- 8 İyul 12:06
“Təəssüf ki, məktəbəqədər təhsil müəssisələrində heç də həmişə səriştəli mütəxəssislər işləmir. Bəzən müəllimin uşağa qarşı fiziki zorakılıq tətbiq etdiyinin şahidi oluruq. Bu cür əməllər isə kamera görüntüsü ilə ictimailəşdirildikdən sonra hər hansı tədbir görülür”.
Bunu e-huquq.az-a açıqlamasında “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Cəmilə Ağayeva İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərilməsini əks etdirən görüntülərə münasibət bildirərkən deyib.
Vəkil bildirib ki, bu cür hallar baş verdikdə öncə problemi təhsil müəssisəsinin rəhbəri və psixoloqun iştirakı ilə həll etməyə çalışmaq lazımdır: “Nəticə əldə etmək mümkün olmadıqda isə döyülmə faktı ilə bağlı polisə və ya dərhal məhkəməyə müraciət edilməlidir. Ümumiyyətlə, uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılmasında bütün maraqlı tərəflər - təhsil ictimaiyyəti, yerli icra nümayəndəlikləri, inzibati orqanlar, qeyri-hökumət təşkilatları yaxından iştirak etməlidirlər”.
C.Ağayevanın sözlərinə görə, bu gün uşaqların hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsinə ehtiyac var: “Beynəlxalq təcrübədən istifadəni artırmaq, tətbiq olunan hər bir metodu və ya qanunvericilik maddəsini cəmiyyətimizin xüsusiyyətlərinə uyğunlaşdırmaq lazımdır. İlk olaraq Yuvenal Ədliyyə qanununun qəbulu məsələyə ciddi nəzarəti təmin etmiş olardı. Yuvenal ədliyyə tək yuvenal məhkəmələrin yaradılmasının deyil, həmçinin uşaqların müdafiəsinə yönəlmiş ayrı-ayrı sosial xidmətlərin yaradılmasını da ehtiva edir”.
Vəkil təhsil müəssisələrində zorakılıq hallarına qarşı qanunvericilikdə nəzərdə tutulan cəzaları da diqqətə çatdırıb: “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və 2014-cü ildə qəbul edilmiş müəllimlərin etik qaydalarında da konkret olaraq qəbul olunub ki, təhsil verənlər, təhsil alanlara qarşı nalayiq hərəkətlərə, ifadələrə yol verməməlidir. Bunu pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin, sonda isə əgər bu ciddi fiziki xəsarətlə nəticələnirsə, Cinayət Məcəlləsinin maddələri tətbiq oluna bilər. Tərbiyəçi tərəfindən uşağın döyülməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur”.
“Zorakılıq əməlləri xuliqanlıq motivləri ilə törədildikdə isə min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Milli, irqi və ya dini düşmənçilik, dini fanatizm motivləri ilə törədilmişdirsə, bu halda cəzanı ağırlaşdıran hallar da tətbiq olunur”, - deyə C.Ağayeva qeyd edib.
Xəyalə Bünyatova