Vətən müharibəsində qazanılmış qələbənin təməli 15 iyunda qoyuldu


  • 14 İyun 11:23


“Mənim həyatım da, fəaliyyətim də
yalnız Azərbaycanın müstəqilliyinin
qorunub saxlanmasına, ölkəmizin bu ağır
vəziyyətdən çıxmasına həsr olunacaqdır”.
Heydər Əliyev

Azərbaycan tarixində unudulması mümkün olmayan 15 İyun günü illər, əsrlər ötdükcə araşdırma, müzakirə mövzusu olacaqdır. 15 İyun günü xalqımız üçün sadəcə təqvim bayramı deyil, Azərbaycan xalqının vətəndaş müharibəsindən, dövlətimizin süquta uğramasından və vətənimizin parçalanmadan qurtulduğu gündür. Bu tarixi yaradan isə böyük idarəçilik təcrübəsi olan, həmişə xalqına güvənən, igid oğul və qızlarımızın qanı bahasına qazanılmış müstəqilliyimizin qorunub saxlanmasnda, əbədiyyətə çevrilməsində müstəsna rol oynayan Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevdir.

Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü il iyun ayının 9-da xalqımızın səsinə etinasız qalmayaraq Bakıya gəlməklə, dövlətçiliyin və vətəndaş müharibəsi təhlükəsinin qarşısını almış oldu...

1991-ci il oktyabrın 18-də müstəqilliyini elan edən Azərbaycanın ərazilərinin davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu kimi bəlalardan xilas edə biləcək liderə ehtiyac olduğunu şərtləndirirdi.

İkinci dəfə müstəqillik qazanmış Azərbaycan Respublikası qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə yaranmış hakimiyyət böhranı 1993-cü ilin iyununda kuliminasiya həddinə çatdı. O dövrdə hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün təhlükə yaratdılar.

Ümummilli Lider Heydər Əliyev o günləri xatırlayarkən demişdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

O dövrü xatırlayaraq deyə bilərik ki, 1993-cü ilin əvvəllərindən respublikamızda fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləyirdi. Mövcud vəziyyəti yoluna qoymaq üçün hakimiyyətin atdığı addımlar heç bir müsbət nəticə vermədi. Belə bir zamanda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.

Bakıya gələndən dərhal sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi. Respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı.

Ümummilli Lider Heydər Əliyev Ali Sovetin sədri seçiləndən və prezidentin səlahiyyətlərini icra etməyə başladığı gündən etibarən bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Yekdilliklə prezident seçiləndən sonra isə atdığı ilk mühüm addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması oldu. Sonrakı illərdə onun təşəbbüsü və rəhbərliyi altında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı.

1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu. Həmçinin zəruri və vacib islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi.

Ümummilli Liderin hakimiyyətinin ilk illərində əldə etdiyi ən böyük uğur 1994-cü ilin mayında imzalanmış atəşkəs haqqında razılaşma oldu. Atəşkəsə Ermənistan qədər Azərbaycanın da ehtiyacı böyük idi. Silahlı Qüvvələrimizin yenidən qurulması, hərbi arsenalımızın müasirləşdirilməsi üçün zamana ehtiyacımız vardı. Heydər Əliyevin ordu quruculuğu istiqamətində başlatdığı iş sonralar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2020-ci ildə- Vətən müharibəsində qazanılmış zəfər məhz Heydər Əliyevin başlatdığı hərbi quruculuq işlərinin nəticəsi kimi öz təsdiqini tapdı...

1993-cü ilin oktyabrında Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra onun fəaliyyəti daha da genişləndi və Azərbaycan dövlətinin yeni əsaslar üzərində qurulmasının Heydər Əliyev dövrü başlandı.

Gərgin zəhmətin, siyasi kamilliyin və müdrikliyin sayəsində az vaxt ərzində Heydər Əliyev iflic vəziyyətə salınmış hakimiyyət maşınını yenidən hərəkətə gətirdi, idarə olunan dövlət icra strukturu yaratdı, etnik parçalanmaların qarşısına sipər çəkdi, dağılmış iqtisadiyyatın yenidən qurulmasına səfərbər etdi. Bütün bunlar Heydər Əliyevin böyük yaradıcılıq və təşkilatçılıq potensialının, gərgin fiziki əməyinin, siyasi qüdrətinin bəhrəsi idi və onun sağlamlığı bahasına əldə edilirdi.

Heydər Əliyev əqli qüdrətinin sayəsində Azərbaycanın neft strategiyası işlənib hazırlandı. Neft strategiyasının başlıca məqsədi Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının xalqın istifadəsinə verilməsi idi. Heydər Əliyev çox az vaxtda bu çətin və şərəfli vəzifənin öhdəsindən gəldi.

Heydər Əliyevin rəhbərliyi ilə xırda və orta dövlət müəssisələrinin özəlləşdirilməsinə və ölkədə sahibkarlığın inkişafına önəm verildi. Azərbaycan vətəndaşlarına 7,5 milyondan çox özəlləşdirmə payı verildi və ölkənin bütün əhalisi özəlləşdirmədə pulsuz iştirak etmək hüququ qazandı. Hərraclar təşkil edildi və 41 mindən çox müəssisə öz yeni sahibini tapdı.

Bu dövrdə aqrar islahatlar da böyük vüsət aldı. Müvafiq qanunlar qəbul edildi və həmin qanunlara uyğun olaraq ölkədə 850 mindən çox torpaq mülkiyyətçisi oldu.

Heydər Əliyevin siyasi qüdrəti sayəsində ölkədə azad vətəndaş cəmiyyəti formalaşdı. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və digər vətəndaş cəmiyyətlərinin sərbəst fəaliyyətinə önəm verildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində o illəri xatırlayaraq demişdir: “Bir sözlə, təhsilə, bütün başqa sahələrə göstərilən diqqət, onun fədakar əməyi və Azərbaycan xalqının müdrikliyi imkan verdi ki, Heydər Əliyev Azərbaycanın ən ağır günlərində öz xilaskarlıq missiyasını icra etsin. Əgər 1970-ci illərdə onun gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı,-1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı,-Azərbaycan xalqı ona müraciət etməzdi. Məhz o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində ona inam hissini saxlayırdı”.

Bir sözlə, Ümummilli Lider Heydər Əliyev özünün siyasi potensialının, zəngin dövlətçilik təcrübəsinin və dönməz iradəsinin sayəsində Azərbaycan Respublikasını fəlakətdən qurtararaq, qısa zamanda onu dünyanın ən sivil və demokratik dövlətləri sırasına çıxartdı.

Vüqar Sərdarov

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruq İdarəsinin Elmi-mədəni Mərkəzin direktor müavini

YAP Səbail rayon ərazi partiya təşkilatının sədri

Oxşar xəbərlər