- 23 Aprel 14:02
Azərbaycanda valideynlər övladlarından imtina edə bilər? Əgər valideynlər övladlarından imtina edərlərsə, hara müraciət etməlidirlər? Valideynlər övladlarından imtina etdikdən sonra, onlara əmlakdan pay düşür?
Bununla bağlı e-huquq.az-ın suallarını vəkil Anar Məmişov cavablandırıb.
"Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyamızda nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edir" - deyə, vəkil bildirib.
Onun sözlərinə görə, Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər: "Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən, uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Uşaq hüquqları həmçinin bir sıra ölkəmizin tərəftar çıxdığı beynəlxalq müqavilə və milli qanunvericilik aklarımızla da müdafiə olunur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq Hüquqları” haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
Göründüyü kimi, qanunvericilik aktları uşaqlara qayğı göstərməyi valideynlərin vəzifəsi kimi müəyyən etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Qanunvericiliyində valideynin övladdan imtina etməsi ilə bağlı hər hansı bir norma mövcud deyil. Belə olan halda valideynin övladdan imtina etməsi qeyri-mümkün olduğu üçün bunun proseduru da müəyyən edilməmişdir.
Digər tərəfdən qeyd etmək lazımdır ki, övladların valideynlərin əmlakından pay almaq hüququ yoxdur. Bu yalnız valideyn rəhmətə getdikdən sonra onun öldüyü an məxsus olduğu əmlakların vərəsəlik qaydasında birinci dərəcə vərəsə hesab olunan övladlarına keçməsi yolu ilə mümkündür".
A.Məmişov deyib ki, ancaq Mülki Məcəllənin normaları valideynin öz övladını miras əmlakından məhrum etməsi üçün imkan verir: "Bu, bir neçə formada mümkündür: - Mülki Məcəllədə vərəsəlikdən məhrum etmə bəzən məcburi pay sahibi olan vərəsələrin vərəsəlik hüququndan məhrum edilməsi formasında mümkündür. Belə ki Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.
Həmçinin Mülki Məcəllənin 1176-cı maddəsinə əsasən, vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.
Həmçinin valideyn öz övladını ləyaqətsiz vərəsə formasında da miras əmlakından məhrum edə bilər. Bu Mülki Məcəllənin "Ləyaqətsiz vərəsə" başlığını daşıyan 1137-ci maddəsində tənzimlənmişdir. Bu normaya əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneçilik törətmiş və bununla da özünün və ya özünəyaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin".