Anar Bağırov: "Mübahisələrin həlli üçün alternativ yollar arasında arbitraj xüsusi rola malikdir"


  • 12 May 2023 10:50

"Mübahisələrin tez və səmərəli həllinin təmin edilməsi ölkənin investisiya mühitinin cəlbediciliyinə birbaşa təsir edən əsas amillərdəndir. Bu amil qiymətləndirilərkən həm dövlətin məhkəmə sisteminin səmərəliliyi, həm də dövlətin ona alternativ olaraq təklif etdiyi həll yolları nəzərə alınır. Mübahisələrin həlli üçün alternativ yollar arasında məhz arbitraj xüsusi rola və paya malikdir, çünki investorlara yaranacaq mübahisələrini öz seçimlərinə əsasən, istədikləri ölkədə, istədikləri forumda və istədikləri qaydalara uyğun olaraq birdəfəlik həll etmək imkanı verir. Bu səbəbdən iqtisadi baxımdan uğurlu siyasət yürüdən dövlətlər öz məhkəmə sistemini təkmilləşdirməklə bərabər, davamlı olaraq ona alternativ yollar da təklif edir, bu istiqamətdə əməli işlər görürlər, yəni, mübahisələrin alternativ həlli sistemini yaradırlar".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədrli Anar Bağırov deyib.

Onun sözlərinə görə, mübahisələrin səmərəli alternativ həlli sisteminin yaradılması üçün həm səmərəli hüquqi çərçivə, həm də institusional çərçivə olmalıdır.

"Hüquqi çərçivənin yaradılması üçün hər bir dövlət ilk növbədə daxili qanunvericiliyini, xüsusilə investisiya qanunvericiliyini apardığı iqtisadi və hüquqi siyasətə uyğun formalaşdırır, əlavə olaraq da konvensiyalar və digər beynəlxalq alətlər vasitəsilə onun tanınmasını təmin edir, investorların qeyd etdiyim sərbəst seçimlərini dəstəkləmiş olurlar. Azərbaycan Respublikası da apardığı investisiya siyasətinə uyğun olaraq həm məhkəmə sisteminə aid, həm də mübahisələrin alternativ həlli yollarına dair daxili qanunvericiliyini mütəmadi olaraq təkmilləşdirir. Eyni zamanda da Nyu-York Konvensiyası (1999-cu ildə) və Xarici ticarət arbitrajı haqqında Avropa Konvensiyası (1996-cı ildə) kimi vacib beynəlxalq alətlərə qoşularaq digər dövlətlərin də arbitraj sahəsində apardığı işlərin nəticələrini dəstəkləməkdədir. Məhz aparılan iqtisadi siyasətin və yaranmış daxili tələbatın nəticəsi olaraq, 20 ildən artıq formalaşmış arbitraj haqqında qanunvericiliyin yenilənməsi məsələsi aktuallaşmış və ümumiyyətlə arbitraja maraq və müraciət artıb. Qeyd etdiyim kimi, son illərin iqtisadi və hüquqi siyasətinə uyğun olaraq, həm ölkəmizin məhkəmə sistemi, həm də investisiya və arbitraj qanunvericiliyi təkmilləşdirilir. Cənab Prezidentin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli sahəsində müvafiq göstərişləri, ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqi, mübahisələrin məhkəmədənkənar həllinin genişləndirilməsi ilə əlaqəli göstəriş və tövsiyələr də qeyd olunan təkmilləşdirmə işlərinə start verən sənəd olub. Təkcə 2022-ci ildə qəbul edilmiş “İnvestisiya fəaliyyəti haqqında”, “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunlar buna bariz nümunədir. Bilavasitə arbitraja dair qanunvericiliyinin yenilənməsi istiqamətində də xeyli əməli işlər görülməkdədir və tezlklə arbitraj haqqında yeni qanunun da qəbul ediləcəyinə ümid edirəm", - deyə sədr qeyd edib.

A.Bağırov bildirib ki, Hüquqi çərçivənin səmərəliliyi üçün qanunvericilik sahəsində baş verən yeniliklərin ardınca institusional dəyişikliklər də tələb olunur: "İnkişaf etmiş abritraj sistemi ölkədə investorların maraqlarının qorunması üçün vacib olmaqla bərabər, dövlət məhkəmələrinin iş yükünü və xərclərini də azaltmaq üçün bir vasitədir. İnstitusional addımlar sırasına həm ölkəmizdə səmərəli daimi arbitraj institutunun yaradılması, həm də arbitraj sahəsində ixtisaslaşan hüquqşünasların, o cümlədən vəkillərin, habelə abritrların sayının və kvalifikasiyasının artırılması kimi vacib məsələlər daxildir".

Sədr Prezidentin adıçəkilən Fərmanının icrasını təmin etmək məqsədilə son illər ərzində vəkillərin peşə hazırlığı ilə bağlı bir sıra əməli tədbirlərin görüldüyünü diqqətə çatdırıb:

"Vəkillər üçün arbitraj və mübahisələrin digər alternativ həlli üsulları sahəsində müxtəlif təlim və seminarlar təşkil olunub, vəkillərin peşəyə buraxılış üzrə ilkin icbari təlim və vəkillərin davamlı tədrisi mərhələsində arbitraj, mübahisələrin məhkəmədənkənar alternativ həlli ilə bağlı mövzular tədris olunmağa başlanıb, arbitrların hazırlanması prosesinə də start verilib. Belə ki, Vəkillər Kollegiyasının bir sıra üzvləri Avropa İttifaqı və Ədliyyə Nazirliyinin birlikdə həyata keçirdiyi "Mübahisələrin Alternativ Həlli və İxtisaslaşdırılmış məhkəmələrin inkişafına əlavə dəstək" Layihəsi çərçivəsində keçirilmiş arbitrların ilkin təlimini uğurla bitiriblər. Bu sahədə işlərin daha sistemli şəkildə davam etdiriləcəyinə də ümid edirəm.

Vəkillər Kollegiyası və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə vəkillərimiz Toğrul Quluzadə və Şahlar Məmmədov tərəfindən “1958-ci il Nyu-York Konvensiyasının şərhinə dair Beynəlxalq Kommersiya Arbitraj Şurasının təlimatı” Azərbaycan dilinə tərcümə edilib. Arbitrajla bağlı Azərbaycan dilində keyfiyyətli hüquqi ədəbiyyatın sayının daha da çoxalacağına, bu sahədə də sistemli layihələrin həyata keçiriləcəyinə ümid edirəm.

Prezident Fərmanına uyğun olaraq yaradılan Mediasiya Şurasının həmtəsisçilərindən biri kimi çıxış etməklə Vəkillər Kollegiyası Mediasiya Şurasına hərtərəfli dəstək göstərməkdədir.

Habelə, 2022-ci ildə Kollegiyanın nəzdində biznes hüququ sahəsində ixtisaslaşan, təcrübəli vəkilləri bir arada birləşdirən Biznes Hüququ Komitəsi yaradılıb. Komitənin tərkibində, xüsusilə də mübahisələrinin həlli işçi qrupunda ölkənin biznes mübahisələrinin həlli, o cümlədən arbitraj sahəsində ixtisaslaşmış vəkillər yer almaqdadır. Gələcəkdə Vəkillər Kollegiyası, o cümlədən Biznes Hüququ Komitəsi vasitəsilə vəkillərin və ümumiyyətlə hüquqşünasların həm arbitr, həm də arbitraj vəkili bacarıqlarının artırılması istuqamətində əməli tədbirlər həyata keçirməyi planlaşdırır. Yeri gəlmişkən, Biznes Hüququ Komitəsi tərəfindən müxtəlif qanun layihələrinə dair rəylər, habelə biznesə, investisiya mühitinə aid məhkəmə işləri üzrə amicus curae və mütəxəssis rəyləri verilməkdədir. Bu sırada “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinə rəy verilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən daxil olmuş müraciətə cavab olaraq Komitənin tərtib etdiyi rəyi xüsusilə vurğulamaq istərdim".

A.Bağırov mübahisələrin alternativ həlli sahəsindəki hüquqi, institusional məsələlərin ətraflı müzakirəsi, biliklərinin paylaşılmasının faydalı olduğunu deyib. O, Vəkillər Kollegiyasının arbitraj institutuna və bu sahədəki təşəbbüslərə hər zaman dəstək olmağa hazır olduğunu vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər