Vətən müharibəsi Azərbaycanın qəhrəmanlıq tarixinin ən şanlı səhifəsidir


  • 26 Sentyabr 2022 10:45

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Müzəffər Ali Baş Komandanımızın əmri ilə ordumuz düşmən təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başlayıb. Qüdrətli Ordumuz 44 günlük Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşməni darmadağın edib, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olunub.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

Qələbənin qazanılmasında əsas amillər sırasında ölkəmizin iqtisadi və hərbi gücü xüsusi vurğulanmalıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazanılan tarixi Zəfər məhz bu siyasətin məntiqi nəticəsidir.

Azərbaycan düşmən ordusunu darmadağın etməklə Ermənistanı kapitulyasiyaya məcbur edib. Vətən müharibəsindəki Zəfər dövlətimizin hərtərəfli inkişafı üçün yeni üfüqlər açıb. Bu qələbə xalqımızın birliyinin qüdrətini, ruh yüksəkliyini və torpaqlarımızı qorumaq əzmini daha da yüksəldib. Bu möhtəşəm tarixi qələbə bütün təşkilatların fəaliyyətinə də yeni nəfəs verib.

Torpaqlarımızın azadlığı uğrunda Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 əməkdaşı da qəhrəmancasına döyüşüb, vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirərək ərazi bütövlüyümüzün təmin olunmasında şücaət göstəriblər. Onlar Müzəffər Ali Baş Komandan tərəfindən medallarla təltif olunublar.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Əminliklə demək olar ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli bərpa-quruculuq və infrastruktur layihələri nəticəsində bu ərazilər qısa müddətdə cənnətə çevriləcək və ümumilikdə bölgənin hərtərəfli inkişafında mühüm rol oynayaraq ölkəmizin gücünə güc qatacaq.

Azərbaycan xalqı bizə bu Zəfəri yaşadan, bizi yenidən tarixi torpaqlarımıza qovuşduran şəhidlərimizin ruhuna hər zaman ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

İki ildir ki, Anım Günü ərəfəsində respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər.

Biz hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq!

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm!

Telman Hüseynov

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

Oxşar xəbərlər