BDU-nun Hüquq fakültəsi Cinayət Məcəlləsinə dəyişikliklə bağlı təkliflər hazırlayıb


  • 13 Yanvar 2023 11:53

Bakı Dövlət Universitetinin Hüquq fakültəsi istər tədris prosesinin təşkilində, istərsə də elmi tədqiqatların həyata keçirilməsi sahəsində nəzəriyyə və təcrübəni əlaqələndirmək istiqamətində səmərəli fəaliyyət göstərir. Fakültədə təşkil olunan elmi konfrans və seminarlarda, professor-müəllim heyətinin ekspert qismində fəaliyyətində, o cümlədən tədris prosesində hüquq elminin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin irəli sürülməsi prioritet istiqamətlərdəndir.

E-huquq.az xəbər verir ki, elə bu məqsədlə Hüquq fakültəsi Elmi Şurasının 26 dekabr 2022-ci il tarixində keçirilmiş iclasında günümüzdə böyük aktuallıq kəsb edən və ictimai təhlükəliliyi ilə cəmiyyəti narahat edən “ekosid” və “urbisid” kimi əməllərin kriminallaşdırılmasının zəruriliyi müzakirə edilərək qüvvədə olan cinayət qanunvericiliyində sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməllərin sırasının genişləndirilməsi ilə bağlı təklif irəli sürülüb.

Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin zəngin irsinə əsaslanaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 gün ərzində parlaq qələbə qazanaraq 30 ilə yaxın işğala son qoydu. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı beynəlxalq cinayət kimi tanınan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16 (Sülh və insanlıq əleyhinə cinayətlər) və 17-ci (Müharibə cinayətləri) fəsillərinə daxil olan maddələrlə məsuliyyət yaradan bir sıra əməllər (təcavüzkar müharibə, soyqırım, insanlıq əleyhinə və müharibə cinayətləri) törədilmişdir. Lakin işğal dövründə Qarabağın və ətraf rayonların ekosisteminə genişmiqyaslı ciddi ziyanın vurulmasına, yerli əhalinin yaşayışını mümkünsüz etmək məqsədilə şəhərlərin, digər iri yaşayış məskənlərinin qəsdən tamamilə dağıdılıb məhv edilməsinə görə məsuliyyət müəyyən edən müstəqil normalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində mövcud deyildir (ekosid və urbisid cinayətlərinin tərkibinə daxil olan bəzi hərəkətlər yalnız müharibə cinayətləri kimi 116-cı maddə üzrə məsuliyyət nəzərdə tutur).

"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 31 dekabr 2022-ci il tarixli müraciətində Azərbaycanın böyük ekoloji fəlakətlə, urbisidlə üzləşdiyi qeyd edilir. Qeyd edilənləri nəzərə alaraq, Hüquq fakültəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə “ekosid” və “urbisid” əməllərinin kriminallaşdırılması ilə əlaqədar müvafiq olaraq 104-1 və 104-2-ci maddələrin əlavə edilməsi haqqında təkliflər hazırlanmış və müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisinə və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə göndərilib", - deyə fakültənin yaydığı məlumatda bildirilib.

Vurğulanıb ki, Hüquq fakültəsi tərəfindən hazırlanmış təkliflər cinayət qanunvericiliyinin təkmilləşdirilməsinə və inkişafına xidmət edir.

Hüquq fakültəsi tərəfindən hazırlanmış təklifləri təqdim edirik:

Əsaslar:

“Ekosid” cinayəti üzrə

Cinayət hüququnda bu və ya digər əməlin kriminallaşdırılması və ya dekriminallaşdırılması dövlətin cinayət-hüquqi siyasəti ilə bilavasitə əlaqədardır, bu da müxtəlif tarixi-siyasi dövrlərdə dövlətin apardığı xarici və daxili siyasəti, cəmiyyətin obyektiv tələbləri ilə müəyyən edilir. Azərbaycan Respublikasının son 30 ildə üzləşdiyi beynəlxalq cinayətlər günahkar şəxslərin məsuliyyətə cəlb edilməsini zəruri edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyində Ermənistanın təcavüzü və ərazimizin bir hissəsinin işğalı zamanı törədilmiş bir sıra əməllər müstəqil cinayət növləri kimi kriminallaşdırılmayıb və mövcüd cinayət qanunvericiliyi üzrə yalnız digər əməllərin tərkib hissələləri kimi cinayət məsuliyyəti nəzərdə tutulur.

Təcavüzkar tərəfindən bəzi hallarda ətraf mühitə qarşı talama (qızıl, mis və s. əlvan metal yataqlarının talanması) və məhv etmə (qiymətli və nadir ağac növlərindən ibarət meşələr, əkin torpaqlarının məhv edilməsi və s.) kimi əməllərin yalnız müharibə cinayətləri çərçivəsində tövsif edilməsi, o cümlədən Ermənistan tərəfindən transsərhəd cinayətlərin törədilməsi (Ermənistan ərazisindən radioaktiv tullantıların Araz çayına axıdılması çayın çirklənməsinə, canlı mikroorqanizmlərin məhvinə, əhalinin sağlamlığının itirilməsinə səbəb olur) onların törədilmə niyyətini və ziyan dairəsini tam əks etdirmir. Nəzərə almaq lazımdır ki, ətraf mühitə qarşı törədilən cinayətkar əməllər həm işğal vaxtı (məhz bu halda beynəlxalq humanitar hüququn normalarının tətbiq edilir), həm də dinc dövrdə törədilir. İşğal dövründə baş verənlərin yalnız mövcud beynəlxalq humanitar hüquq normaları çərçivəsində hüquqi dəyərləndirilməsi onların tam əsaslı tövsifindən yayınmasını qaçılmaz edir.

Bəlli olduğu kimi, burada bir qayda olaraq 1949-cu il Cenevrə konvensiyalarının müddəalarına müraciət olunur və ətraf mühitə vurulmuş ziyan müharibə cinayəti kimi qiymətləndirilir. Ətraf mühitə işğal dövründə ciddi ziyan vurulması bununla bağlı müstəqil cinayət tərkibinin formalaşdırılmasını zəruri edir. Bu cür cinayət tərkibinin beynəlxalq sənədlərdə olmaması, həmin tərkibin milli cinayət qanunvericiliyində formalaşmasını zəruri edir. Müəyyən olunduğu kimi, beynəlxalq cinayət məsuliyyəti komplementar xarakter daşıyır.

Odur ki, hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə ətraf mühitə vurulmuş geniş miqyaslı ziyanın real həcmini əks etdirən və bu əməllərin düzgün tövsifinin həyata keçirilməsinə zəmin yaradan “ekosid” adlı cinayət tərkibinin əlavə edilməsi zəruridir. Ekosid, ilk növbədə, beynəlxalq hüququn termini kimi qəbul edilməlidir, çünki birincisi, onu tənzimləyən normalar beynəlxalq normativ aktlardan qaynaqlanır, ikincisi, beynəlxalq təhlükəsizliklə bağlıdır. İlk dəfə olaraq “ekosid” anlayışı "Ətraf mühitə təsir vasitələrinin hərbi və ya hər hansı digər düşmənçiliklə istifadəsinin qadağan edilməsi haqqında" 1977-ci il tarixli Cenevrə Beynəlxalq Konvensiyasında təsbit edilmişdir.

Ekosidə aid digər müddəa 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əlavə olan 1977-ci il tarixli I Əlavə Protokolun 55-ci maddəsində “təbii mühitin hərbi əməliyyatların aparılması zamanı geniş yayılmış, uzunmüddətli və ciddi zərərdən qorunması” prinsipi formasında təsbit edilmişdir. Ekoloji təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsi olaraq elə bəşəriyyətin təhlükəsizliyi deməkdir.

Ekosid mahiyyətcə həyatın antitesizidir. Lakin hazırda “ekosid”in beynəlxalq-hüquqi normativ anlayışı yoxdur, yalnız doktrinal anlayışlar verilir (məsələn, R.Falk, M.Grey, N. Neyre, P.Higgins və d.). 2021-ci ildə “Stop ekosid” beynəlxalq fondunun dəstəyi ilə bir qrup beynəlxalq hüquqşünas alim tərəfindən ekosidin Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda beynəlxalq cinayətlərin beşinci növü kimi (təcavüz, soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri ilə yanaşı) müəyyən edilməsi haqqında müraciət hazırlanmışdır. Ekosidin avtonom beynəlxalq cinayət kimi Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əlavə edildiyi təqdirdə bu cinayətə görə beynəlxalq mühakimə tətbiq oluna biləcək. Bununla da genişmiqyaslı ekoloji fəlakətə səbəb olan hərəkətlər (hərəkətsizlik) sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən beynəlxalq cinayət kimi qiymətləndiriləcək.Doktrinada ekosidin beynəlxalq cinayət statusunda tanınmasının iki halı mövcuddur:

1) Ekosidin insanlıq əleyhinə olan cinayətlərin sisteminə daxil edilməsi təklif olunur. Bu Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinin 1-ci hissəsinin əsasında “hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər” kimi P. Merts, V.Kabanes, Y.Galliard kimi alimlər tərəfindən əsaslandırılır;

2) Ekosidi beynəlxalq cinayətlərin müstəqil bir növü kimi tanımaq təklif olunur. Hələ 2010-cu ildə P.Higgins BMT-nin Beynəlxalq Hüquq Komissiyasına ekosid cinayətini beynəlxalq cinayətlərin sırasına daxil etməyi təklif etmişdir. Ekosidin avtonom beynəlxalq cinayət kimi normativ əsası olmasa da hazırda sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən müstəqil cinayət növü kimi bir sıra dövlətlərdə kriminallaşdırılıb. Məsələn, Vyetnam, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Rusiya, Qırğızıstan, Qazaxıstan və s. (Ecocide Crimes in Domestic Legislation. URL: http:// eradicatingecocide.com/wp-content|upliads/2012/06/Ecocide-National-Criminal-Codes1.pdf)Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (28-ci fəsil) müxtəlif ekoloji cinayətlərə görə məsuliyyət müəyyən olunduğu halda, təəssüf ki, ümumilikdə sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən və genişmiqyaslı ekoloji fəlakətə səbəb olan əməl “ekosid” kimi kriminallaşdırılmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi tərəfindən “ekosid” cinayəti kimi qiymətləndirilə biləcək əməl yalnız müharibə cinayətlərinin sistemində “ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma” kimi ifadə olunur (mad.116.0.2).

Bir sıra xarici dövlətlərin, o cümlədən Rusiya Federasiyası (mad.358), Qazaxıstan (mad.169), Qırğızıstan (mad.409) və s. ölkələrin cinayət qanunvericiliklərində ekosid sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməl kimi təsbit edilib. “Ekosid” cinayətinin beynəlxalq cinayətlərin müstəqil bir növü və ya müharibə cinayətlərinin tərkib hissəsi olub-olmamasını mübahisələndirməyərək hesab edirik ki, milli cinayət qanunvericiliyində olan bu boşluq aradan qaldırılmalıdır.

Beləliklə “ekosid”in müstəqil cinayət növü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin VII bölməsinə daxil edilməsi ona avtonom cinayətlərin statusunun tətbiqini şamil edəcək. Bundan başqa, ekosid cinayətinə görə hüquqi şəxslərin də məsuliyyəti müəyyən olunmalı və əlavə olunması təklif olunan 104-1-ci maddə Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində göstərilən əməllərin siyahısına daxil edilməlidir. Özü-özlüyündə isə tərəfimizdən təklif edilən 104-1-ci maddə 116.0.2-ci maddəyə münasibətdə ümumi və xüsusi norma kimi qəbul edilməlidir.Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı fəslinə (Sülh və insanlıq əleyhinə cinayətlər) 104-cü maddədən (Soyqırımın törədilməsinə təhrik etmə) sonra aşağıdakı məzmunda yeni bir 104-1-ci maddənin əlavə edilməsini təklif edirik:

“Maddə 104-1 EkosidFlora, fauna və ya digər bioresursların kütləvi məhv edilməsi, atmosferin, torpaq və su ehtiyatlarının zəhərlənməsi, habelə ekoloji fəlakətə səbəb olan və ya belə fəlakətin baş verməsi təhlükəsi yaradan digər əməllər törətmə -...................... ildən ............. ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

“Urbisid” cinayəti üzrə

Azərbaycan torpaqlarının 30 illik işğalı nəticəsində qədim tarixə malik olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər şəhərləri və bir sıra digər yaşayış məntəqələri Ermənistan tərəfindən yer üzündən silinmişdir. Bu cür əməllərin müharibə cinayəti kimi tövsif edilməsi onların ictimai təhlükəsini sarsıtmış olur. Ermənistan tərəfindən işğal müddətində şəhərlərin, şəhər tipli qəsəbələrin, digər böyük yaşayış məntəqələrinin, onların infrastrukturlarının, qədim memarlıq abidələrinin, məzarlıqların, tarixi, dini, mədəni abidələrin məhv edilməsi bir məqsədlə törədilib: doğma dədə-baba torpaqlarından didərgin düşmüş əhalinin həmin yaşayış yerlərinə qayıtmasını mümkünsüz etmək, müəyyən zaman keçdikdən sonra onların bu yerlərdə qədimdən yaşadıqlarını inkar etmək. Odur ki, bu əməlləri tam əhatə edən cinayət tərkibinin gündəmə gəlməsi labüddür.

Hazırda beynəlxalq müstəvidə “urbisid” kimi yeni bir cinayət tərkibinin müzakirəsi geniş vüsət almaqdadır.

Soyqırım (genosid) termininə bənzər yaranmış urbisid (“urbs” – şəhər və “caedo” – “öldürürəm” sözlərinin birləşməsi) şəhərin qəsdən dağıdılmasını, məhv edilməsini ifadə edir.

“Urbisid müasir müharibələrdə şəhər mühitinin canlılığını, əhalisinin davamlılığını və şəhərsalma sahəsinin məhv edilməsini nəzərdə tutan cinayətdir” (tanınmış ingilis sosioloqu Martin Şounun “Şəhərin yeni müharibələri: urbisid və soyqırımı” kitabından).

“Urbisid” termini hüquqi cəhətdən nisbətən yeni termin olsa da (əsasən keçən əsrin 90-cı illərinin əvvəlində Yuqoslaviya hadisələrində Dubrovnik, Vukovar, Mostar, Sarayevo kimi şəhərlərin dağıdılması ilə əlaqədar), tarixdə dəfələrlə belə hadisələr baş vermişdir. Romalılar tərəfindən Karfagenin yerlə-yeksən edilməsi, İkinci Dünya Müharibəsi zamanı Polşanın Varşava şəhərinin, Almaniyanın Drezden şəhərinin, Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinin bombalanması - ətrafdakı hər şeyin bilərəkdən məhv edilməsi məqsədini daşıyırdı. Suriyada baş verən silahlı münaqişələr nəticəsində qədim tarixə malik olan Hələb şəhəri ciddi dağıntılara məruz qalmışdır. Hələb şəhərinin qəsdən dağıdılması bəzi alimlər (Robert Templer və Əl-Hakam Şaar) tərəfindən urbisid kimi qiymətləndirilmişdir.

Slobodan Miloseviçə qarşı beynəlxalq tribunal tərəfindən digər ittihamlarla yanaşı “Vukova şəhərinin mənasız olaraq dağıdılması” ittihamı irəli sürülmüşdür.

İşğaldan əvvəl 50 mindən çox əhalisi olan Ağdam şəhəri hələ 2008-ci ildə “Lonely Planet” jurnalı tərəfindən “Qafqazın Hirosiması” adlandırılmış, 2010-cu ildə isə Əl-Cəzirənin internet nəşri Ağdamı “ruhlar şəhəri” siyahısına salmışdır.

BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə Ağdamın işğalını qəti şəkildə pisləyən və Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 853 saylı qətnamənin qəbul edilməsinə baxmayaraq işğalçı Ermənistan buna məhəl qoymamışdır. İşğal nəticəsində Ağdam şəhərində və kəndlərdə bütün yaşayış evləri, ictimai binalar, məktəblər, uşaq bağçaları, xəstəxanalar, istehsalat müəssisələri, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar talan edilmiş, dağıdılmış və yandırılmışdır. İşğal zamanı Ağdam şəhərində yerləşən Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musaoğlu günbəzi (1314-cü il), Kəngərlidəki (XIV əsrin yadigarı) türbə və daş abidələr, Papravənddəki XVII əsrdən qalan Xanoğlu türbəsi, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə, Şahbulaq qalası kimi tarixi-memarlıq abidələri dağıdılmışdır.

Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasəti nəticəsində Azərbaycan Respublikasının 12 min kvadrat kilometrlik ərazisində ümumilikdə 900 yaşayış məntəqəsi, 150 min yaşayış evi və mənzil, 7093 ictimai bina, 1107 təhsil müəssisəsi, 855 uşaq bağçası, 521 tibb müəssisəsi, 4 sanatoriya-müalicə kompleksi, 2 000 km qaz xətti, 7568 km su xətti, 34 paylayıcı qurğu, 76 940 elektrik xətti, 5198 km avtomobil yolları, 348 ədəd körpü, 28 980 km kabel-kanalizasiya qurğuları, Azərbaycan Dəmir Yollarının Yevlax-Ağdam-Xənkəndi, İmişli-Mincivan-Ağbənd və digər sahələrinin ümumilikdə 325,8 km hissəsi, bu sahələrdə olan stansiya binaları, dispetçer məntəqələri məhv edilmiş, 2389 sənaye obyekti dağıdılmış, yararsız hala salınmış və qarət edilmişdir.

Hazırda “urbisid” kimi tövsif edilə biləcək tərkibin müəyyən elementləri yalnız silahlı münaqişələr zamanı mülki obyektlərin qorunması ilə bağlı məsələləri “Quruda müharibə qanunları və adətləri haqqında” 18 oktyabr 1907-ci il tarixli Haaqa Konvensiyası, “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyası (IV Konvensiya), Cenevrə Konvensiyalarına 8 iyun 1977-ci il tarixli Əlavə Protokollar, 14 may “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası, Haaqa Konvensiyasına 14 may 1954-cü il və 26 mart 1999-cu il tarixlərində əlavə edilmiş iki Protokol və bir sıra digər beynəlxalq sənədlərlə tənzimlənir.

Bundan başqa “Quruda müharibə qanunları və adətləri haqqında” 18 oktyabr 1907-ci il tarixli IV Haaqa Konvensiyasının 23-cü maddəsinin “j” bəndində göstərilir ki, “düşmən əmlakını məhv etmək və ya ələ keçirmək, əgər bu cür məhv və ya ələ keçirmə hərbi zərurətdən irəli gəlmirsə” qadağan olunur.

“Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il Cenevrə Konvensiyasının 53-cü maddəsində bu daha geniş təsvir edilmişdir: “İşğalçı dövlət tərəfindən ayrı-ayrı şəxslərin və ya dövlətin, icmaların yaxud ictimai və ya kooperativ təşkilatların fərdi və ya kollektiv mülkiyyətdə olan hər hansı bir daşınar və ya daşınmaz əmlakın hərbi əməliyyatlar üçün zərurət olmadan məhv edilməsi qadağan edilir”. Konvensiyanın 147-ci maddəsi hərbi zərurət olmadan qanunsuz, əsassız və geniş miqyasda dağıntıların aparılmasını və mülki şəxslərin əmlakının mənimsənilməsini Konvensiyanın ciddi pozuntusu kimi qiymətləndirir.

Müasir beynəlxalq hüquq beynəlxalq humanitar hüququn pozulmasına görə həm silahlı münaqişə tərəfləri olan dövlətlərin, həm də yüksək hərbi komandanlığa daxil olan ayrı-ayrı şəxslərin məsuliyyət daşıdıqlarını bəyan edir. Beynəlxalq humanitar hüquq normalarının pozulmasına yol vermiş dövlətin cəzalandırılması ilk növbədə “kvazi-mülki” sanksiyaların tətbiq olunmasını nəzərdə tutur. Bu sanksiyalar dövlətlərin üzərinə vurduqları ziyana görə təzminat ödəmək öhdəliyi qoyur. İlkin olaraq 1907-ci ildə Haaqa hüququ ilə nəzərdə tutulmuş bu məsuliyyət forması Cenevrə hüququnda da (1977-ci il I Əlavə Protokolunda) eynilə təkrar olunur. I Əlavə Protokolun 91-ci maddəsi Konvensiyanın və ya Protokolun müddəalarını pozan münaqişə tərəfinin üzərinə vurulmuş ziyanı ödəmək öhdəliyini qoyur və onun silahlı qüvvələrinə daxil olan şəxslərin bütün əməllərinə görə məsuliyyət daşıdığını vurğulayır.

Eyni zamanda beynəlxalq humanitar hüquq normalarına görə, müharibə cinayəti törətmiş və ya törədilməsi barədə əmr vermiş ayrı-ayrı şəxslər öz hərəkətlərinə görə fərdi cinayət məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində faktiki olaraq qismən urbisid cinayəti kimi qiymətləndirilən əməllər, ekosid cinayətində olduğu kimi, yalnız müharibə cinayətlərinin tərkib hissəsi kimi 116-cı maddə ilə (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) məsuliyyət yarada bilər. Bunların sırasına “mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə” (mad. 116.0.1.); “hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə” (mad. 116.0.6.); “müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə” (mad. 116.0.6.); “hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə” (mad. 116.0.8.); “dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və ya mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə” (mad. 116.0.12.) əməllərini daxil etmək olar.

Beləliklə, təəssüf ki, nə beynəlxalq hüquq normalarında, nə də heç bir dövlətin (o cümlədən şəhərləri dağılaraq məhv edilmiş dövlətlərin) qanunvericiliyində urbisid müstəqil cinayət kimi təsbit edilməmişdir. Urbisid cinayəti yalnız beynəlxalq humanitar hüquq normalarının və bəzi hallarda müharibə cinayətlərinin tərkib hissəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyi də hələ ki bu mövqedədir.

Qeyd etmək zəruridir ki, Azərbaycan şəhərlərinin məhv edilməsinin fərqli xüsusiyyəti var:

bizim şəhərlər (Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və digərləri) Varşava, Dubrovnik, Sarayevo və s. şəhərlərdən fərqli olaraq tank döyüşlərinin və ya havadan bombalanmanın nəticəsində deyil, 1994-cü il 14 may tarixindən sonra, yəni “atəşkəs” haqqında razılıq əldə olunduqdan sonrakı işğal dövründə qəsdən planlı şəkildə Ermənistan tərəfindən tamamilə dağıdılıb, bütün kommunikasiya və infrastrukturları ilə birgə tamamilə məhv edilmişlər. Misal olaraq göstərilən Avropa şəhərlərindən fərqli olaraq işğal altında olan Azərbaycan şəhərləri 100% dağıdılmışdır, yəni tamamilə məhv edilmişlər. Ən çox dağılan şəhərlərdən olan Mostarda binaların 90%-dən çoxu dağıdılmışdı. Məsələn, müqayisə üçün: Ağdamda hətta bir dağıdılmamış bina qalmamışdır. Urbisidə məruz qalan Azərbaycan şəhərlərinin əhalisi Ermənistan tərəfindən işğal zamanı qismən həlak olmuş, qalan hissəsi isə qanuni yaşayış yerlərindən didərgin salınmış və 30 ilə yaxın məcburi köçkün statusunda yaşamışlar. Digər urbisidə məruz qalmış şəhərlərdən fərqli olaraq, Azərbaycan şəhərlərində işğaldan sonra dinc əhalinin yaşaması yalnız bu şəhərlər dövlət tərəfindən bərpa edildikdən və dinc əhalinin təhlükəsizliyi təmin olunduqdan sonra mümkün olacaqdır.

“Urbisid”in Azərbaycanda törədilməsinin fərqli xüsusiyyətlərini nəzərə alaraq, hesab edirik ki, bu əməlin müstəqil cinayət növü kimi kriminallaşdırılması zəruridir.

Bu nöqteyi nəzərdən çıxış edərək təklif edirik ki, urbisid sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməl kimi kriminallaşdırılmalıdır. Urbisid cinayətinin avtonom xarakterini nəzərə alaraq, təklif edirik ki, bu cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin VII bölməsində 16-cı fəsildə (Sülh və insanlıq əleyhinə cinayətlər) təsbit olunsun.

Urbisid cinayətinə görə hüquqi şəxslərin də məsuliyyəti müəyyən olunmalı və 104-2-ci maddə Cinayət Məcəlləsinin 99-4.5-ci maddədə göstərilən əməllərin siyahısına daxil edilməlidir.

Özü-özlüyündə isə əlavə olunan 104-2-ci maddə 116-cı maddənin müəyyən bəndlərində məsuliyyəti müəyyən edilən əməllərə münasibətdə ümumi və xüsusi norma kimi çıxış edəcək.

Soyqırım və ekosid cinayətləri ilə mahiyyətcə, ictimai təhlükəliliyinin xarakteri ilə oxşar olan urbisid cinayətinə görə məsuliyyət normasını Cinayət Məcəlləsinə əlavə olunan 104-2 maddədə aşağıdakı məzmunda təklif edirik:

“Maddə 104-2. Urbisid

Əhalinin yaşayışını mümkünsüz etmək məqsədilə qəsdən geniş miqyaslı dağıntılar, söküntülər törətmə nəticəsində şəhərin yaşayış və qeyri-yaşayış binalarını, kommunikasiya xətlərini və yaşayış üçün vacib olan digər infrastruktur obyektlərini tamamilə məhv etmə -

................. ildən .................... ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

Oxşar xəbərlər