Cinayət Məcəlləsinin 208-ci maddəsinə dəyişikliyin səbəbi açıqlandı


  • 13 Aprel 2022 17:07

Xəbər verdiyimiz kimi, xarici valyuta vəsaitlərini xaricdən qaytarmama ilə bağlı qanunvericilik dəyişdirilir. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə məsələ parlamentdə müzakirəyə çıxarılıb.

E-huquq.az xəbər verir ki, Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov təklif edilən dəyişikliyi şərh edib.

"Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş, Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının tələblərinə uyğun olaraq Azərbaycanda hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri məhsulların müqabilində əldə etdikləri vəsaitləri onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasında müvəkkil edilmiş bankların hesabına köçürülməsini təmin etməlidirlər. Həmin qaydalara uyğun olaraq, şəxslər bu qaydaların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Belə ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına köçürülməli olan xarici valyuta vəsaitinin ölkəyə geri qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü və Cinayət Məcəlləsinin 208-ci maddələri ilə məsuliyyət nəzərdə tutulmuşdur. Mövcud qanunvericiliyimizdə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində 20 000 manata qədər xarici valyuta vəsaitinin ölkəyə geri qaytarılmamasına görə həm fiziki, həm hüquqi şəxslər üçün inzibati məsuliyyət nəzərdə tutulur. Cinayət Məcəlləsinin 208-ci maddəsində qaytarılmamış xarici valyuta vəsaitinin məbləği 20 000 manatdan yuxarı olduqda isə cinayət məsuliyyəti müəyyənləşdirilib", - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 208-ci maddəsinin dispoziyasında 20 000 manatdan yuxarı məbləğdə valyuta sərvətini qaytarmaması əməlinə görə məsuliyət daşıyan subyektlərin dairəsi yalnız təşkilat rəhbərləri ilə məhdudlaşdırılıb. Bu isə nəticədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin cinayət məsuliyyətindən yayınmasına şərait yaradır.

"Təqdim olunan qanun layihəsi bu boşlığu aradan qaldırır və layihədən də göründüyü kimi, "təşkilat rəhbərləri" sözü çıxarılmaqla 208-ci maddənin dispoziyasında bu cinayət əməlinə görə cinayət məsuliyyəti daşıyan subyektlərin dairəsi ilə bağlı məhdudiyyət aradan qaldırılır. Yəni həm fiziki şəxslər, həm də hüquqi şəxslər bu növ cinayət əməlinə görə cinayət daşıyacaqlar. Bu qanun layihəsinin qəbulu ilk növbədə hüquq normalarının müəyyənliyi, aydınlığı, ikimənalı olmaması baxımından hüquq tətbiq edən orqanlar tərəfindən gələcəkdə bu növ cinayətlərin daha düzgün tövsif edilməsinə, eyni zamanda məhkəmə təcrübəsində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edəcək. Digər tərəfdən, biz nəzərə almalıyıq ki, bu növ cinayət əməli sosial mahiyyətinə görə dövlətin iqtisadi maraqlarına ziddir. Qanun layihəsinin qəbulu ilə bu sahədə gələcəkdə sui-istifadə hallarının qarşısı alınacaq və təqsirli şəxslərin törətdiyi əmələ görə cəzasız qalması hallarının qarşısı alınacaq. Həmçinin ölkəyə qaytarılmalı olan valyuta ehtiyaclarının qaytarılması daha kompleks şəkildə təmin ediləcək. Ümumilikdə qanun layihəsi hazırlanarkən əlaqəli dövlət qurumlarının rəy və təklifləri alınmış və bu qanun layihəsi hazırlanarkən də nəzərə alınmışdır. Bununla bağlı eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenum qərarı da mövcuddur", - N.Həsənov əlavə edib.

Oxşar xəbərlər