Bakıda alimi maşınla vurub öldürməkdə təqsirləndirilən tanınmış həkimin məhkəməsi başladı


  • 20 İyun 12:40

Türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi, professor Arif Acaloğlunu maşınla vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş şəxsin nümayəndələri "Mirzəyev və partnyorları"Vəkil Bürosunun vəkilləri Dədəkişi Vəlizadə və Rəşad Abdıyev vəsatət qaldırıblar. Vəsatətdə mülki iddia və təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması məsələsi əksin tapıb.

Məhkəmə qısa müşavirədən sonra zərərçəkmiş şəxsin vəkillərinin vəsatətləri ilə bağlı qərar qəbul edilib. Qərarə əsasən, vərəsələr tərəfindən zərər ödənilmədiyindən verilmiş mülki iddia icraata qəbul edilib, lakin təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması ilə bağlı vəsatət - əmlakın əvvəllər özgəninkiləşdirilməsi səbəbindən təmin edilməyib.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.

Xatırladaq ki, hadisə ötən ilin noyabrın 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. Xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

Orxan Rasifoğlu

Oxşar xəbərlər