Şəki 1 saylı Mediasiya Təşkilatı Zəfər Gününə həsr edilmiş tədbir keçirdi - FOTO


  • 8 Noyabr 2022 17:02

Noyabrın 6-da Şəki 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı ilə Şəki Qarışıq Tipli Uşaq Evinin uşaqları ilə birlikdə "Zəfər" gününə həsr edilmiş "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə ailələri ilə birlikdə Şəki 1 saylı mediasiya təşkilatının direktoru Dərya Yaşarlı da daxil olmaqla, mediatorlar Rəfael Cabbarov, Elbrus Məmmədov, Niyazi Məmmədov, Nizamə İsmayılova, Mehdi Hüryanov, İsmayıl İsmayılov, Zamiq Abdullayev, Pünhan Qurbanov, Nicat Abbasov, Günel Ağayeva, Kəmalə Əhmədova, Şəki Qarışıq Tipli Uşaq Evinin müdiri İlhamə Məmmədova olmaqla, uşaq evinin kollektivi və həmin uşaq evində tərbiyə alan 65 nəfər uşaq, həmçinin Şəki şəhər İcra Hakimiyyəti Aparatı başçısının köməkçisi Ziyad Ələkbərzadə, Yeni Azərbaycan Partiyasının Şəki rayon Təşkilatının sədri Daşqın Mikayılov, sədr müavini Ziya Vəliyev, Şəki şəhər İcra Hakimiyyəti Aparatı Hüquq Şöbəsinin müdiri, Qəyyumluq və Himayəçilik komissiyasının sədri Əhmədiyyə Bəşirov, Dövlət Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Şəki rayon Şöbəsinin müdiri Elvin Süleymanov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Ariz Əhmədov, Milli Məclisin deputatı Vüqar İsgəndərovun köməkçisi Anar Nağıyev, Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov, Şəki Regional Vəkil Bürosunun müdiri Xəyal İbrahimov, vəkil Fərid Əliyev və digər şəxslər iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Şəki şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin məzarı üstünə qərənfillər düzüblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının himni səsləndirilib, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şəki 1 Saylı Mediasiya Təşkilatının direktoru Dərya Yaşarlı çıxış edib. O diqqətə çatdırıb ki, 2022-ci ilin yanvar ayından başlayaraq Bakı şəhərində və bir çox regionlarda mediasiya təşkilatları təsis edilib ki, həmin təşkilatlardan biri də Şəki 1 saylı Mediasiya Təşkilatıdır. Şəki 1 saylı Mediasiya Təşkilatı 1 iyul 2022-ci il tarixdən fəaliyyətə başlayıb. Təşkilatda Şəki rayonu daxil olmaqla, Mingəçevir, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Qax, Qəbələ, Oğuz, Ucar, Yevlax, Zaqatala, Zərdab rayonları üzrə vətəndaş müraciətlərinə baxılır.

"Bu gün Azərbaycan Respublikasında mediasiya günü-gündən inkişaf edir, mediator həmkarlarımızın kifayət qədər uğurları, kifayət qədər barışıq sazişləri vardır. Fəaliyyətə başladığı gündən 1 noyabr 2022-ci il tarixədək Şəki 1 saylı mediasiya təşkilatına 1677 iş daxil olub. Bu işlərdən 1450-ə yaxın iş yekunlaşdırılmışdır ki, yekunlaşdırılmış bu işlərdən 200-dən artıq iş üzrə barışıq sazişi bağlanıb. Həmçinin, 100-dən artıq iş üzrə barışıq sazişinin bağlanması, yəni rəsmiləşdirilməsi mümkün olmasa da, həmin işlər üzrə mediatorların vasitəçiliyi ilə tərəflər barışdığından həmin işlərə məhkəməyə getmədən xitam verilib. Artıq bu sahədə yəni, ailə, əmək və kommersiya mübahisələri ilə bağlı məhkəmələrə gedən işlər kifayət qədər azalıb. Hətta vəkil dostlarımız belə icraatlarında bu qəbildən olan işlərin azaldıldığını bildirirlər. Bütün bunlar mediasiyanın uğurlu inkişafının bariz nümunəsidir. Əlbəttə ki, mediasiyanın uğurlu inkişafında mediator həmkarlarımızla yanaşı, Mediasiya Şurası İdarə Heyətinin sədri cənab Nadir Adilovun çox böyük zəhməti vardır. Həqiqətən də, Nadir müəllim mediasiyanın inkişafı üçün gecə-gündüz qətiyyətlə, əzimlə və yorulmadan çalışır", - deyə D.Yaşarlı qeyd edib.

Təşkilat sədri onu da bildirib ki, məhkəmə-hüquq sistemində olduğu kimi, Azərbaycan Respublikasında digər sahələrdə uğurlu islahatlar davam edir, dövlətimizin bütün sahələrində sürətli inkişaf edir: "Bu sahələrdən biri kimi, yəni son illər həyata keçirilən tədbirlər sırasında körpələrə və kimsəsiz uşaqlara göstərilən yüksək qayğı da böyük rəğbətlə qarşılanır. Ulu Öndərimizin davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamlarına əsasən, ölkəmizdə bu sahədə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanaraq həyata keçirilir. Bu böyük lahiyələrdən biri də cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsən yeni binasının açılışında iştirak etdikləri Şəki Qarışıq Tipli Uşaq Evidir. Şəki 1 saylı mediasiya təşkilatı da ətraf 14 rayonda fəaliyyət göstərən mediatorlar və təşkilatın əməkdaşlarından ibarət kollektivi ilə birlikdə mənəvi borc təşəbbüsü olaraq Şəki Qarışıq Tipli Uşaq Evinin uşaqları ilə görüşərək, həmin uşaqları şənləndirmək, onlarla bir xoş gün keçirmək arzusunda idi. Bu gün bu arzumuz reallaşmış və bizə Şəki Qarışıq Tipli Uşaq Evinin uşaqları ilə birlikdə xoş bir gün keçirmək qismət oldu. Bu arzumuzun reallaşmasında bizə dəstək göstərdiyi üçün Şəki şəhər İcra Hakimiyyəti Başçısı cənab Elxan Usubova, həmçinin, Şəki Qarışıq Tipli Uşaq Evinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk".

Çıxışının sonunda D.Yaşarlı tədbir iştirakçılarını Zəfər Günü mübasibətilə təbrik edib: "Bildiyiniz kimi, 30 ildən artıq işğalda olan torpaqlarımız artıq azad edilməsindən 2 il keçir. Biz buna görə cənab Prezidentimizə, rəşadətli Ordumuza, şəhidlərimizə, qazilərimizə və əsgərlərimizə borcluyuq. Şəhidlərimiz bizim baş tacımızdır. Məhz bizim uşaq evlərində böyüyən şəhidlərimiz də vardır ki, bu da uşaq evlərində böyüyən uşaqların düzgün tərbiyə olunmasının, uşaq evlərində vətənpərvər uşaqlarının yetişdirilməsinin, yəni uşaq evlərinə dövlət qayğısının olmasının bariz nümunəsidir. Uşaqlar bizim gələcəyimizdir. Buna görə də bu gün uşaqlarla birlikdə xoş gün keçirməyimizdən qürur duyuruq. Bir daha ölkəmizin hər bir vətəndaşını, o cümlədən, bizim uğurumuza, qələbəmizə sevinən hər kəsi Zəfər Günü münasibətilə təbrik edirəm".

Oxşar xəbərlər