- 11:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixində sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Azərbaycan Respublikasının sosial-siyasi inkişafında hüquqi dövlətin möhkəmləndirilməsi, milli suverenliyin qorunması və Konstitusiya dəyərlərinin həyata keçirilməsi dövlət idarəçiliyinin əsas prioritetlərindən biridir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması ölkəmizdə konstitusional düşüncənin və hüquqi şüurun dərinləşdirilməsinə xidmət edən mühüm təşəbbüsdür. Bu mühüm təşəbbüs ölkədə hüquqi şüurun inkişafına, Konstitusiyanın cəmiyyətin bütün üzvləri tərəfindən dərindən mənimsənilməsinə və dövlət suverenliyinin hüquqi əsaslarının daha da gücləndirilməsinə yönəlmişdir. Prezident İlham Əliyev hər zaman hüquqi dövlət prinsiplərinin təmin olunmasını, qanunçuluğun möhkəmləndirilməsini və xalqın iradəsinin qorunmasını öz fəaliyyətində prioritet istiqamət kimi müəyyən etmişdir. Məhz onun rəhbərliyi ilə Azərbaycanın hüquqi və siyasi sistemi müasir çağırışlara cavab verən səviyyəyə çatmış, dövlətçilik ənənələri daha da möhkəmlənmişdir.
“Konstitusiya və Suverenlik İli”nin məhz 2025-ci ildə qeyd olunması da təsadüfi deyil. Bu il, Konstitusiyamızın qəbulunun 30-cu ilinə təsadüf etməklə yanaşı, ölkəmizin suveren inkişafında, həmçinin beynəlxalq münasibətlərdə öz mövqeyini daha da gücləndirməsində həlledici bir mərhələni işarə edir. Bu il həmçinin Azərbaycan dövlətinin milli suverenliyini qoruyaraq, konstitusiyanın verdiyi əsaslarla müstəqil və tərəqqi yolunda inamla irəlilədiyini göstərən vacib bir zamandır.
Ölkədə həyata keçirilən hüquqi islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində atılan addımlar, dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqi – bütün bunlar Konstitusiyanın prinsiplərinə əsaslanaraq aparılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən institusional islahatlar – məhkəmə-hüquq sistemində modernləşmə, elektron hökumət platformalarının tətbiqi, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülmüş tədbirlər “Konstitusiya və Suverenlik İli”nin məzmununa və məqsədlərinə birbaşa xidmət edir.
Bundan əlavə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində bütün ölkə üzrə müxtəlif maarifləndirici və təbliğat xarakterli tədbirlər həyata keçirilir. Təhsil müəssisələrində, dövlət qurumlarında və ictimai sektorda konstitusiya dəyərlərinin – insan hüquq və azadlıqlarının öyrənilməsi və vətəndaş məsuliyyətinin artırılması məqsədilə geniş proqramlar icra olunur. Bu prosesdə gənclərin fəal iştirakı, onların hüquqi və siyasi baxımdan maarifləndirilməsi gələcəkdə daha yetkin və hüquqa sadiq cəmiyyətin formalaşmasına zəmin yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu dövlət siyasəti nəticəsində hüquqi düşüncə səviyyəsi yüksəlir.
Bu məqalədə Konstitusiyanın dövlətçilikdəki rolu, suverenlik anlayışının hüquqi və siyasi aspektləri, “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən tədbirlərə və bu prosesin dövlətə və cəmiyyətə təsirlərinə geniş şəkildə yer verilmişdir. Məqsədimiz, həm bu ilin mahiyyətini dəyərləndirmək, həm də hüquqi dövlət quruculuğu prosesində konstitusiya və suverenlik anlayışlarının necə bir-birini tamamladığını göstərməkdir.
Azərbaycan Respublikasının hüquqi və siyasi sisteminin əsasında dayanan sənəd – Konstitusiya – dövlətin idarəçilik prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, dövlətin strukturunu və hüquqi əsaslarını müəyyən edən ali normativ-hüquqi aktdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası müstəqillik tariximizin ən mühüm hüquqi sənədi olmaqla, xalqımızın suveren iradəsinin bariz təcəssümüdür. Bu sənəd qəbul olunana qədər ölkənin hüquqi əsasını 1991-ci ildə qəbul edilmiş Müstəqillik Aktı və həmin dövrdə qüvvədə olan müvəqqəti qanunvericilik aktları təşkil edirdi. Bu dövrdə dövlət idarəçiliyinin hüquqi bazası tam formalaşmamış və müəyyən qeyri-müəyyənliklər mövcud idi. Ulu öndər Heydər Əliyev Konstitusiyanın hazırlanması və qəbul edilməsində mərkəzi rol oynamış, dövlətin möhkəm hüquqi əsaslarla idarə olunmasını təmin etmək məqsədilə prosesə rəhbərlik etmişdir. Ulu öndərin təşəbbüsü və siyasi dəstəyi nəticəsində Konstitusiya həm demokratik prinsipləri, həm də milli maraqları əks etdirən sənəd kimi qəbul edilmişdir. Nəticədə, bu sənəd Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını möhkəmləndirərək, suverenliyi və vətəndaş hüquqlarını qoruyan mühüm qanuni çərçivə rolunu oynamış, yalnız dövlətin hüquqi çərçivəsini müəyyənləşdirməmiş, həm də Azərbaycan xalqının mədəni, siyasi və tarixi iradəsinin rəmzinə çevrilmişdir.
Konstitusiya demokratik dövlət quruluşunun əsasını təşkil edir. Onun müddəaları xalqın iradəsinə əsaslanan idarəetmə prinsiplərini – hüququn aliliyini, hakimiyyətin bölgüsünü və insan hüquq və azadlıqlarının qorunmasını təmin edir. Belə ki, Konstitusiyanın 1-ci maddəsində qeyd olunur: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Bu, bir tərəfdən xalqın dövlət idarəçiliyində əsas söz sahibi olduğunu, digər tərəfdən isə dövlətin xalq qarşısında məsuliyyət daşıdığını təsdiqləyir. Yəni, Konstitusiya yalnız dövlətin qanunvericilik bazasını deyil, həm də xalq və dövlət arasında hüquqi münasibətləri tənzimləyən fundamental müqavilə kimi çıxış edir.
Azərbaycan Konstitusiyası struktur baxımından da müasir və sistemli yanaşmanı əks etdirir. O, 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olmaqla, həm dövlətin idarəetmə formalarını, həm də insan hüquq və azadlıqlarını əhatə edir. Burada yer alan müddəalar yalnız ümumi prinsiplər səviyyəsində deyil, konkret hüquqi mexanizmlərlə təsbit olunur. Konstitusiyada əks olunan insan hüquq və azadlıqları vətəndaşlara məhkəmələrdə öz hüquqlarını müdafiə etməyə hüquqi zəmin yaradır. Eyni zamanda, Azərbaycanın beynəlxalq müqavilə və konvensiyalara qoşulması - o cümlədən BMT-nin İnsan Hüquqları Bəyannaməsi, Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktı, Beynəlxalq İqtisadi, Sosial və Mədəni Hüquqlar Paktı, Avropa İnsan Hüquqları Konvensiyası və digər regional sənədlər — ölkəmizin hüquqi sistemini beynəlxalq standartlarla uyğunlaşdırır. Bu isə həm Konstitusiyanın müddəalarının beynəlxalq hüquqla harmoniyalı şəkildə tətbiqini təmin edir, həm də vətəndaşların hüquqlarının qlobal səviyyədə qorunmasına imkan yaradır.
Əlavə olaraq, Konstitusiyada göstərilən hüquq və azadlıqlar, yalnız formal şəkildə tanınmır, onların reallıqda işlək olması üçün dövlət tərəfindən hüquqi mexanizmlər tətbiq edilir. Məsələn, qanun və məhkəmə qarşısında bərabərlik hüququ, hüquqi yardım almaq hüququ, ədalətli məhkəmə təminatı, fikir və ifadə azadlığı kimi hüquqlar real hüquqi bazaya malikdir. Dövlət bu hüquqları təmin etmək üçün qanunvericilik aktları qəbul edir, müvafiq dövlət qurumları fəaliyyət göstərir və vətəndaşlara hüquqi müdafiə vasitələri təqdim olunur.
Konstitusiyanın mühüm cəhətlərindən biri də onun zamanın tələblərinə uyğun olaraq dəyişikliklərə uyğunlaşdırıla bilməsidir. Tarixən bir neçə dəfə – 2002, 2009, 2016-cı illərdə ümumxalq referendumu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər cəmiyyətin inkişaf dinamikasına və ehtiyaclarına uyğunlaşdırılmış, dövlət idarəçiliyinin çevik və effektiv olmasına xidmət etmişdir.
Nəhayət, Konstitusiya yalnız hüquqi çərçivə deyil, həm də dövlətin və cəmiyyətin ideoloji dayağıdır. O, vətəndaşlarda hüquqi düşüncə tərzinin formalaşmasına, hüquqa hörmətin və məsuliyyət hissinin aşılanmasına, hüquqi mədəniyyətin yüksəldilməsinə mühüm töhfə verir. Məktəblərdə və ali təhsil müəssisələrində konstitusiya üzrə tədrisin aparılması, hüquqi maarifləndirmə tədbirlərinin təşkili bu sənədin cəmiyyətdəki rolunu daha da artırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hüquqi sistemi və dövlətçilik institutları sahəsində mühüm fərman və sərəncamlar qəbul edilmişdir. Xüsusilə Konstitusiyada aparılan mühüm dəyişikliklər ölkədə hüquqi dövlət quruculuğunu gücləndirmiş, qanunvericilik sistemini müasir standartlara uyğunlaşdırmışdır. Prezident İlham Əliyevin fərmanları əsasında məhkəmə sistemində islahatlar həyata keçirilmiş, korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilmiş, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq prinsipləri geniş tətbiq olunmuşdur. Həmçinin, vətəndaşların hüquq və azadlıqlarının təminatı üçün yeni mexanizmlər yaradılmışdır. Bu fərmanlar və sərəncamlar hüquqi islahatların sürətləndirilməsinə, dövlət orqanlarının səmərəliliyinin artırılmasına və vətəndaşlarla əlaqələrin möhkəmlənməsinə xidmət etmişdir.
Konstitusiyamız ədalət mühakiməsinin yalnız Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur ki, bu, hüququn aliliyi prinsipinin qorunması və vətəndaşların hüquqlarının effektiv müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Konstitusiya həmçinin fövqəladə məhkəmələrin yaradılmasını qadağan edir; bu qadağa ədalət mühakiməsinin standart məhkəmə prosedurları çərçivəsində aparılmasını təmin etmək və müdaxilələrin qarşısını almaq məqsədini güdür. Belə yanaşma, hüquqi sistemdə ixtisaslaşmış instansiyaların rolunu möhkəmləndirir və ədalət prinsiplərinin hər bir vətəndaş üçün bərabər şəkildə tətbiq olunmasına zəmin yaradır.
Suverenlik hər bir müstəqil dövlətin əsas hüquqi və siyasi dayaq nöqtəsidir. Bu anlayış, dövlətin daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirmək, həyata keçirmək və onu müdafiə etmək hüququnu ifadə edir. Suverenlik həmçinin dövlətin öz ərazisində yeganə ali hakimiyyətə malik olması və bu hakimiyyətin heç bir xarici güc tərəfindən məhdudlaşdırılmaması prinsipinə əsaslanır. Azərbaycan Respublikasının müstəqillik tarixində suverenlik məsələsi təkcə siyasi müstəqillik kontekstində deyil, həm də praktiki və hüquqi reallıqlar baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi ilə bərabər, suverenlik məsələsi milli prioritetə çevrilmiş və bu istiqamətdə davamlı mübarizə aparılmışdır.
Azərbaycan Konstitusiyasında da suverenlik anlayışı əsas prinsip kimi təsbit olunmuşdur. Konstitusiyanın 2-ci maddəsində göstərilir ki, “sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.” Bu müddəa dövlətin öz sərhədləri daxilində tam hüquqlu fəaliyyət göstərmək imkanına malik olduğunu və bu hüququn heç bir halda pozula bilməyəcəyini müəyyən edir. Bu, həm ərazi bütövlüyünün, həm də dövlət idarəçiliyinin vahidliyinin təminatı baxımından vacib əhəmiyyət daşıyır.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə ölkənin bütün ərazilərində dövlət suverenliyinin bərpa olunması Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur. Xüsusilə Qarabağ bölgəsində dövlətin tam suverenliyinin təmin olunması yalnız hərbi-siyasi uğur deyil, həm də hüquqi baxımdan dövlətin fundamental prinsipinin reallaşması kimi qiymətləndirilməlidir. Bu hadisələr Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində öz suveren hüquqlarını təmin etdiyini, eyni zamanda Konstitusiyada təsbit olunmuş əsas prinsiplərin praktik tətbiqini nümayiş etdirdi.
Hazırda suverenlik anlayışı daha da geniş mənalar qazanmışdır. Əgər əvvəlki dövrlərdə bu anlayış yalnız ərazi və siyasi müstəqilliklə məhdudlaşırdısa, bu gün suverenlik informasiya təhlükəsizliyi, iqtisadi müstəqillik, enerji təhlükəsizliyi, mədəniyyətin qorunması və hüquqi müstəvidə müstəqil qərarlar vermək kimi sahələri də əhatə edir. Dövlətin öz qərarlarını qəbul edərkən daxili və xarici təzyiqlərdən azad olması, öz inkişaf modelini seçməsi və milli maraqları əsas götürən siyasət yürütməsi suverenliyin müasir formasıdır4.
Müasir beynəlxalq hüquq çərçivəsində suverenlik yalnız ərazi və siyasi müstəqilliklə məhdudlaşmır; o, dövlətin öz daxili siyasətini və xarici əlaqələrini müstəqil şəkildə idarə etməsi, milli maraqlarına uyğun qərarlar verməsi və xarici təzyiqlərdən azad olması deməkdir.
Azərbaycan dövləti bu çağırışlara cavab olaraq son illərdə hüquqi və siyasi institutlarını möhkəmləndirmiş, xarici təsirlərə qarşı dayanıqlı idarəetmə mexanizmləri formalaşdırmış və informasiya, texnologiya, müdafiə və iqtisadi sahələrdə milli potensialını artırmışdır. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu siyasət suverenliyin yalnız qorunması deyil, həm də dərinləşdirilməsi strategiyasına əsaslanır. Beləliklə, suverenlik təkcə əldə edilən bir status deyil, daima müdafiə olunmalı və inkişaf etdirilməli olan dəyərdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir dövlətçilik tariximizdə Konstitusiya və suverenlik sahəsində genişmiqyaslı və məqsədyönlü islahatların müəllifidir. Onun rəhbərliyi altında ölkədə hüquqi dövlət quruculuğu prosesi yüksək sürətlə inkişaf etmiş, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi prioritet kimi müəyyən edilmişdir. İlham Əliyev 2003-cü ildən başlayaraq dövlət idarəçiliyində şəffaflığın artırılması, qanunvericilik bazasının müasirləşdirilməsi və hüquq-mühafizə orqanlarının gücləndirilməsi istiqamətində ardıcıl addımlar atmışdır.
Bundan başqa o da qeyd edilməlidir ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 822, 853, 874 və 884 saylı qətnamələr Ermənistan-Azərbaycan münaqişəsinə dair beynəlxalq ictimaiyyətin rəsmi mövqeyini əks etdirirdi. Bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, eləcə də bölgədə sülhün və sabitliyin təmin olunması tələb olunurdu. Qətnamələr həmçinin münaqişə nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması, tərəflərin sülh danışıqlarına qayıtması və beynəlxalq hüquq prinsiplərinə əməl etməsi çağırışlarını da özündə ehtiva edirdi. Lakin bu qətnamələrin tələbləri uzun illər boyu yerinə yetirilməmiş, beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq, Ermənistan işğalı davam etdirmişdi. Nəticədə, Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etməklə, BMT Təhlükəsizlik Şurasının həmin qətnamələrinin icrasını faktiki olaraq özü təmin etmiş oldu. Qətnamələrin tələbləri faktiki addımlarla təmin olunaraq, ordumuzun şücaəti və uğurlu ali komandanlıq nəticəsində işğal olunmuş ərazilər azad edildi. Bundan sonra müharibə cinayətləri, sülh və insanlıq əleyhinə cinayət törədən təqsirkar şəxslər müvafiq məhkəmə prosedurlarında ədalət mühakiməsi qarşısında cavab verdi. Bütün bunlar isə beynəlxalq hüququn prinsiplərinin milli səviyyədə tətbiqi və ədalət mexanizmlərinin işləkliyinin konkret göstəricisidir.
Prezident İlham Əliyevin diqqət mərkəzində həmçinin Azərbaycanın suverenliyinin beynəlxalq səviyyədə tanınması və qorunması olmuşdur. O, ölkənin ərazi bütövlüyünün bərpası və müdafiəsi üçün bütün diplomatik və hərbi tədbirləri həyata keçirmiş, 2020-ci ildə Qarabağ münaqişəsində əldə olunan tarixi qələbə ilə Azərbaycan Respublikasının suverenliyini əbədi təsdiqləmişdir.
Bütün bu tədbirlər və islahatlar Prezident İlham Əliyevin Konstitusiya və suverenlik sahəsindəki uzunmüddətli və sistemli fəaliyyətinin göstəricisidir. Onun dövlətçilik strategiyası hüquqi dövlətin möhkəmlənməsi, vətəndaş cəmiyyətinin inkişafı və Azərbaycanın müstəqilliyinin qorunması prinsipinə əsaslanır. ` Suverenlik İli”nin elan olunması da məhz bu fəaliyyətin davamı və zirvəsi kimi qiymətləndirilir.
“Konstitusiya və Suverenlik İli”nin elan olunması və məqsədləri
2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizin hüquqi və siyasi inkişaf tarixində mühüm hadisə hesab olunur. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli sərəncamı ilə təsdiqlənmiş bu il həm Konstitusiyanın 30 illik yubileyinə, həm də ərazi bütövlüyünün bərpasına həsr edilmişdir. Bu baxımdan, “Konstitusiya və Suverenlik İli” təkcə simvolik deyil, həm də hüquqi və siyasi cəhətdən strateji məqsədlər daşıyan dövlət təşəbbüsüdür.
“Konstitusiya və Suverenlik İli”nin elan olunması hüquqi mədəniyyətin yüksəldilməsi və vətəndaşların hüquq sahəsində biliklərinin artırılması baxımından əhəmiyyətli bir mərhələdir. Bu il ərzində həyata keçirilən tədbirlər, maarifləndirmə kampaniyaları və təhsil proqramları cəmiyyətdə hüquqi mədəniyyətin formalaşmasına ciddi təsir göstərir.
Bu ilin elan olunmasında əsas məqsədlərdən biri Konstitusiyanın dövlət və cəmiyyət həyatındakı əhəmiyyətini ön plana çıxarmaq, onun norma və prinsiplərinin ictimai şüurda möhkəmləndirilməsinə nail olmaqdır. Konstitusiya yalnız dövlət idarəçiliyinin hüquqi bazası deyil, həm də vətəndaşların hüquq və azadlıqlarının əsas təminatıdır. Bu sənəd vasitəsilə dövlətin idarəçilik forması, hakimiyyət bölgüsü, insan və vətəndaş hüquqları və dövlətin əsas funksiyaları müəyyən edilir. 2025-ci ildə bu dəyərlərin cəmiyyətin müxtəlif sahələrində təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən islahatlar – məhkəmə-hüquq sistemində şəffaflığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və ictimai iştirakçılığın təşviqi – Konstitusiyanın müddəalarına əsaslanır və “Konstitusiya və Suverenlik İli” çərçivəsində daha da dərinləşdirilir. Bu il həmçinin hüquqi institutların gücləndirilməsi, vətəndaşların hüquqi məlumatlılığının artırılması və hüquq sisteminə inamın yüksəldilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Konstitusiya və suverenlik anlayışları bir-biri ilə sıx bağlı olan və dövlətin mövcudluğunu, funksionallığını və legitimliyini təmin edən əsas sütunlardır. Hüquqi baxımdan suverenliyin həyata keçirilməsi üçün bir dövlətin Konstitusiyaya malik olması vacibdir. Bu sənəd, suveren iradənin hüquqi ifadəsidir və suverenliyin gündəlik həyata necə və hansı mexanizmlərlə tətbiq olunacağını konkretləşdirir. Azərbaycan Respublikasında Konstitusiya və suverenlik vəhdəti dövlətin hüquqi əsaslarının və milli ideologiyasının ən mühüm elementlərindəndir.
