- 14:35
Dövlətin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik ali qanunvericilik aktı hesab olunan Konstitusiya şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən mühüm münasibətləri tənzimləməklə yanaşı, dövlətin konstitusion quruluşunu, xalq hakimiyyəti və dövlətin əsaslarını təsbit edir, eləcə də ölkənin iqtisadi, siyasi, sosial, hüquqi, ideoloji və əxlaqi xüsusiyyətlərini əks etdirir. Həmçinin, dünya dövlətlərinin konstitusiyaları dövlət hakimiyyətinin və dövlət idarəçiliyinin başlıca müddəalarını, məhkəmə hakimiyyətinin sistemini, vətəndaşların, ictimai təşkilat, birlik, müxtəlif qurumların hüquq və azadlıqlarını müəyyən edir. Başqa sözlə, istənilən dövlətin konstitusiyasına nəzər yetirdikdə həmin dövlətin qanunvericilik bazasını, icra və məhkəmə orqanlarının funksiyalarını, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən etmək mümkündür. Konstitusiya bütün ölkədə norma yaradıcılığının əsaslarını, qanunvericilik sistemini formalaşdırır və bütün qanunvericilik sisteminin başında durmaqla, onlar üçün baza rolunu oynayır.
Suverenlik isə dövlətin öz daxilində və xaricdə müstəqilliyinin ifadəsi kimi dövlətin funksiyalarını azad və sərbəst şəkildə konstitusiya və qanunların, həmçinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında həyata keçirmək, eyni zamanda xalqın sərbəst və müstəqil idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında 19 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu əlamətdar günün təsis edilməsi xalqımızın özünün ərazi bütövlüyü uğrunda apardığı milli mübarizəsinin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun yazdığı qəhrəmanlıq salnaməsinin gələcəyə və yeni nəsillərə çatdırılması, onlara aşılanması baxımından müstəsna əhəmiyyətə malikdir. Heç bir qüvvə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhdid yarada bilməz.
2020-ci il sentyabrın 27-si ... Vətən Müharibəsi Qələbəsi
Azərbaycan Respublikasının əbədi və əzəli torpağı olan və beynəlxalq müstəvidə də Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanınan torpaqların azad edilməsi uğrunda münaqişənin son gərginləşməsi yaşanmışdır. 1994-cü ildə “atəşkəs” elan olunsa da, 2020-ci ilin sentyabrın 27-dək Ermənistan tərəfi demək olar ki, hər gün atəşkəsi pozmuş, 2020-ci ilin sentyabr ayının 27-də təmas xəttində baş vermiş gərginlik ən yüksək həddə çatmış və Ermənistanın təxribatlarına cavab olaraq geri dönüşü olmayan müharibə başlanmışdır. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə 44 günlük müharibə başa çatmışdır. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapmış – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qalmış və bununla da tarixi ədalət bərpa olunmuşdur.
30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılmışdır. İşğaldan azad edilmiş ərazilərin inkişafı və dünyaya inteqrasiya olunması istiqamətində yollar salınmış, infrastrukturlar qurulmuş, təhsilin inkişafı üçün bağçalar, məktəblər, ali məktəb, habelə Xankəndi, Füzuli, Zəngilan və Laçın şəhərlərində hava limanları tikilmiş və bütün bunlar ən son texnologiyalarla icra edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə hər il 26 avqust – Laçın şəhəri günü, 4 oktyabr – Cəbrayıl şəhəri günü, 17 oktyabr – Füzuli şəhəri günü, 20 oktyabr – Zəngilan şəhəri günü, 25 oktyabr – Qubadlı şəhəri günü, 8 noyabr – Şuşa şəhəri günü, 20 noyabr – Ağdam şəhəri günü və 25 noyabr – Kəlbəcər şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.
Konstitusiya və Zəfər
Azərbaycan Respublikası Konstitusiyasının preambulasında dövlətin müstəqilliyi və ərazi bütövlüyünün qorunması ən başlıca niyyətlərdən biri kimi qeyd edilmişdir və məhz konstitusiyanın qazandırdığı hüquqi zəmanət və qələbə sayəsində bu niyyət gerçəkləşdirilmişdir. Hər bir Azərbaycan Respublikası vətəndaşı o suverenliyin necə əldə edildiyini başa düşür.
Konstitusion dəyərlərin məhkəmə sistemində tətbiqi və vətəndaş etimadının gücləndirilməsi
Müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan öz məhkəmə sistemini demokratiya, qanunçuluq və ədalət prinsipləri əsasında qurmağa başlamış və Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, ümumxalq referendumu ilə qəbul olunmuş Konstitusiyada hakimiyyət bölgüsü, qanunun aliliyi, insan ləyaqətinin təmin edilməsi və məhkəmə hakimiyyətinin müstəqilliyi ifadə edilmişdir. Bu təməl Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlarla daha da möhkəmləndirilmiş və onun qətiyyətli səyləri nəticəsində ədalətin təşkili dövlətin ən dinamik dayaqlarından birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı Fərmanla məhkəmə islahatları müasir çağırışlara uyğun olaraq yeni mərhələyə qədəm qoymuş, Fərmanın icrası çərçivəsində bir çox institusional islahatlarla yanaşı məhkəmə sistemində də dəyişikliklər edilmiş, 2019-cu ildə inzibati-iqtisadi məhkəmələrin bazasında inzibati və kommersiya məhkəmələri yaradılmış və 2020-ci ildən fəaliyyətə başlamışdır. Rəqəmsal inqilab məhkəmə sisteminə də öz təsirini göstərmiş, Azərbaycanda elektron məhkəmə icraatı tətbiq olunmağa başlanılmış və 2023-cü ildə Respublikanın bütün məhkəmələrində “Elektron məhkəmə” informasiya sisteminin tam tətbiqinə nail olunmuşdur.
Məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi ötən illər ərzində ölkəmiz insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.
Ölkəmizin artan nüfuzu, digər sahələrlə yanaşı son illərdə həyata keçirilmiş mütərəqqi məhkəmə-hüquq islahatlarının nəticəsidir ki, səsvermə nəticəsində Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının ölkəmizdə keçirilməsi qərara alınmışdır. Qeyd edilən tədbir 2025-ci ilin oktyabr ayında yüksək səviyyədə təşkil edilmiş və ölkə başçısı cənab İlham Əliyevin Assambleya iştirakçılarına müraciəti səsləndirilmişdir.
Belə ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması istiqamətində ölkəmizdə son iki ildə aparılmış islahatlar beynəlxalq hakim ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilmişdir.
Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi və demokratik hüquqi dövlət quruculuğu sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun, insan hüquqlarının müdafiə mexanizmlərinin səmərəli fəaliyyətinin təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir.
Necə xoşdur ki, Konstitusiyanın 30-cu il dönümü tam, bütöv və suveren Azərbaycanın hər bir guşəsində qeyd edilir.
Ruhin Yolçuyev, Ali Məhkəmənin Cinayət, inzibati və plenum işlərinin təşkili şöbəsisinin müdiri
Vüqar Bayramlı, şöbənin müdir müavini
Röya Həkimzadə, sektor müdiri