Ali Məhkəmə yol polisinin ölümündə təqsirləndirilən sürücüyə bəraət verdi


  • 29 İyun 2022 12:45

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Albert Tahirovun barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, bəraət hökmü qüvvədə saxlanılıb, prokurorun protesti təmin edilməyib.

Xatırladaq ki, hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib. Albert Tahirov idarə etdiyi avtomobil yol polisi əməkdaşı Xəyyam Bağırzadənin sürdüyü avtomobillə toqquşub. Nəticədə Xəyyam Bağırzadə dünyasını dəyişib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Albert Tahirova 5 il müddətinə məntəqə tipli cəzası verilib.

Sumqayıt Apelyasiya Məhkəməsi təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib. Yeni hökmə əsasən, ona bəraət verilib.

Oxşar xəbərlər