Kommersiya mübahisələrinin mediasiyada həlli sizə nə qazandırır?


  • 7 Yanvar 2022 10:27

Sahibkarlar biznesdə yaranan hər hansı mübahisələri məhkəmə yolu ilə həll etməyə tələsməklə səhv edirlər. Mübahisənin məhkəmədə həlli uzun çəkən (məhkəmə iclasları qeyri-müəyyən müddətə davam edə bilər), bahalı (dövlət rüsumları, vəkil xərcləri və s.) və səmərəsizdir (çox vaxt məhkəmə qərarlarının icrası sadəcə olaraq mümkün olmur). Şirkətin reputasiyasının necə zərər çəkdiyini unutmayın, kommersiya sirləri məhkəmədə açıqlanır. Mübahisə tərəfini mediasiya yolu ilə danışıqlara razı salmaq daha sərfəlidir.

Mediasiyanın üstünlükləri:

Mediasiyanın məhkəmə çəkişmələri ilə müqayisədə aşağıdakı 3 mühüm üstünlüyü var.

Vaxta və pula qənaət: Mübahisəniz yaxşı halda bir ilədək davam edən məhkəmə çəkişməsindən fərqli olaraq 2-4 saat ərzində həll yolunu tapa bilər ki, bu da münahisənin həllinə sərf olunan xərcləri xeyli azaldır.

Məxfilik: Biznes üçün ən həssas məsələ kommersiya sirrinin qorunmasıdır. Mediasiya sizə mediasiya haqqında qanuna əsasən, məxfiliyi qorumağa imkan verir: bütün məlumatlar gizli saxlanılır.

Əməkdaşlığın qorunması: Mediasiya zamanı “kimin haqlı, kimin haqsız” olduğunun müəyyən edildiyi məhkəmədən fərqli olaraq, tərəflər arasında əməkdaşlığa əsaslanan razılaşmanın əldə olunması nəzərdə tutulduğundan “qalib” və “məğlub”olmur, hər iki tərəf qalib olur.

Tərəflər arasındakı mübahisə birgə həll yollarını tapmaq üçün danışıqlara çevrilir.

Mediatorun vəzifəsi tərəflərin maraqlarını müəyyən etmək və onları həll yollarını tapmağa yönəltməkdir.

Mediasiya bir və ya bir neçə şirkətin təsisçiləri, səhmdarları arasında korporativ mübahisələr, xidmətlərin göstərilməsi, alqı-satqı, icarə, müqavilə, işçi ilə işəgötürən arasında əmək şəraiti, onun ödənişi, kompensasiya ödənişləri, işdən çıxarılma və s. mübahisələrdə çox səmərəlidir və bu artıq dünya təcrübəsində öz təsdiqini tapıb.

Mediasiya prosesində addımlar:

1. Mediasiyaya müraciət etmək qərarı. Mediasiyanın əsas şərti tərəflərin mübahisələrin həllində bu prosedurdan istifadə etməyə hazır olmasıdır. Qanun mediasiyanın birinci prinsipini - könüllülük prinsipini təsbit edir.

2. Mediator seçimi. Tərəflər mediatorların reyestrində qeydə alınmış mediatorlar arasından mediator seçirlər.

3. Mediasiyanın tətbiqi barədə müqavilənin bağlanması. Müqavilə yazılı şəkildə bağlanır və tərəflərin mediasiyadan istifadəyə razılığını təsbit edir. Mediasiya zamanı mediator tərəflərlə qarşılıqlı əlaqədə olur: o, birgə və fərdi görüşlər keçirə bilər. Təcrübəyə əsasən, bir mediadiya sesiyası 2,5-3 saat davam edir.

4. Mediasiyanın başa çatdırılması. Tərəflər birlikdə əldə edilmiş razılaşmaları, öhdəlikləri və onun həyata keçirilməsi şərtlərini özündə əks etdirən barışıq sazişi bağlayırlar.

5. Barışıq sazişinin icrası. Mediasiya haqqında qanuna görə, bu müqavilə tərəflərin könüllülüyü və vicdanlılığı əsasında icra edilir. Lakin tərəflərdən biri saziş üzrə öhdəliklərini icra etmədikdə, digər tərəf məhkəməyə müraciət edir, məhkəmə 10 gün müddətində bu sazişi təsdiq edir və saziş məhkəmə qətnaməsi kimi məcburi icraya yönəldilir.

Azərbaycanda sahibkarlar artıq mediasiya prosedurundan istifadə edir və münaqişələri uğurla həll edir. Bizim təcrübəmizdə artıq bəzi müsbət nümunələr var.

Kommersiya mübahisələri sahəsi.

Alıcı satıcıdan ümumilikdə təxminən 7 milyon manat pretenziya tələbi almışdı. Şirkətlər uzunmüddətli tərəfdaşlıqda idilər, malların bir partiyada satışının həcmi 500-600 min manat təşkil edirdi. Alıcı bildirirdi ki, ona təhvil verilən məhsulların bəziləri qeyri-adekvat keyfiyyətdə olub və bu hal ona bir müddət sonra aydın olub. Ona görə də alıcı malın haqqını ödəməmək qərarına gəlmişdi. Satıcı tərəfdən danışıqları təhlükəsizlik üzrə direktor müavini aparmağa başlamış və o, qısa müddətdə alıcı şirkətin baş direktorunu “infarkt” vəziyyətinə gətirmişdi. Nəticədə məhkəməni uduzacağını anlayan alıcı şirkətinin adına olan bütün əmlakları çıxarmışdı ki, uduzanda ziyanına olacaq məhkəmə qətnaməsi icra oluna bilməsin.

Fakt isə bu idi ki, satılan mal əslində alıcını qane edirdi, ona görə də satıcı ilə münasibətləri kəsmək heç də alıcının maraqlarına cavab vermirdi. Bu iş məhkəməyə getsəydi, o zaman hər iki şirkət xeyli xərcə düşəcəkdi. Satıcı müntəzəm müştəri-alıcını və xeyli miqdarda pul itirəcək, aldığı malın pulunu verməməsi səbəbindən bazarda etibarlı müştəri kimi reputasiyasını itirəcəkdi.

Mediasiyanın köməyi ilə əməkdaşlıq əlaqələri bərpa edildi, şirkət rəhbərləri arasında ünsiyyət, malların çatdırılması qrafiki və onların keyfiyyəti ilə bağlı problemlər həll edildi, iddianın məbləği 2 milyon manat azaldıldı. Hər iki tərəf qalib gəldi.

Təcrübəmizi Sizinlə paylaşmağa davam edəcəyik!

İlhamə Həsənova

Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri, mediator

Oxşar xəbərlər