1995-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi ilə dövlətin suveren hüquqları hüquqi əsaslara söykənərək müəyyən olundu və bu, Azərbaycan Respublikasının müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi tanınmasının əsasını təşkil etdi. Konstitusiyada təsbit olunmuş müddəalar Azərbaycanın suveren dövlət kimi fəaliyyət göstərməsi üçün hüquqi zəmin yaratdı. Dövlətin hər üç hakimiyyət qolu – qanunverici, icraedici və məhkəmə – Konstitusiya çərçivəsində fəaliyyət göstərərək suverenliyin qorunmasına və idarəçiliyin səmərəli təşkilinə xidmət edir.
Bu baxımdan Konstitusiya yalnız hüquqi sənəd deyil, eyni zamanda suverenliyin tənzimləyici çərçivəsidir. Dövlətin daxili və xarici siyasətində suveren qərarlar qəbul etməsi Konstitusiyanın təmin etdiyi hüquqi müstəvidə baş verir. Məsələn, milli təhlükəsizlik, xarici əlaqələr, iqtisadi müstəqillik, təbii sərvətlərin idarə olunması və ərazi bütövlüyünün müdafiəsi kimi məsələlər Konstitusiyada dövlətin müstəsna səlahiyyətləri kimi əks olunub. Bu müddəalar dövlətin heç bir xarici müdaxilə olmadan öz siyasi iradəsini reallaşdırmaq imkanını təmin edir və suverenliyin hüquqi dayağına çevrilir.
Suverenlik və Konstitusiya anlayışlarının birgə fəaliyyəti təkcə dövlət orqanlarının hüquqi əsaslarla işləməsi ilə yekunlaşmır, həm də vətəndaş-dövlət münasibətlərinin formalaşmasında mühüm rol oynayır. Konstitusiya vətəndaşlara suveren dövlətin üzvləri kimi hüquqlar və azadlıqlar verir, eyni zamanda onlara vəzifələr də qoyur. Bu qarşılıqlı münasibət dövlətlə vətəndaş arasında bir növ hüquqi müqavilə xarakteri daşıyır və sosial nizamın əsasını təşkil edir. Beləliklə, vətəndaşlar Konstitusiyanın müəyyən etdiyi çərçivədə hüquqlardan istifadə etməklə yanaşı, dövlətin suverenliyinə hörmət göstərməyə və onu qorumağa da borcludurlar.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkə üzrə genişmiqyaslı tədbirlər planı hazırlanıb və tətbiq olunur. Bu tədbirlərə hüquq dərsləri, seminarlar, televiziya proqramları, təhsil müəssisələrində açıq dərslər, ictimai forumlar, elmi konfranslar, debatlar və s. daxildir. Bu tədbirlər vətəndaşlarda hüquqi şüurun artırılması, Konstitusiya ilə bağlı biliklərin genişləndirilməsi və hüquqa hörmətin formalaşdırılması məqsədi daşıyır. Xüsusilə məktəblərdə və ali təhsil müəssisələrində bu istiqamətdə keçirilən maarifləndirici fəaliyyətlər gənc nəslin hüquqi savadlılığını artırmaqla yanaşı, onların vətəndaş məsuliyyətini də gücləndirir.
Bundan əlavə, bu ilin əsas prioritetlərindən biri Azərbaycanın dövlət suverenliyi anlayışının mahiyyətinin cəmiyyət tərəfindən daha dərindən dərk edilməsidir. Suverenlik yalnız siyasi və hüquqi kateqoriya kimi deyil, həm də vətəndaşların gündəlik həyatında əhəmiyyət kəsb edən fundamental dəyər kimi nəzərdən keçirilir. Bu istiqamətdə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı əməkdaşlıq qurularaq, suverenliyin qorunması və möhkəmləndirilməsi sahəsində birgə addımlar atılır.
Beləliklə, “Konstitusiya və Suverenlik İli” yalnız tarixi hadisənin xatırlanması deyil, həm də gələcəyə istiqamətlənmiş hüquqi-siyasi strategiyanın bir hissəsidir. Bu il ərzində həyata keçirilən tədbirlər həm dövlətin hüquqi dayanıqlığını, həm də vətəndaşların hüquqi şüurunu gücləndirmək üçün əlverişli zəmin yaradır. Bu baxımdan, 2025-ci il Azərbaycanda hüquqi düşüncənin və dövlətçilik ənənələrinin yeni mərhələyə qədəm qoyduğu bir il kimi tarixə düşəcəkdir.
Məhkəmə hakimiyyəti və hüquqi dövlət prinsiplərinin təminatı
Məhkəmə hakimiyyəti hüquqi dövlətin əsas dayaqlarından biri olmaqla, Konstitusiyanın aliliyinin və ədalət prinsiplərinin qorunmasında mühüm rol oynayır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə qollarına bölünür. Bu bölgü prinsipinin əsas məqsədi hakimiyyətin bir mərkəzdə cəmlənməsinin qarşısını almaq, qarşılıqlı nəzarət və tarazlıq mexanizmini təmin etməkdir.
Konstitusiyanın 125-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti yalnız məhkəmələr tərəfindən həyata keçirilir. Bu prinsip, həm vətəndaşların hüquq və azadlıqlarının qorunmasının, həm də dövlət orqanlarının fəaliyyətinin qanun çərçivəsində olmasının əsas təminatıdır. Məhkəmə hakimiyyəti yalnız ədalət mühakiməsini həyata keçirmir, eyni zamanda Konstitusiyanın və qanunların pozulmasına qarşı hüquqi müdafiə mexanizmi kimi çıxış edir.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 3 aprel Fərmanı ölkənin hüquqi dövlət quruculuğunun inkişafına böyük töhfə verir. Fərman, məhkəmələrin müstəqilliyini gücləndirmək və ədalət mühakiməsini sürətləndirmək məqsədini güdür. Elektron məhkəmə sisteminin tətbiqi, yeni infrastrukturun yaradılması və hakimlərin peşəkarlığının artırılması ilə bağlı tədbirlər nəzərdə tutulur.
Müstəqil məhkəmə hakimiyyətinin formalaşması Azərbaycanın hüquqi dövlət quruculuğunda mühüm mərhələ olmuşdur. Son illərdə Azərbaycan Respublikasında hüquq-məhkəmə sisteminin təkmilləşdirilməsi, vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi və məhkəmələrin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində ölkəmizdə müasir, şəffaf və səmərəli məhkəmə sistemi formalaşmaqdadır.
Bu islahatların əsas istiqamətlərindən biri məhkəmə infrastrukturunun yenilənməsi olmuşdur. Son illərdə ölkənin müxtəlif bölgələrində müasir standartlara cavab verən yeni məhkəmə binaları və kompleksləri istifadəyə verilmişdir. Yeni infrastrukturun yaradılması, məhkəmə orqanlarının fəaliyyətinə müasir iş şəraiti gətirməklə yanaşı, hakimlərin və məhkəmə işçilərinin daha effektiv fəaliyyət göstərməsinə də şərait yaratmışdır.
İslahatların digər mühüm istiqaməti elektron məhkəmə sisteminin tətbiqi və inkişafı ilə bağlıdır. “Elektron məhkəmə” informasiya sisteminin yaradılması məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətində atılmış böyük addımdır. Bu sistem vasitəsilə məhkəmə işlərinə dair sənədlərin elektron qaydada təqdim olunması, işlərin gedişatına onlayn nəzarət edilməsi, tərəflərin məlumatlandırılması kimi imkanlar yaranmışdır. Nəticədə, məhkəmə proseslərinin operativliyi artmış, vaxt itkisi azalmış, vətəndaş-məhkəmə münasibətlərində şəffaflıq daha da möhkəmlənmişdir.
Bu islahatlar nəticəsində məhkəmə sistemi vətəndaşlara daha açıq, daha çevik və ədalətli xidmət göstərmək imkanına malik olmuşdur Bütün bu tədbirlər ümumilikdə ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətini və səmərəliliyini artırmış, cəmiyyətin məhkəmə sisteminə olan inamını gücləndirmişdir.
Azərbaycan Respublikasının Ali Məhkəməsi ölkədə məhkəmə hakimiyyətinin ali pilləsi kimi hüquqi dövlətin möhkəmlənməsində və suverenliyin qorunmasında mühüm rol oynamaqla, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki, cinayət, inzibati və kommersiya mübahisələrə dair işlər üzrə kassasiya instansiyası məhkəməsidir. Ali Məhkəmə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə qərarlarının hüquqi sabitliyinin təmin olunması və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyət göstərir. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə dəyişikliklər edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 4 noyabr tarixli 19 nömrəli Qərarı ilə “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi qaydaları” təsdiq edilmişdir. Xüsusilə vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi qaydalarının təsdiq edilməsi nəticəsində presedent xarakterli qərarların qəbul edilməsi məhkəmə təcrübəsində vahidliyin formalaşmasına, hüquq normalarının eyni cür tətbiqinə xidmət etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları nəticəsində Ali Məhkəmənin institusional imkanları genişlənmiş və hesabatlılıq prinsipləri gücləndirilmişdir. Bu fəaliyyət, “Konstitusiya və Suverenlik İli”nin məqsədlərinə uyğun olaraq, hüquqi dövlətin əsas dayağı olan ədalət mühakiməsinin effektivliyini artırmaqla, Konstitusiyanın aliliyinin real təminatına mühüm töhfə verir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi elan olunması kontekstində Ali Məhkəmə məhkəmə təcrübəsinin geniş təbliği, beynəlxalq tədbirin təşkili və bu kimi digər istiqamətlərdə fəaliyyət göstərməyə davam edir.
2025-ci ildə Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – İnternational Association of Judges) 67-ci Assambleyasının Bakıda keçirilməsi Azərbaycanın məhkəmə sisteminin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi olmuşdur. Bu mötəbər tədbir Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Beynəlxalq Hakimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşmış, tədbirdə dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə, hakimlər, vəkillər, hökumət rəsmiləri və beynəlxalq təşkilatın təmsilçiləri, eləcə də tanınmış hüquqşünas-ekpsertlər iştirak etmişlər. Assambleya çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və hakimiyyətin digər iki qolu arasında münasibətlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Sözügedən tədbir ölkəmizin hüquqi dövlət prinsiplərinə sadiqliyini və ədalət mühakiməsinin müasir tələblər səviyyəsində inkişaf etdiyini, məhkəmə sisteminin beynəlxalq etimad qazandığını və Ali Məhkəmənin qlobal ədalət mühitində fəal iştirakını nümayiş etdirmişdir. Beynəlxalq Hakimlər Assosiasiyasının Prezidenti Walter Barone müsahibəsində də Assambleyanın təşkili, əldə olunmuş nəticələr və verilmiş töhfələri yüksək qiymətləndirmişdir.
Məhkəmə hakimiyyəti həm Konstitusiyanın aliliyinin qoruyucusu, həm də dövlət suverenliyinin daxili təminatçısıdır. Onun müstəqilliyi və səmərəli fəaliyyəti hüquqi dövlətin əsas dayağı olmaqla, “Konstitusiya və Suverenlik İli”nin məqsəd və məzmununa tam uyğun gəlir. Bu, Azərbaycanın hüquqi dövlət kimi inkişafında növbəti mühüm mərhələni təşkil edir.
Nəticə etibarilə, "Konstitusiya və Suverenlik İli"nin elan edilməsi, Azərbaycan dövlətçiliyinin gücləndirilməsi istiqamətində atılmış mühüm bir addım olmaqla yanaşı, bu qərara qədər həyata keçirilən hüquqi və strateji islahatların davamıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılmış hüquqi islahatlar, demokratik prinsiplərin gücləndirilməsi və vətəndaşların hüquqi maarifləndirilməsi sahəsində atılan addımlar, Azərbaycanı regionda və beynəlxalq səviyyədə güclü və müstəqil bir hüquqi dövlət kimi tanıdır. Bu uzunmüddətli strateji prosesin tərkib hissəsi olaraq, "Konstitusiya və Suverenlik İli" ölkə daxilindəki hüquqi mədəniyyəti daha da yüksəltməyi hədəfləyir.
Gələcəyə baxdıqda, Azərbaycan üçün suverenlik yalnız tarixdə qazanılmış status deyil, həm də davamlı qorunmalı olan resursdur. Konstitusiya isə bu prosesin hüquqi təminatçısı, dövlətin və vətəndaşların hüquq və azadlıqlarının əsas qaynağıdır. Bu mənada, “Konstitusiya və Suverenlik İli” Azərbaycan Respublikasının dövlətçilik tarixində inkişafın yeni mərhələsi kimi yadda qalacaqdır. Bu illər ərzində əldə edilən nailiyyətlər vətəndaşlarda dövlətə bağlılıq hissini artırmaqla yanaşı, ölkənin hüquqi islahatlarını daha da sürətləndirmək üçün stimul yaradır.
Azərin Həsənli
Nail Həsənov
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və kommersiya işlərinin təşkili şöbəsi