Misir Qasımlı hakimə etiraz olaraq məhkəmə zalını tərk etdi


  • 23 Sentyabr 2022 13:35

Dünən Kiyev vilayətinin Obuxov Rayon Məhkəməsində İkinci Qarabağ müharibəsi qazisi Misir Qasımlının işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bu barədə e-huquq.az-a Misir Qasımlının vəkili Aygül Rəfiyeva məlumat verib.

Onun sözlərinə görə, Misir Qasımlı proses zamanı zaldakıları 27 sentyabr - Anım günü ilə bağlı şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Lakin hakim onun təklifini qəbul etməyib. Buna etiraz olaraq Misir Qasımlı və Sübhan Quliyev məhkəmə zalını tərk ediblər. Proses onların iştirrakı olmadan davam etdirilib.

A.Rəfiyeva qeyd edib ki, məhkəmə prosesində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad vəsatətlə çıxış edərək həm fiziki, həm də hüquqi şəxs kimi Misir Qasımlı və Sübhan Quliyevi şəxsi zaminliyinə götürmək istədiyi bildirib: "Buna görə o, məhkəmədən təqsirləndirilən şəxslər barədə həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Lakin məhkəmə vəsatəti təmin etməyib".

Məhkəmə prosesi təxirə salınıb.

Qeyd edək ki, Misir Qasımlı və Sübhan Quliyev Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar.

Oxşar xəbərlər