Milli və beynəlxalq hüquq kontekstində müharibə cinayətlərinin mühakiməsi - RƏY


  • 15:18

Ermənistanın 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz yalnız silahlı münaqişə ilə məhdudlaşmamış, beynəlxalq hüququn qadağan etdiyi ağır cinayətlərlə müşayiət olunub. Sözügedən cinayət işləri sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və terrorçuluq kimi ən ağır hüquqi kateqoriyaları əhatə edir ki, bu da hadisələrin miqyasını və ictimai təhlükəlilik dərəcəsini açıq şəkildə göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ 2020-ci il Vətən müharibəsindən əvvəl dəfələrlə bəyan edib ki, Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin icraçıları və təşkilatçıları mütləq şəkildə ədalət mühakiməsinə cəlb olunacaq, günahsız qurbanların qanı yerdə qalmayacaq. Bu qətiyyətli mövqe dövlət siyasətinin əsas prioritetlərindən biri olub və bu gün praktiki nəticəsini tapıb.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

O bildirib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi vasitələrlə təmin etdikdən, sülhə xidmət edən yeni reallıqların beynəlxalq diplomatik müstəvidə təsdiqinə nail olduqdan sonra hüquqi müstəvidə – məhkəmə çərçivəsində ədalətin bərpası istiqamətində mühüm addımlar atıb: "Belə ki, Azərbaycan xalqına qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasını təmin edib. Bu, dövlətimizin ədalətin bərpası istiqamətində ardıcıl və prinsipial siyasətinin real nəticəsidir. Azərbaycan dünyada çox az saylı ölkələrdəndir ki, bütün siyasi və informasiya təzyiqlərinə baxmayaraq, müharibə cinayətlərində təqsirləndirilən şəxslərin məhkəmə qarşısına çıxarılması ilə ölkəmiz göstərmişdir ki, ədalət yalnız hərbi qələbə ilə deyil, hüquqi müstəvidə də təmin olunmalıdır. Eyni yanaşma Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın (ICTY) fəaliyyətində də tətbiq olunub. Bosniya müharibəsi zamanı Srebrenitsa soyqırımına görə mühakimə edilən şəxslər əhalinin məhv edilməsi, məcburi köçürmə, işgəncə və müharibə qanunlarının pozulmasına görə məsuliyyətə cəlb ediliblər. Tribunal bu cinayətləri beynəlxalq humanitar hüququn kobud pozuntusu kimi qiymətləndirib. Ruanda üzrə Beynəlxalq Tribunal isə terror xarakterli zorakılıq, soyqırımı və mülki əhaliyə qarşı sistemli hücumların dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirildiyi hallarda cinayət məsuliyyətinin qaçılmaz olduğunu təsdiqlədi. Burada da təşkilatlanmış silahlı qrupların yaradılması və maliyyələşdirilməsi ayrıca ağırlaşdırıcı hal kimi qiymətləndirildi".

Deputat qeyd edib ki, Bakıda baş tutan məhkəmə prosesi ilə bağlı Azərbaycan Respublikasına qarşı xaricdən ayrı-ayrı dairələr bu prosesə təsir göstərməyə və ədalətin bərqərar olmasına mane olmağa cəhd edib. Lakin Prezident İlham Əliyevin prinsipial mövqeyi və siyasi iradəsi bu təzyiqlərin heç birinin nəticə verməməsini təmin edib. Nəticədə hər hansı kənat müdaxilə olmadan Bakı Hərbi Məhkəməsində tam obyektiv şəraitdə işini ədalətli hökmün elanı ilə yekunlaşdırıb.

"İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insanlıq əleyhinə və müharibə cinayətləri, terrorçuluq, soyqırımı, təcavüzkar müharibənin aparılması, mülki əhaliyə qarşı ağır zorakılıq əməlləri, habelə dövlətin konstitusiya quruluşuna qarşı yönəlmiş cinayətlərə dair maddələri ilə ittiham olundular. Onlara qarşı irəli sürülən ittihamlar arasında soyqırımı, əhalinin məhvi və məcburi köçürülməsi, işgəncə, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, muzdlu döyüşçülərin cəlb edilməsi, müharibə qanun və adətlərinin, eləcə də beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması xüsusi yer tutur. İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi ədalətin təntənəsi olmaqla yanaşı, münaqişə və müharibələrin ədalətli və davamlı həlli üçün nümunəvi modeldir. Dünya təcrübəsi göstərir ki, münaqişələrin natamam həlli və müharibə cinayətkarlarının cəzasız qalması gələcəkdə yeni gərginliklərə və münaqişələrə zəmin yaradır. Keçmiş Yuqoslaviya münaqişəsindən sonra müharibə cinayətkarlarının bir qisminin məhkəmə qarşısına çıxarılması beynəlxalq ictimaiyyətin birgə səyləri nəticəsində mümkün olub. Azərbaycan isə bu istiqamətdə milli hüquq mexanizmlərinə əsaslanaraq, müstəqil və qətiyyətli mövqe nümayiş etdirib", - deyə R.Nəbiyev bildirib.

Deputat vurğulayıb ki, eyni zamanda hüquqi dəlillərlə sübut edilib ki, Ermənistan işğalçılıq siyasətini gizlətmək məqsədilə Qarabağ ərazisində qondarma rejim yaratıb, həmin rejimin rəhbər şəxsləri isə Ermənistan dövlətinin işğalçılıq, təcavüzkar müharibə siyasətinin əsas icraçılarından olub: "Məhkəmə prosesində səsləndirilən ifadələr və təqdim olunan faktlar bir daha təsdiq edib ki, Ermənistan hakimiyyəti Azərbaycan xalqına qarşı törədilmiş insanlıq əleyhinə və müharibə cinayətlərində həmiştirakçı olub və bu cinayətlərə görə Ermənistan dövləti məsuliyyət daşıdığı bir daha aydın olub. Təqsirləndirilən şəxslər sırasında keçmiş qondarma rejimin siyasi və hərbi rəhbərliyində təmsil olunan şəxslərin yer alması onu deməyə əsas verir ki, törədilmiş cinayətlər fərdi deyil, planlı və sistemli xarakter daşıyıb, təcavüzkar müharibənin hazırlanması və aparılması dövlət səviyyəsində təşkil olunub. Xüsusilə soyqırımı, müharibə qanun və qaydalarının kobud şəkildə pozulması, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi kimi ittihamlar bu cinayətlərin məqsədli və təşkilatlanmış formada həyata keçirildiyini göstərir. Levon Mnatsakanyanın etirafları qondarma rejim ordusunun müstəqil olmadığını, Ermənistan ordusunun tərkib hissəsi kimi fəaliyyət göstərdiyini, yüksək vəzifələrə təyinatların İrəvanda təsdiqləndiyini göstərib. Məhkəmədə Arkadi Arutyunyanın hərbi xidmətdə olması, Bako Saakyanın Şuşanın işğalında iştirakı ilə bağlı faktların da yayıldığı bildirilib".

R.Nəbiyev xatırladıb ki, İkinci Dünya Müharibəsindən sonra qurulan Nürnberq Tribunalı zamanı nasist Almaniyasının siyasi və hərbi rəhbərləri məhz təcavüzkar müharibənin planlaşdırılması və aparılmasına, mülki əhaliyə qarşı kütləvi zorakılıq aktlarına görə mühakimə olunublar: "Bu presedent göstərdi ki, hər hansı siyasi status bu cür cinayətlərə görə məsuliyyətdən azad etmir".

Deputat sonda vurlayıb ki, Azərbaycan Respublikası bundan sonra da beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq, müharibə və insanlıq əleyhinə cinayətlərin ifşası, günahkarların məsuliyyətə cəlb edilməsi və ədalətin təmin olunması istiqamətində ardıcıl siyasətini davam etdirəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər