Azərbaycanda korrupsiyaya qarşı effektiv vasitə kimi maliyyə cərimələri təklif edilir


  • 16:09

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsində rüşvət alma cinayəti əsasən azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Hazırkı qanunvericilik rüşvət alma üçün sadə halda 4-8 il azadlıqdan məhrumetmə, ağırlaşdırıcı hallarda 5-10 il azadlıqdan məhrum etmə və xüsusilə ağır hallarda 8-12 il azadlıqdan məhrum etmə cəza çərçivələrini müəyyən edir.

Yaxın qonşumuz olan Rusiya 04.05.2011-ci ildə qəbul etdiyi №97-ФЗ qanunu ilə rüşvət cinayətlərinə yanaşmada əhəmiyyətli dəyişiklik etdi. Yeni sistem rüşvət alma məbləğinə görə sadə halda rüşvət məbləğinin 25-50 misli cərimə, əhəmiyyətli miqdarda rüşvət alma üçün rüşvət məbləğinin 30-60 misli cərimə, ağır halda rüşvət məbləğinin 40-70 misli cərimə və xüsusilə ağır halda rüşvət məbləğinin 60-80 misli cərimə mexanizmini təqdim edir. Rüşvət vermə üçün isə sadə halda rüşvət məbləğinin 5-30 misli cərimə, ağır halda rüşvət məbləğinin 10-40 misli cərimə, xüsusilə ağır halda rüşvət məbləğinin 70-90 misli cərimə nəzərdə tutulmuşdur. Bu sistemin əsas üstünlükləri ondadır ki, əmələ görə mütənasib cəza verilir, yəni cəza rüşvətin miqdarı ilə birbaşa əlaqələndirilir, dövlət büdcəsinə əlavə gəlirlər daxil olur və cərimə ödəyənlər həbsxanaya daxil olmadığından dövlət büdcəsində məhbusların saxlanılması xərcləri azaldılır.

Beynəlxalq təcrübədə bu mexanizm geniş tətbiq edilir. Belə ki, Almaniyada rüşvət alma cinayətinə görə sadə halda 2 il həbs və ya cərimə, ağır halda isə 6 ay - 10 il həbs və ya böyük miqdarda cərimə nəzərdə tutulmuşdur. Böyük Britaniyada da cərimə məbləği rüşvətdən əldə olunan faydaya görə hesablanır.

Beynəlxalq təşkilatların bu sahədə bir sıra tövsiyələri mövcuddur. BMT-nin korrupsiya əleyhinə Konvensiyası (UNCAC) tələbi budur ki, cəzalar cinayətin ağırlığını əks etdirməlidir, maliyyə sanksiyaları effektiv olmalıdır və əmlakın müsadirəsi mütləq tətbiq edilməlidir.

Avropa Şurasının tövsiyələri isə ondan ibarətdir ki, həbs və maliyyə cəzalarının kombinasiyası olmalıdır, cərimələr rüşvət cinayətinin qarşısını alıcı təsir göstərməlidir, dövlət vəzifələrindən kənarlaşdırma nəzərdə tutulmalıdır.

Azərbaycan Respublikasının hazırkı cinayət qanunvericiliyində rüşvət cinayətlərinə görə əsasən azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş olsa da, beynəlxalq təcrübə və iqtisadi səmərəlilik baxımından bu sistemə alternativ mexanizmlərin əlavə edilməsi zərurəti yaranmaqdadır. Rusiya Federasiyası və digər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, rüşvət məbləğinin miqdarına uyğun maliyyə cərimələrinin tətbiqi həm rüşvət almanın daha səmərəli qarşısını almaq mexanizmi, həm də dövlət büdcəsi üçün əlavə gəlir mənbəyi ola bilər. Təqdirə layiq haldır ki, cinayət məcəlləsinin 312-ci maddəsində rüşvət vermə cinayətləri üçün göstərilən cərimə mexanizmi mövcuddur, lakin burada verilən rüşvətin misli ilə cərimə yox, standart məbləğdə cərimələr nəzərdə tutulmuşdur.

OECD (Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Korrupsiya Əleyhinə Konvensiyasının 3-cü maddəsinə əsasən, korrupsiya cinayətləri "səmərəli, mütənasib və qarşısını alıcı" cəzalarla cəzalandırılmalıdır.

Korrupsiyanın ümumi iqtisadi zərəri ilə bağlı beynəlxalq tədqiqatlar göstərir ki, qlobal ÜDM-nin (ümumi daxili məhsul) 2%-i korrupsiyaya görə itirilir (3,6 trilyon dollar), bir ölkədə korrupsiyanın 1 bənd azalması ÜDM artımını 0,13% artırır və adam başına düşən ÜDM 425 dollar artır. Bu göstəricilər korrupsiya əleyhinə səmərəli tədbirlərinin ölkə iqtisadiyyatına böyük faydalar gətirdiyini sübut edir.

Təklif olunan mexanizmin maliyyə, hüquqi və ictimai üstünlükləri vardır. Maliyyə səmərəliliyi ondan ibarətdir ki, həbsxana sistemində yükün azalmasına görə dövlət büdcəsinin xərcləri azalır, сərimə ödəmələrindən əlavə vəsaitlər büdcəyə daxil olduöuna görə büdcə gəlirləri artır və həbsxana yerlərində sıxlıq azaldığına görə resurs optimizasiyası baş verir.

Hüquqi səmərəlilik ondan ibarətdir ki, rüşvət miqdarına görə cəzanın müəyyənləşdirilməsi mütənasib cəza verilməsini təmin edir, hər konkret halın xüsusiyyətləri nəzərə alındığna görə fərdiləşdirmə həyata keçirilir və OECD və UNCAC (BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası) beynəlxalq standartlarına uyğunluq yaranır.

İctimai səmərəlilik isə ondan ibarət olur ki, cinayət törədən şəxslər cərimə ödədiklərinə görə cəmiyyətdən təcrid olunmurlar, onlar öz ailələrinin yanında qaldıqları üçün onun ailələsi problemlərlə qarşılaşmır və buna görə də məhbusların ailələrinə bəzi hallarda edilən sosial yardımlar azalmış olur.

Lakin bu sistemin tətbiqində potensial risklər də qiymətləndirilməlidir. Elə olmamalıdır ki, "Satınalma" riski, yəni xırda cərimələr tətbiq edilməklə rüşvət alma cinayətini törədən şəxslərin azadlıqda qalması halı baş verməsin. Buna görə isə yüksək əmsallar tətbiq edilməlidir. Əgər rüşvət miqdarının minimum 5-10 misli miqdarında cərimə, vəzifəli şəxsin vəzifədən uzaqlaşdırması, onun bəzi hüquqlarının məhdudlaşdırılması və böyük miqdarda rüşvətlər üçün qanunda mütləq həbs komponenti nəzərdə tutulsa bu, daha effektiv nəticələr vermiş olar.

Cəmiyyətin indiki halında ödəmə qabiliyyəti də nəzərə alınmalıdır. Ona görə də yaxşı olardı ki, bu sustemin tətbiqi üçün ilk mərhələdə orta əmsallardan başlayaraq tədricən artırm həyata keçirilsin, şəxsin maddi vəziyyətini nəzərə almaqla hər bir hala fərdi yanaşılsın və alternativ mexanizmlər, məcələn əmlak müsadirəsi, əmək məcburiyyəti və s. nəzərdə tutulsun.

Lakin nəzərə almaq vacibdir ki, rüşvət almağa görə cərimələrin tətbiq edilməsi və şəxsin azadlıqdan məhrum edilməməsi korrupsiyanı "qanuniləşdirə" bilər. Bunun qarşısını almaq üçün isə media və vətəndaş cəmiyyətinin rolü artırılmalı, ciddi ictimai qınaq, şəffaflıq, yəni cəzaların ictimai elanı həyata keçirilməli və dövlət qulluğunda etik standartların gücləndirilməsi ilə məsuliyyət mədəniyyəti artırılmalıdır.

Yuxarıda göstərilənlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə aşağıdakı əlavələr edilməsini təklif edərdim:

- Maddə 311.1-ə əlavə:"...rüşvət məbləğinin 3-5 misli həcmində maliyyə cəriməsi"

- Maddə 311.2-yə əlavə:"...rüşvət məbləğinin 5-8 misli həcmində maliyyə cəriməsi"

- Maddə 311.3-ə əlavə:"...rüşvət məbləğinin 8-10 misli həcmində maliyyə cəriməsi və azadlıqdan məhrum etmə".

Bu mexanizm isə dövlətə vurulmuş zərər tam ödənildiyi halda, təqsirli şəxsin təqsirinin tam etirafı və səmimi peşmançılıq halında, yalnız ilk dəfə rüşvət alan şəxslərə tətbiq edilməlidir.

Eyni zamanda bu halda müəyyən məhdudiyyətlər də nəzərdə tutulmalıdır. Belə ki, 50.000 AZN-dən yuxarı rüşvət alınma halında, rüşvətxorluq sxeminin təşkilatçıları üçün, əvvəllər məhkum olmuş şəxslər üçün və əməl ağır ictimai nəticələrə səbəb olan hallarda cərimə alternativ olmamlıdır.

OECD-nin 2024-cü il hesabatına görə, Qazaxıstan 2014-cü ildə oxşar islahat keçirmiş və müsbət nəticələr əldə etmişdir. Qazaxıstan qanunvericiliyində cərimə məbləği rüşvət miqdarına bağlanılmış, ömürlük vəzifə qadağası tətbiq edilmiş və bu cinayətlərdə şərti cəzalar aradan qaldırılmışdır. Nəticədə həmin dəyişikliklərdən sonra 2023-cü ildə hər 10 işdən 8-i cərimə ilə bitmiş, yüksək vəzifəli şəxslər arasında rüşvət alma halları yox olmuşdur.

Azərbaycan Respublikasının rüşvət əleyhinə qanunvericiliyinə maliyyə cərimələri mexanizminin daxil edilməsi həm beynəlxalq standartlara uyğunluq, həm də ölkə üçün iqtisadi faydalar baxımından məqsədəmüvafiqdir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin birinci yarımili üzrə hesabatına görə Baş İdarə tərəfindən 113 şəxs barəsində 72 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 85 şəxs barəsində 54 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.

Penitensiar xidmətin adından mətbuatda səslənən fikirlərı görə Azərbaycanda bir məhbusun illik saxlanma xərci 7000-8000 manat aralığındadır. Belə olan halda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsin 2025-ci ilin birinci yarımili üzrə edilən hesabatında göstərilən 113 şəxs məhkum olunan halda onların cəzaçəkmə müəssilərəində illik saxlanma xərcləri 800.000-900.000 manat təşkil edəcəkdir. Bu rəqəmlər yarımillik hesabatı əhatə etdiyindən ilin yekununa görə ikiqat arta bilər. Cinayət Məcəlləsinin 311-ci maddəsinin sanksyiasına görə rüşvət alma cinayətinə görə 4-12 il arasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan orta həbs müddəti 8 il götürülərsə həmin 113 məhbusun cəzaçəkmə müddətində ümumi saxlanma xərci 6.400.000 – 7.200.000 manat təşkil edəcəkdir.

Təklif olunan rüşvət cinayətlərinə görə maliyyə cərimələri mexanizminin qəbul edilməsi məsələsi qanunvericilik səviyyəsində reallaşarsa dövlət büdcəsi illik 1,5-2,0 milyon manat xərcdən azad olunmaqla yanaşı əlavə olaraq dövlət büdcəsinə cərimə ödənişləri hesabına ildə milyonlarla manatdan artıq vəsait daxil olmuş olar. Lakin bu mexanizmin aşağıdakı prinsiplərlə tətbiq edilməsi uğurlu olardı:

1. Tədricən tətbiq: İlk mərhələdə orta əmsallarla, təxminən rüşvət məbləğinin 3-5 misli miqdarında tətbiqi;

2. Güclü nəzarət: Məhkəmə təcrübəsinin monitorinqi aparılmalı;

3. Kombinə yanaşma: Böyük rüşvətlər üçün həbs və cərimənin kombinasiyası nəzərdə tutulması;

4. Əlavə sanksiyalar: Vəzifədən uzaqlaşdırma, hüquqların məhdudlaşdırılması həyata keçirilməli;

5. İctimai şüur: Antikorrupsiya təbligatı, ictimai qınaq şəraiti gücləndirilməli.

Şəxsi qənaətimə görə, təklif olunan rüşvət cinayətlərinə dair əməllərlə bağlı cinayət məcəlləsinə maliyyə cərimələri mexanizminin daxil edilməsi müsbət maliyyə, hüquqi, ictimai və beynəlxalq nəticələrə səbəb olar. Belə ki, dövlət büdcəsinə əlavə 50-100 milyon AZN gəlir gələr, cəzaların fərdiləşdirilməsi və səmərəliliyi həyata keçirilər, korrupsiyaya qarşı cəmiyyətin mövqeləri sərtləşər və beynəlxalq OECD və UNCAC standartlarına uyğunluq baş verər.

Eldar Əliyev

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər