Çingiz Əsgərov: "Ali Məhkəmədə cinayət işləri üzrə məhkəmə icraatının yazılı qaydada aparılması effektivliyi yüksəldəcək"


  • 1 Dekabr 2022 16:30

"Kassasiya qaydasında işlərə məhkəmə iclası keçirilmədən baxılması bir çox xoşagəlməz halları aradan qaldıraraq, lüzumsuz təxirəsalmaların və icraatı uzatmaq cəhdlərinin qarşısını alır".

Bunu e-huquq.az-a açıqlamasında Ali Məhkəmənin sədr müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.

O, Ali Məhkəmədə işlərə tərəflərin kassasiya şikayətində təqdim etdiyi dəlillər üzrə baxıldığını və bir qayda olaraq, bunun üçün məhkəmə iclasının keçirilməsinə zərurət olmadığını deyib: "Ali Məhkəmədə yazılı icraatın bir ildən artıq tətbiq edilməsi təcrübəsi göstərir ki, yeni yanaşma özünü tamamilə doğruldub və işlərə səmərəli qaydada, vaxtında baxılmasına xidmət edib. Bu gün təcrübədə cinayət işi üzrə tərəflər məhkəmə iclasında iştirak edərək Ali Məhkəməyə qabaqcadan yazılı surətdə daxil olmuş kassasiya şikayətinin və ya kassasiya protestinin mətnini təkrarlamaqla, faktiki olaraq hər hansı yeni dəlil sürmürlər ki, bu da məhkəmənin iş vaxtının israfına gətirib çıxarır. Halbuki, həmin iş vaxtı digər cinayət işlərinin baxılması üçün istifadə oluna bilərdi. Həmçinin nəzərə alınmalıdır ki, Ali Məhkəmə Aparatının strukturu Azərbaycan Respublikası Prezidentinin tövsiyəsinə uyğun olaraq təkmilləşdirilib, Aparat daxilində yeni – Məhkəmə işlərinin idarə edilməsi şöbəsi yaradılıb və bu şöbə işlərə hakimlər tərəfindən yazılı icraat qaydasında baxılmasını təmin edir".

Ç.Əsgərov vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında məhkəmələrin fəaliyyətinin inkişafı istiqamətləri müəyyən edilərək müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə digər tədbirlər arasında, həmçinin məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməli olduğu qeyd edilib: "Məhz bu məqsədlə görülmüş tədbirlər çərçivəsində hazırlanmış və 2021-ci il oktyabrın 1-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublıkasının Qanununda mülki məhkəmə icraatının səmərəliliyini artırmaq məqsədilə müasir hüquq nəzəriyyəsi və təcrübəsinə uyğun yeniliklər nəzərdə tutulub. Belə yeniliklər arasında kassasiya instansiya məhkəməsində mülki və kommersiya işlərinə yazılı icraat qaydasında baxılmasına dair müddəalar da yer alıb. Bununla əlaqədar olaraq, Mülki Prosessual Məcəlləsinin yeni redaksiyada 414.1-ci maddəsində müəyyən edilir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir. Oxşar müddəalar, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə daxil edilib ki, bunun nəticəsində hazırda Ali Məhkəmənin üç kollegiyasında işlərə, bir qayda olaraq, yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu müddəa kassasiya institutunun mahiyyətini əks etdirir. Ali Məhkəmədəki icraat zamanı baxılan işin faktiki hallarına aid hər hansı yeni sübut araşdırıla bilməz və yalnız aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş və tərəflərin təqdim etdiyi sübutlarla təsdiq edilən işin faktiki hallarında maddi hüquq normalarının düzgün tətbiq edilməsi, tərəflərin prosessual hüquqlarının təmin edilməsi məsələləri yoxlanılır. Qeyd edilməlidir ki, cinayət işləri üzrə kassasiya icraatı da yuxarıdakı prinsiplərə əsaslanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində müəyyən edilir ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır"".

Sədr müavini qeyd edib ki, işlərə yazılı icraat qaydasında baxılması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına da nəzər salmaq olar: "Bu məhkəmənin bir çox qərarlarında İnsan hüquqlarına dair Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş səmərəli məhkəmə araşdırılması hüququnun, xüsusilə tərəflərin prosessual bərabərliyi prinsipinin pozulması Ali Məhkəmədə icraat zamanı tərəflərdən birinin məhkəmə iclasında iştirak etməməsinə görə müəyyən edilib. Yəni, Avropa Məhkəməsinin mövqeyinə görə, kassasiya qaydasında işlərə baxılarkən tərəflərin məhkəmə iclasında iştirakı zəruri deyil. Lakin məhkəmə iclasında tərəflərdən biri iştirak etdikdə, digər tərəfin iştirak etməsi təmin edilməlidir. Ali Məhkəmədə cinayət işləri üzrə məhkəmə icraatının yazılı qaydada keçirilməsi tərəfin məhkəmə iclasına gəlməməsi səbəbindən belə pozuntuların birmənalı olaraq qarşısını alacaq. Göstərilənləri nəzərə alaraq mülki, kommersiya və inzibati işlərdə olduğu kimi, cinayət işləri üzrə kassasiya icraatının da yazılı qaydada keçirilməsi yalnız ölkəmizdə hüququn inkişafına, işlərə baxılması səmərəliliyinin və məhkəmələrə müraciət edən hüquqşünasların bilik və peşəkarlığının artırılmasına xidmət edəcək".

Qeyd edək ki, Ali Məhkəmə cinayət işləri üzrə kassasiya müraciətlərinə yazılı icraat qaydasında baxılması üçün Cinayət-Prosessual Məcəlləsinə təkliflər paketi hazırlayıb və yaxın zamanda qanunverici orqana təqdim edəcək. Lakin bu təklif bəzi hüquqşünas və vəkillərin narazılığına səbəb olub. Onların fikrincə, cinayət işlərində yazılı icraat obyektiv araşdırmaya və ədalətli qərar verilməsinə şərait yaratmayacaq.

Oxşar xəbərlər