyyənləşdirməli, bununla yanaşı, barışıq sazişinin icrasını təmin etməli və mediasiya prosesinin konfidensiallığını qorumalıdır. Mediator tərəfsiz və qərəzsiz olmalıdır

- Mediatorla vəkilin fərqi nədir?

- Vəkilin əsas vəzifəsi ona müraciət edən fiziki və ya hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiəsindən, habelə onlara digər hüquqi yardımların göstərilməsindən ibarətdir. Mediator isə mübahisə tərəflərinin qarşılıqlı razılaşma əsasında müraciət etdiyi və ya “Mediasiya haqqında qanun”un tələblərinə müvafiq şəkildə mediasiya təşkilatının təyin etdiyi tərəfsiz peşəkar şəxsdir. Mediatorun vəzifəsi tərəflərin razılığı çərçivəsində onların ünsiyyət kommunikasiyasının yaxşılaşdırlmasına vasitəçilik etmək, mübahisələrinin həllinə kömək göstərməkdir. Mediator tərəfsiz və qərəzsiz olduğu üçün mediasiya zamanı hər iki tərəfə tələblərini təqdim etmək üçün bərabər imkanlar yaradır. Bu da mübahisə predmetinin düzgün təhlil olunaraq, optimal həllinə yol açır.

- Mediasiyanın xərcləri, ödənişləri, maliyyə mənbələri barədə geniş məlumat verərdiniz.

- Mediasiya ödənişli əsaslarla həyata keçirilir. Ancaq mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz həyata keçirə bilər. Mediasiya prosesinə dair xərclər “Mediasiya haqqında” qanunla təsbit olunub. Mediasiya xərclərinə mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına verilən mükafat, mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri aiddir.

Bu xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilir və bu qayda müvafiq qanunla müəyyən edilir.

- Kimlər mediator ola bilər?

- Yaşı 25-dən yuxarı, ali təhsilli, ən azı 3 il iş stajı olan, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək müvafiq sertifikat alan şəxslər mediator ola bilərlər.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər mediator ola bilməzlər. Bu tələblərə cavab verən şəxslər Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediator fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

- Məhkəmənin hökm vermək və qəti qərar qəbul edib icra etdirmək hüququ var. Bəs mediator ona müraciət edən tərəfləri hansı üsulla razılığa gətirəcək və yekun qərarda onun rolu necə olacaq?

- Qeyd etdiyimiz kimi, mediasiyanın təməl prinsipi danışıqlar yolu ilə tərəfləri uzlaşdırmaqdır. Buna nail olmaq üçün isə mediatorun təcrübəsi, vəziyyəti qiymətləndirmə, düzgün hədəfi müəyyən etmə və səmərəli strategiyadan istifadə bacarığı olmalıdır. Mediasiya prosesinin yekun sənədi barışıq sazişidir. Əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, tərəflər üçün imzalandığı gündən məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, sənəd imzalandıqdan sonra 10 gün ərzində könüllü şəkildə icra olunmalıdır. Sazişin könüllü icrasından boyun qaçırmaq Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən edilən məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Saziş məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur.

- Əgər konfliktin təhlili məhkəmə prosesi kimi müdaxilələrin daha uyğun və ya effektiv olacağına əsas verirsə, tərəflər yenə də mediasiyaya getməlidirlərmi?

- Mövcud qanunvericiliyə görə ailə, əmək və kommersiya mübahisələri icbari mediasiya prosesindən keçməsə, məhkəmə iddianı icraata qəbul etmir. Ona görə də hətta tərəflər istəməsələr də, bu mübahisələr üzrəmediasiyaya müraciət etməlidirlər. Mediator müraciətə baxdıqdan sonra tərəflərin qarşılıqlı razılaşması ilə mübahisənin həllinin mümkünsüzlüyü qənaətinə gəlsə, mediasiya prosesinə xitam verir və müvafiq qaydada hazırlanan sənədi tərəflərə təqdim edir. Bundan sonra tərəflər istədikləri instansiyaya müraciət edə bilərlər.

- Azərbaycanda əsasən hansı ölkələrin təcrübəsi tətbiq olunur? Və nə üçün?

Mediasiya Amerika və Avropa ölkələrində geniş yayılıb. Buna səbəb həmin dövlətlərdə məhkəmə rüsumlarının və vəkil xidmətlərinin bahalı olmasıdır. Azərbaycanda isə həm könüllü, həm də İtaliya və Türkiyə təcrübəsinə əsaslananicbari mediasiya tətbiq olunur.

- Azərbaycanda mediasiya institutunun formalaşması hansı mərhələdədir?

- Hələki ilkin mərhələdədir. “Mediasiya haqqında” qanun 2019-cu ildə qəbul olunsa da, onun tətbiqi bəzi obyektiv və subyektiv səbəblərdən təxirə salınırdı. Artıq o səbəblər aradan qaldırıldığına görə yaxın günlərdə mediasiya proseslərinə start veriləcək. İnanıram ki,bu mülki, inzibati-hüquq, ailə, kommersiya və əmək mübahisələrinin həllində çox səmərəli və faydalı olacaq.

Mənbə: "Ədalət" qəzeti

Oxşar xəbərlər