Quldurluqda təqsirləndirilən şəxsin məhkəməsi: "Dedi sevgimə qarşılıq verməsən, səni öldürəcəm"


  • 13 İyun 13:30

Bakıda vətəndaşa qarşı hədə-qorxu gələrək quldurluq etməkdə təqsirləndirilən Fərahim Mirzəzadənin cinayət işi məhkəməsi keçirilib.

E-huquq.az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs olan Nuray Mənsiyeva ifadə bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə onun adına səhifələr açıldığını görüb: "Bu səhifələri görəndə ciddiyə almadım. Sonradan qrup yoldaşlarım dedi ki, sənin adına açılan səhifədə şəkillərin də yerləşdirilib və o fotolarda sənə eşq elan edilib. Sonra həmin səhifəyə girdim və gördüm ki, həqiqətən də fotolarımda "səni sevirəm" kimi sözlər yazılıb. Sonra nömrəmi kimdənsə alıb tez-tez hədə-qorxu gəlirdi. Mənə deyirdi ki, sevgimə qarşılıq verməsən səni öldürəcəm. Ünvanı hardansa öyrənib gecə vaxtı evimizə gəldi. Üstümə bıçaqla hücum çəkdi və boynumdan tutdu. Daha sonra səsə anam gəldi və məni onun əlindən almağa çalışdı. Anama da təzyiq göstərdi".

Zərərçəkmiş şəxs onu da bildirib ki, təqsirləndirilən şəxsdən şikayətçidir, çünki ona kifayət qədər stress və psixoloji təzyiqlər göstərib.

Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Fərahim Mirzəzadəyə qarşı Cinayət Məcəlləsinin 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər